İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərt olmasaq xeyri yoxdur

1522 14.05.2022 08:05 Yazarlar A A

“Adın nədir? Daşdəmir. Yumşalısan, yumşalı”

(ata sözü)

Dünənki yazımda antimonopoliya idarəsinin dövlət neft şirkətini cərimələməsini o qədər həyəcanla ifadə eləmişdim ki, qərarın axırıncı cümləsi yadımdan çıxmışdı. Orada isə lap belə yazılmışdı: “Neft məhsulları bazarında bu cür halların gələcəkdə aşkarlanacağı təqdirdə ən sərt tədbirlər görüləcəkdir”.

Canım üçün, elə “ən sərt tədbirlər” yazmışdılar. Bunu yazmağın mənası nədir?

Öncə onu qeyd edim ki, qərara qədər şəxsən mən ölkəmizdə bazar iqtisadiyyatının, hətta neft məhsulları bazarının olduğunu bilmirdim. Görünür bu bazar hardasa gizli bir mağarada yerləşir. O bazarın xırda filialı məhəlləmizdəki Məsmə arvadın dükanındadır. Orda lampa-çırağa doldurmaq üçün nöyüt satılır. Adı Məsmə birjasıdır.

İkincisi, sərt tədbir görməsən, dünyada heç kəsin işi aşmır. Məsələn, neçə müddət bəzi Avropa liderləri rus çarı Putinin qabağında əsim-əsim əsirdilər. Ukraynanı, başqa ətraf dövlətləri Putinə güzəştə getməyə çağırırdılar. Hətta deyirdilər Putinin siğəli arvadı Alina Kabayevanı sanksiya siyahısına salmayaq, yoxsa kişi lap hirslənər, təpəmizə atom bombası-zad atar. Ancaq bu qorxaq, qarabağlılar demiş, dızqax siyasətin axırı, nəticəsi, xeyri oldumu? Olmadı. Putin elə basa-basa torpaq almaqdadır. Bilinmir zalım oğlu bu boyda ərazini gözünün harasına soxacaqdır. Göz doymaq bilməzmi? A kişi, dünyadan gedəndə özünlə Kabayevanın corabını da apara bilməyəcəksən ey!

(Bu hissəni mən yutubda politoloq sifətində çıxışım üçün hazırlamışdım. Oxucularım tamaşaçılarımdan əskik deyil, bəlkə artıqdır fikirləşdim, bura yazdım).

Jirinovski batinkalarını Hind okeanında yuyurdu, axırı nə oldu? Xəstəxanada elə öldü, heç özünü kəfənləyib yuyan olmadı. Makedoniyalı İsgəndər öləndə bunu aparıblar basdırmağa, görüblər kişinin əli tabutdan qırağa çıxıbdır. Bir ağsaqqal məsləhət görüb, deyib bunun əlinə Masazırda 5 sot torpağın sənədini verin, yoxsa qolu qatdanmayacaq. Belə müdrik əhvalatları çox bilirəm, ancaq mövzudan yayınmayaq.

Nəhayət, bugünlərdə Britaniya əsəbləşdi, götürdü Putinin sekretni arvadı Alina Kabayevanı, keçmiş arvadı Lyudmila Oçeretnini (soyadı belədir, Sovetin vaxtında bunun babası çörək oçeredi işinə baxırmış), Putinin əmisi oğlu İqoru, onun da oğlu Romanı, başqa qahım-əqrəbasını sanksiyaladı. Başqa yolu yox artıq. Əsəbləşir, getsin Şoyqunun başını divara vursun. Qəmlo demişkən, haçana qədər bunun nazıyla oynamalıyıq?

Keçən ilin dekabrında qanun çıxmışdı ki, bizim dəftər-kitab, qəzet-kağız işlərimiz əlavə dəyər vergisindən azad olunmalıdır. Üstündən 6 ay keçirdi, lakin o qərar qüvvəyə minə bilmirdi. Boş bir şeyə görə: Nazirlər Kabineti hansı kağız-kuğuzun ƏDV-dən azad olunmağını gömrük idarəsinə göndərmirdi. Siyahı yox idi, gömrük də əvvəlki qaydada işləyirdi. Ancaq son günlərdə deputatlar, naşirlər, yazıçılar, jurnalistlər məsələni kəskin qoydular. Dedilər ya NK bu qərarı icra eləsin, ya da biz özümüzü yandıracağıq. Ən çox deputatlar hirslənmişdi. Bir cavan deputat var, hətta qanun layihəsini yemişdi.

Nəticədə dünən NK şefi Əli müəllim intizarımıza son qoymuş, kağız-kuğuzun siyahısını vermişdir. Əgər biz hirslənməsək, heç qərar da olmazdı. Ağlamayana məmə yoxdur. İndi camaat cumub ancaq kitab oxuyacaq, çünki kitab kağızı ucuzlaşmalıdır.

Düzdür, biz kağızı ƏDV-dən azad eləyənəcən başqa şeylərin qiyməti elə kəlləçarxa qalxıb ki, bu dəqiqə ən yoluq toyuq ən mənalı kitabdan baha çıxır və camaatın boğazından kəsib qəlbinə, beyninə mənəvi qida doldurmaq ehtimalı sıfıra yaxındır, ancaq nə qəm? Şair demiş, əlimizdədir hələ qələm. İndi də çalışaq, mübarizə aparaq, bəlkə kitab-qəzet toyuq dümbülü qədər qiymət qazanar, millət savadlanar.

Ən sərt tədbirlərimiz hələ qabaqdadır.

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR