İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərqin dərdi - şortik

507 10.06.2026 10:45 Yazarlar A A

Hər il yazın ilıq və isti ayları gələndə ölkəmizdə şortik davası başlayır. İllərdir belədir. Biz ölkə olaraq Qarabağ münaqişəsini həll etdik, şortik məsələsini həll edə bilmirik.

Bu saat bir nömrəli dərdimiz odur. Yekdillik yoxdur. Çəkici eyni zindana vura bilmirik. İkitirəlik var. Şortik əleydarlarları ilə qısa şalvar tərəfdarları arasında antaqonist ziddiyyətlər hökm sürür. Hökumət bir az boş tərpənsə tərəflər bir-birinə girər, daha dəqiqi, şortikə qarşı olanlar şortik geyənləri küçədə itsürütməsi və ya danaboyun edərlər.

Hərdən belə təşəbbüslər olur, amma qarşısı asayiş keşikçiləri tərəfindən qətiyyətlə alınır. Yaxşı ki, hər yer müşahidə kameralarıdır, nəzarət var. Şortik geyən adamlar bir az dalda yerdə qeyrət-namus keşikçiləri korpusunun əlinə düşsə, şapalaqlanmaqla canlarını qurtara bilməzlər, qaqaşlar onların şortiklərini də əyinlərindən çıxararlar.

Doğrusuna qalsa, Yaxn Şərqdə kişilərin şortik geyməsi normal deyil. Sırf estetik səbəblərdən. Çünki şortik bu coğrafiyanın kişilərinə yaraşmır. (Kim əmindisrsə ki, şortik ona yaraşır, eybi yox, qoy geysin). Onlar qıçlarının (öz türkcəmizdəki “qıç” nəzərdə tutulur) qıllarını uzunbalaqlı şalvarla gizlətsələr, bir o qədər yaraşıqlı və xarizmatik görünərlər. Açığı, şortik kişinin xarizmasını öldürür.

Amma yox, adamlar istiyə, bürküyə tablaşa bilmirlərsə, xarizmalarını qurban verməyi üstün tuturlarsa, ta nə etmək olar. Ayağın dizdən topuğa qədər açıq olmasıyla əxlaqi dəyərlər zay olub gedəsi deyil.

10-15 il əvvəl biz mayın 5-də Vaşinqtonda (bu səfərin təəssüratları hələ bir 10-15 il də gedəcək yəqin) olanda şəhərdə dövlət məmurlarından, bir də bank işçilərindən başqa şalvarlı kişi görmədik. Şəhər şortikli adamlarla qaynaşırdı. Çünki hava istiydi və insanlar istəmirdilər ki, aşağı ətrafları bişməcə olsun. Hamı yüngül geyimdə, öz təbirimizcə desək, açıq-saçıq şəkildə gəzirdi və bir Allah bəndəsi başqasının açıqda qalan əzalarına marıtlayıb baxmırdı.

Keçən ilə qədər Türkiyənin əsas kurort zonalarından olan Alanyada da eləydi. Bu şəhərdə olanlar bilir, gecə saat 2-4-də belə Alanyanın mərkəzində şortikli insanlar o tərəfə-bu tərəfə gedib-gəlir. Elə bilirsən, Amsterdamdasan, Yaltadasan, nə bilim, İbizada-zaddasan. Amma deyirlər, artıq Alanyada qərara alıblar ki, iri alış-veriş mərkəzlərinə şortikli adamları buraxmasınlar.

Elə olsa, nəinki həmin AVM-lər, bütövlükdə Alanyanın özü də müflis olacaq. Çünki yayda şəhərin 60-65 faizi şortikli turistlərdən ibarət olur (ümumiyyətlə, Avropa ölkələrindən on minlərlə insan köçüb Alanyada daimi yaşayır). Onlar AVM-lərə girməsə, alış-verişi kim edəcək? Şalvarlı adamlar zatən aldıqlarını alıblar, başqa bir şey də alası deyillər.

Bir simsar adam var, hələ keçən il deyirdi ki, vallahi, bu gedişlə qardaş Türkiyə şəriət ölkəsi olacaq, artıq pivəni-zadı da yığışdırırlar, Ramazan ayında isə gündüz yemək yeyənləri az qalırlar basıb döysünlər. Deyirdim, o qədər də deyil, dənizqırağı bölgələr dünyəviliyə sadiqdir, bir şey olmaz. Amma bu şortik qadağası barədə xəbər gələndən quşqulanıram ki, Alanya da Konyaya dönəcək. Zatən, qonşudurlar.

1979-cu ilə qədər İran da dünyəvi dövlət idi, insanlar istədikləri kimi geyinir, gəzir əylənirdilər. Amma sonra hər şey yasaqlandı. İş gəlib o yerə çıxdı ki, adicə kələğayısı geri sürüşmüş və bir əlçim saçı görünmüş qızı inqilab, asayiş, din-məzhəb və namus-əxlaq keşikçiləri öldürdülər, ara qarışdı.

5-6 iı əvvəl and içənlər vardı ki, Tehran və Təbrizdən Antalyaya uçan təyayrəyə hicabda, uzunqol köynəkdə minən qadınlar və kişilər Antalyada uçaqdan şortik-maykada enirlər, yəni geyimlərini elə təyyarədəcə dəyişirlər. Ta nə oldu? 5-6 yüz o tərəfdə bu cür geyinəndə abır-ismət əldən gedir, amma Kəmərdə, Marmarisdə bu cür geyinəndə heç nə olmur? Demək, insanlar şallaq qorxusundan bürünürlər.

Bu paralellərdəki mədəniyyətlə təbiətin iqlimi arasında ziddiyyət var. İqlim tələb edir ki, yayda yüngül, nazik və ağ paltar gey, bişmə. Şəriət tələb edir ki, tıncıxsan da, ürəyin gedib bihal olsan da, qara, uzun və qalın geyməlisən, topuğun, dirsəyin görünməməlidir.

Uzağa getməyək, Hindistana baxaq. Ora da isti yerdir deyə, əvvəllər polislər şortik geyirdilər. İngilislərdən götürmüşdülər. Amma indi, deyəsən, adət-ənənələr qalib gəlib və indus polislər artıq şalvara keçiblər. Özləri bilər.

Bir şeyi də bilmək lazımdır ki, şortik geyənlərin nəinki hamısı, hətta yarısı da petux-zad deyil. (Onları belə adlandırmaq yayğındır).

**
Dünya köhnə dünyadır, fəsilə və iqlim görə seçilən geyim dəstləri təzədir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR