İnsanlara hürriyət, millətlərə istiqlal!

İran darmadağın edilib? - ŞOK DETALLAR

1000 03.07.2026 13:57 Dünya A A

ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlaması ilə diqqət çəkib. O bildirib ki, Vaşinqton İranla qarşıdurma zamanı qarşıya qoyduğu məqsədlərin demək olar ki, hamısına nail olub. Trampın sözlərinə görə, Tehran ABŞ-nin əsas tələblərini qəbul edib, hərbi əməliyyatlar isə İranın nüvə silahı əldə etməsinin qarşısını alıb. ABŞ prezidenti hətta İranın hərbi baxımdan "darmadağın edildiyini" iddia edib.

Trampın bu açıqlamaları nə dərəcədə reallığı əks etdirir? İranın nüvə proqramına həqiqətən ciddi zərbə vurulduğunu söyləmək olarmı?

Mövzu ilə bağlı politoloq Şəhla Cəlilzadə Musavat.com-a danışıb.

SEHLA SON.jpeg (147 KB)

Politoloq qeyd edib ki, Donald Trampın açıqlamalarını nə tam olaraq doğru, nə də tam olaraq yanlış adlandırmaq olar:

"Onun iddiasının doğru tərəfi odur ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda İranın hərbi potensialına ağır zərbə vurulub, lakin bu potensial tamamilə məhv edilməyib. İran hələ də raket bazalarına malikdir, dron istehsalını davam etdirir. Bu baxımdan İranın hərbi gücünün tamamilə sıradan çıxarıldığını söyləmək mümkün deyil. Eyni zamanda Trampın "İranın nüvə silahı əldə etməsinin qarşısı alınıb" iddiasında da müəyyən həqiqət payı var. Çünki uran zənginləşdirilməsi obyektləri həqiqətən ciddi şəkildə zədələnib. Bununla belə, İran uran zənginləşdirilməsi proqramından imtina etməyib və bu məsələ ilə bağlı danışıqlar hazırda da davam edir. Doğrudur, müharibədən əvvəl gündəmdə olan 60 faizdən yuxarı uran zənginləşdirilməsi məsələsi artıq əvvəlki formada müzakirə olunmur. Müharibə baş verməsəydi, çox güman ki, İran bu mövqeyindən geri çəkilməzdi. Məhz hərbi təzyiq Tehranı uran zənginləşdirilməsinin sivil həddə qaytarılması ilə bağlı kompromisə getməyə vadar edib".

Şəhla Cəlilzadənin fikrincə, bu mənada ABŞ-nin qarşıya qoyduğu hədəflərin müəyyən hissəsinin reallaşdığını söyləmək mümkündür:

"Tam şəkildə olmasa da, müəyyən nəticələrin əldə edildiyi görünür. Lakin ABŞ-nin irəli sürdüyü "sıfır uran zənginləşdirilməsi" tələbi qəbul edilməyib və bu istiqamətdə aparılan danışıqlarda İranın tələbləri daha çox gündəmə gəlməkdədir. Digər tərəfdən, əgər İranın regional təsir imkanlarının aradan qaldırılması Vaşinqtonun əsas məqsədlərindən biri idisə, bu hədəfin də tam şəkildə reallaşdığını demək olmaz. İran regiondakı proksi qüvvələrə dəstəyini davam etdirir. Bu, istər Hizbullah, istər Yəmən, istər İraq, istərsə də digər ölkələrdə fəaliyyət göstərən iranyönlü qruplar olsun, müxtəlif formalarda özünü göstərməkdədir. Hətta Livan, ABŞ və İsrail arasında danışıqlar davam etdiyi bir vaxtda Hizbullahın tərk-silah olunmayacağını bəyan etməsi İranın regionda hələ də müəyyən təsir imkanlarını qoruyub saxladığını göstərir. Bu baxımdan Trampın açıqlamaları daha çox siyasi və ritorik xarakter daşıyır. Bununla yanaşı, İranın ciddi zərbələr aldığını, bu zərbələr nəticəsində müəyyən güzəştlərə getməyə məcbur olduğunu və regional təsir imkanlarının əvvəlki dövrlə müqayisədə zəiflədiyini də qeyd etmək olar.

ABŞ prezidenti müharibə başlamazdan əvvəl dini rejimin dəyişdirilməsini əsas hədəflərdən biri kimi təqdim edir, hətta sonradan bunu əldə olunmuş nəticələr sırasında göstərməyə çalışırdı. Lakin reallıq ondan ibarətdir ki, ali dini lider Əli Xamenei öldürülsə belə, İran İslam Respublikasının siyasi sistemi və dini rejimi fəaliyyətini davam etdirir. Bu fakt da Trampın bəyanatlarının daha çox siyasi və strateji məqsədlərə xidmət edən ritorika xarakteri daşıdığını göstərən nümunələrdən biri kimi qiymətləndirilə bilər".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR