Rəqəmsallaşmanın sürətlə genişləndiyi müasir dövrdə sosial şəbəkələr gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu platformalar ünsiyyət, təhsil, məlumat əldə etmək və yaradıcılıq imkanları baxımından mühüm üstünlüklər təqdim etsə də, xüsusilə uşaqlar və yeniyetmələr üçün yaratdığı risklər son illər dünya miqyasında ciddi müzakirə mövzusudur. Psixoloji sağlamlıq, davranış formalaşması, şəxsi məlumatların təhlükəsizliyi, kibertəhdidlər və zərərli məzmunun təsiri kimi məsələlər dövlətləri bu sahədə yeni hüquqi mexanizmlər formalaşdırmağa sövq edir.
Məhz bu qlobal tendensiyanın fonunda Azərbaycanda da uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasına yönəlmiş mühüm qanunvericilik addımı atılır. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən dəyişikliklər sosial şəbəkələrə qadağa qoyulması deyil, platformalarda qeydiyyat zamanı yaşın yoxlanılması mexanizminin tətbiqini və yetkinlik yaşına çatmayanların zərərli rəqəmsal təsirlərdən müdafiəsini hədəfləyir. Yeni tənzimləməyə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab açmasına icazə verilməyəcək, 16-18 yaş arasında olan şəxslər isə yalnız valideyn razılığı ilə bu imkanlardan istifadə edə biləcəklər.
Bu yanaşma dövlətin uşaqların fiziki, psixoloji və mənəvi inkişafını qorumağa yönəlmiş sosial siyasətinin davamıdır. Necə ki, azyaşlıların siqaret, alkoqol, pornoqrafik məzmun və digər zərərli vasitələrə çıxışına yaş məhdudiyyəti tətbiq olunur, rəqəmsal mühitdə də analoji qoruyucu mexanizmlərin yaradılması artıq bir çox ölkələrdə müasir hüquqi yanaşma kimi qəbul edilir. Azərbaycanda qəbul edilən dəyişikliklər də beynəlxalq təcrübə və milli reallıqlar nəzərə alınmaqla uşaqların təhlükəsiz informasiya mühitində böyüməsinə xidmət edən yeni mərhələnin əsasını qoyur.
Milli Məclisin üzvü Elnarə Akimova Musavat.com-a dedi ki, rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə uşaqların informasiya məkanında təhlükəsizliyinin təmin olunması artıq seçim deyil, dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir: “Bu gün dünyada uşaqların üzləşdiyi təhlükələr təkcə fiziki məkanla məhdudlaşmır. Onlar eyni zamanda virtual aləmdə psixoloji manipulyasiya, kiberzorakılıq, dezinformasiya, şəxsi məlumatların qanunsuz istifadəsi, aqressiv və qeyri-etik məzmun kimi çoxsaylı risklərlə üz-üzə qalırlar. Buna görə də müasir dövlətlərin sosial siyasətinin mühüm istiqamətlərindən biri uşaqların rəqəmsal hüquqlarının qorunması ilə yanaşı, onların rəqəmsal təhlükəsizliyinin təmin edilməsidir.
Milli Məclisdə müzakirə edilərək qəbul olunan qanunvericilik dəyişiklikləri də məhz bu yanaşmanın məntiqi davamıdır. Burada məqsəd sosial şəbəkələrə qadağa tətbiq etmək və ya informasiya azadlığını məhdudlaşdırmaq deyil. Əsas hədəf yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərinə uyğun olmayan məzmunun təsirindən qorunması, valideyn məsuliyyətinin gücləndirilməsi və rəqəmsal platformaların da bu məsuliyyəti bölüşməsinə hüquqi əsas yaratmaqdır. Bu, ilk növbədə, uşağın ali mənafeyinin qorunmasına xidmət edən sosial məsuliyyət modelidir”.

Deputatın fikrincə, bu gün dünyanın inkişaf etmiş ölkələrində analoji yanaşmalar geniş tətbiq olunur:
“Bir sıra dövlətlərdə sosial media platformaları üçün yaşın təsdiqi mexanizmləri tətbiq edilir, valideyn razılığı olmadan azyaşlıların qeydiyyatı məhdudlaşdırılır, platformaların uşaqların şəxsi məlumatlarının qorunması və zərərli məzmunun qarşısının alınması ilə bağlı öhdəlikləri qanunvericiliklə müəyyən edilir. Azərbaycanda nəzərdə tutulan dəyişikliklər də məhz bu beynəlxalq təcrübəyə söykənir və ölkəmizin rəqəmsal təhlükəsizlik siyasətinin müasir çağırışlara uyğun inkişaf etdiyini göstərir. Əlbəttə, heç bir qanun valideyn nəzarətini əvəz edə bilməz. Lakin dövlət hüquqi çərçivəni formalaşdırmalı, cəmiyyət isə bu çərçivənin mahiyyətini düzgün dərk etməlidir. Rəqəmsal mühitdə uşaqların müdafiəsi yalnız ailənin deyil, dövlətin, təhsil sisteminin, informasiya platformalarının və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Bu baxımdan qəbul olunan dəyişikliklər preventiv xarakter daşıyır və gələcəkdə yarana biləcək sosial-psixoloji problemlərin qarşısının alınmasına hesablanıb.
Biz rəqəmsal inkişafı dəstəkləyirik, texnologiyanın yaratdığı imkanları yüksək qiymətləndiririk. Ancaq inkişaf təhlükəsizliklə müşayiət olunmadıqda cəmiyyət üçün yeni risklər yaradır. Məhz buna görə də uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş qanunvericilik təşəbbüsləri zamanın tələbidir. Bu dəyişikliklər Azərbaycanın uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi ardıcıl dövlət siyasətinin növbəti mühüm mərhələsi olmaqla yanaşı, gələcəyimizi etibar edəcəyimiz nəslin sağlam mənəvi, psixoloji və intellektual inkişafına verilən strateji töhfədir”.
Cavanşir Abbaslı
Musavat.com






