İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sərhədsiz Reportyorlar"ın qərəzi sərhədi yenə aşdı - Azərbaycan “çox pis”lər siyahısında...

645 05.05.2023 11:48 Siyasət A A

Fransada mənzillənmiş bu təşkilatın Cənubi Qafqazda, həmişə olduğu kimi, yalnız Ermənistanı önə çıxarması erməni lobbisinin sifarişini təsdiqləyir; Tofiq Abbasov: “Onların simpatiya və antipatiya göstərdiyi ölkələr var”

3 may - Ümumdünya Mətbuat Azadlığı Günündə “Sərhədsiz Reportyorlar” Dünya Mətbuat Azadlığı İndeksi də daxil olmaqla, dünyada KİV və jurnalistlərin vəziyyətinə dair bir sıra hesabat və araşdırmalar dərc edib. 1985-ci ildə yaradılan, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə olan “Sərhədsiz Reportyorlar” 2002-ci ildən media azadlığı reytinqi tərtib edir.

“Yeni Müsavat” bildirir ki, 2023-cü ildə İndeks 180 ölkədə vəziyyəti qiymətləndirib, bunlardan 31 ölkədə vəziyyət “çox pis”, 42 ölkədə “pis”, 55 ölkədə “problemli” və 52 ölkədə “yaxşıdır”. Yəni dünyanın on ölkəsindən yeddisində jurnalistika üçün mühit “pisdir”. Bu il Azərbaycan 151-ci yeri tutub (ötən il 152), vəziyyətin “çox pis” olduğu ölkələr sırasında qalıb. İndeksdə keçmiş SSRİ respublikaları aşağıdakı yerləri tutublar: Moldova - 28, Ermənistan - 49, Gürcüstan - 77, Ukrayna -79, Qırğızıstan - 122, Qazaxıstan - 134, Özbəkistan - 137, Tacikistan - 153, Türkmənistan - 176.

İndeksin aşağı hissəsində son üç yeri Vyetnam (178-ci), Çin ( 179) və Şimali Koreya (180-ci) tutur. Türkiyədə də vəziyyət kəskin pisləşib, ölkə 16 pillə geriləyərək 165-ci yerə düşüb. İranda (177-ci yer) etirazların sərt şəkildə yatırılması, internetin kəsilməsi və jurnalistlərin təqib edilməsi vəziyyəti xeyli pisləşdirib. Hesabatda Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan və Laçın dəhlizinin “blokadaya alınmasından” da bəhs edilir və “bu halların jurnalistlərin işini çətinləşdirdiyi” bildirilir.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) son sessiyası çərçivəsində dinləmələrdə də  “Sərhədsiz Reportyorlar” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Janna Kavelye iddia edib ki, “Azərbaycanda plüralizmə və tənqidi səslərə qarşı amansız müharibə davam etdiyi üçün jurnalistika ən təhlükəli peşələrdən birinə çevrilib”. “Sərhədsiz Reportyorlar” “Azərbaycanın davamlı olaraq Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməməsinə görə sərt addımlar atılmasına, o cümlədən Azərbaycanın qurumdakı təmsilçilik hüququnun dayandırılmasına çağırıb”.

“Biz "Sərhədsiz Reportyorlar" kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “France-24" televiziya kanalına müsahibəsində bildirmişdi. Cənubi Qafqazda, həmişə olduğu kimi, yalnız Ermənistanı önə çıxarmaq bu təşkilatın daha çox erməni lobbisinin sifarişini yerinə yetirdiyini bir daha təsdiqləyir.

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb” -  27.09.2021, Sputnik Azərbaycan

Tofiq Abbasov

AzTV-nin İctimai-siyasi proqramlar studiyasının direktoru, politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu təşkilatın həmişə yanaşması qərəzli olub: “Onların simpatiya və antipatiya göstərdiyi ölkələr var. Qərbin standartlarını üstün tutan media qurumları isə özlərininkidir. Guya Ermənistan regionda, hətta az qala postsovet məkanında demokratiyanın özülünü qoyub. Bəs onlar demokratiyanın təzahürünü nədə görür? Faktiki olaraq, Ermənistan revanşizmi təbliğ edir, millətçiliyi qoruyur. Eyni zamanda antitürk və islamafobiyanı kultivasiya edir. Ermənilərin mediası isə bu proseslərin izi ilə gedirsə, hansı mətbuat azadlığından danışmaq olar?”

T.Abbasovun sözlərinə görə, bəli, Ermənistanda müəyyən müxalif media var, amma onların da əyrintiləri mövcuddur: “Bu gün erməni mətbuatında tək-tük həqiqəti yazanlar var ki, onların da səsi batırılır. Misal üçün, bayrağımız yandırılır, hamı alqışlayır, cəmi bir-iki adam deyir ki, bunu gərək etməyəydik. Və yaxud Türkiyə komandasının qələbəsinə görə azadlıq marşı çalınır, ermənilər fitə basır, haradadır demokratiya? Əsgərlərimizi döyüb sosial şəbəkə və media resursları yayır, bəs bunun harası demokratiyanın təzahürləridir? Ona görə Qərb institutlarının qərəzi məni təəccübləndirmir. Onların öz standartları hər şeydən üstündür. Bizim yeganə çıxış yolumuz öz həqiqətlərimizi sona qədər söyləməkdir”.

KTMT Ermənistanın könlünü almaq işini aparır”

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublunun fikrincə, Azərbaycanda media azadlığının vəziyyətini ideal hesab etmək olmaz, 151-ci cərgədə yer almağımız da ədalətli deyil. Onun sözlərinə görə, Türkiyənin 165-ci sırada göstərilməsi isə tamamilə ədalətsizlikdir: “Hiss olunur ki, Fransa dövlətinin sifarişidir və seçkiqabağı Türkiyə kimi azad telekanalların, müstəqil qəzetlərin, azad internet mediasının olduğu ölkəni bu sırada təqdim etmək qərəzdən ibarətdir. Azərbaycanda sosial platformalarda, onlayn televiziyalarda ən kəskin tənqidlər səslənir. Əlbəttə ki, problemlər var, həllini tapmalıdır. Lakin danışmaqla, dialoqla mümkündür. Bu hesabatlar bir təşkilatın mövqeyidir. Hər il də siyahı açıqlanır. Amma bizi Qazaxıstan, Qırğızıstan, Özbəkistan mətbuatında da geridə göstərmək artıq gülüncdür. Görünür ki, Fransada müəyyən lobbi qruplarının təsirləri mövcuddur. O da faktdır ki, 1985-ci ildə Fransada (Monpelye) yaradılan "Sərhədsiz Reportyorlar"ın büdcəsinin bir hissəsini Fransa hökuməti, bir hissəsini isə ABŞ hökumətinin siyasətini yürüdən təşkilatlar ödəyirlər. Məsələn, Sorosun Açıq Cəmiyyət İnstitutu və Azərbaycanda kifayət qədər tanınan NED kimi".

Hüquq müdafiəçisi Ermənistan mətbuatında revanşizmin təbliğ olunduğunu düşünür: “Gəlin, başqa fakta nəzər yetirək - 2022-ci ildə Ermənistanda mediaya və ayrı-ayrı jurnalistlərə təzyiqlər güclənib. Bunu mən demirəm, Söz Azadlığının Müdafiəsi Komitəsinin mətbuat xidməti məlumat yayıb. Jurnalistlərə və KİV-ə qarşı müxtəlif təzyiqlərlə bağlı 18, məlumat almaq və yaymaq hüququnun pozulması ilə bağlı 20, o cümlədən 2 fiziki zorakılıq faktı qeydə alınıb. Nəticədə 3 media nümayəndəsi xəsarət alıb. Mediaya qarşı yeni məhkəmə iddialarının sayı 9 olub. Ona görə də ”Sərhədsiz Reportyorlar"ın hesabatı Quran ayəsi deyil".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR