İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddəki təxribat Ermənistanın maraqlarına cavab vermir, bəs kimin sifarişi ola bilər? - ŞƏRH

1624 13.02.2024 11:50 Siyasət A A

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədib. Fevralın 12-də ESQ-nin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Prezident İlham Əliyev yerli mediaya müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Ermənistan isə bu sabitliyi növbəti dəfə pozdu.

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı təxribatla bağlı Musavat.com-a şərhində bildirdi ki, Ermənistan hər zaman sifarişlə hərəkət edir. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı müharibə aparmaq üçün nə hərbi gücü, nə ordusu, nə də iradəsinin olması aydın məsələdir:

1662551973_1660656719_akifakifqat.jpg (45 KB)

“Ermənistan bu cür təxribatlarla münasibətləri gərginləşdirməyə çalışır. Azərbaycan təxribatlara dərhal cavab verir. Erməni mətbuatının verdiyi məlumata görə, iki ölü və yaralılar var. Ermənilər məsuliyyətdən qaçmaq istəyirlər. Ötən gün baş verən hadisənin səbəblərinin araşdırılacağını desələr də, bu gün inkar edirlər. Görüntülər var, faktlar ortadadır. Bu, ermənilərin etibarlı tərəf olmadığını göstərir, onlarla sülh danışıqları aparmağın heç bir mənası yoxdur. Azərbaycan tərəfi bunu çox gözəl bildiyi üçün hərbi hazırlığı yüksək səviyyədə saxlayır, lazım olduğu təqdirdə ordumuz döyüşə hazır vəziyyətdə meydanda olur”.

A.Nağı hesab edir ki, son təxribat sifariş də ola bilər:

“Ermənistan zaman-zaman Rusiyanın sifarişlərini yerinə yetirib. İlk sual budur ki, bu təxribat kimə sərf edir? Təbii ki, təxribat Ermənistanın maraqlarına xidmət etmir, çünki onlar Azərbaycanın qarşısında dayana bilməzlər. Ermənistan cəmiyyəti növbəti dəfə məyus vəziyyətə düşdü. Azərbaycanla heç bir sahədə rəqabət aparmaq olmaz. Əks halda, Ermənistanın gücsüzlüyü ortaya çıxır. Ona görə də bu hadisə Ermənistana lazım deyildi. Fransa son zamanlar müharibə ritorikası ilə çıxış edir. Fransa orada Azərbaycana qarşı vuruşan deyil. Avropa İttifaqı “Binokl diplomatiyası”na əl atır. Bu təzyiq forması “biz Ermənistanla bir yerdəyik”, “Vəziyyətə Ermənistanın gözü ilə baxırıq” mesajını vermək məqsədi daşıyır... Azərbaycana isə bu mesaja aydın cavab verdi-biz öz gözümüzlə baxırıq! Gərginlik Qərbin maraqlarına cavab verə bilər. Azərbaycana sanksiyalar tətbiq oluna, ölkəmiz təxribata çəkilə bilər. Odur ki, bu, Qərbin sifarişi ola bilər. Rusiya isə vəziyyətin gərginləşməsində maraqlı deyil. Hərçənd, Rusiya sülhməramlıların Qarabağdan çıxmamasını istəyir. Hətta sülhməramlıların statusu ilə bağlı Azərbaycanla danışıqların aparılacağı barədə açıqlama verildi. Odur ki, vəziyyəti gərginləşdirməklə sülhməramlılara ehtiyac olduğu görüntüsü yaradıla bilər. Hər iki halda təxribat Ermənistanın maraqlarına cavab vermir. Onlar hələ ki, milli maraqları mövqeyindən çıxış edə bilmirlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR