İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sərhəd revizorları”nın taleyi masada - fevralın 19-dək getməsələr...

620 10.01.2025 09:21 Siyasət A A

Bakı tələbində israr edir

Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti sərhədindəki missiyasının müddəti başa çatmaq üzrədir. Aİ-nin mülki müşahidə missiyası 2022-ci ilin dekabrından fəaliyyətə başlayıb. Ancaq təsisatın formalaşması ilə bağlı qərar əvvəl - həmin ilin oktyabrında verilmişdi.

Daha doğrusu, söhbət qərardan yox, razılıqdan getmişdi. Belə ki, oktyabrda Praqada Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdü. Həmin görüşdə Aİ Şurasının Prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdilər. Missiya məhz Makronun təşəbbüsü idi. Azərbaycan müşahidəçilik institutuna etiraz etməsə də, onun şərti sərhədin öz tərəfində fəaliyyətinə razılıq verməmişdi. Rəsmi Bakı hələ lap əvvəldən müşahidəçilərin mövcudluğunu qəbul etməmiş, onların fəaliyyətinə lüzumsuz yanaşmışdı. Çünki bu təcrübənin heç bir fayda verməyəcəyi məlum idi. Azərbaycanın 2022-ci ildə Aİ-nin missiyasına açıq etirazının olmamasına gəlincə, bunun üçün mexanizm istisna idi. Onsuz da Fransa və Ermənistan sövdələşmişdilər və hər bir halda, Aİ-nin missiyası Cənubi Qafqaza gələcəkdi. Rəsmi Bakının razılığı müşahidəçilərin cəmi iki ay müddətinə fəaliyyəti ilə əlaqədar oldu.

Qeyd edək ki, rəsmi Bakı ötən ilin sentyabrından başlayaraq missiyaya qarşı çıxdığını, müvafiq olaraq, həm də onun müddətinin uzadılmasına etiraz etdiyini açıqlamaqdadır. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Aİ-nin sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur, təsisatın işinə xitam verilməsinin  zamanı yetişib.

Prezident İlham Əliyev isə 2024-cü il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri  qəbul edərkən, Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyanı önə çəkmişdi. Dövlətimizin başçısı belə bir təsisatın qalmasının Azərbaycan-Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulamışdı. Qeyd edək ki, son müddət 2025-ci il fevralın 19-dur.

“Ermənistana Avropa İttifaqından Azərbaycanla sərhəddə delimitasiya prosesi tam başa çatana qədər monitorinqi davam etdirəcək mülki missiya lazımdır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, İrəvan əmindir ki, Ermənistanla Azərbaycan arasında bölünməz sərhəd olduqca, Aİ missiyası Ermənistan üçün mühüm və zəruridir.

 Prezident İlham Əliyev də yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən qonaq vurğuladı ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.

Maqdalena Qrono ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğuladı. Bu xüsusda, Azərbaycanla Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunuldu.

Dövlətimizin başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirdi və Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını deyib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulanıb. İstisna deyil ki, bu danışıqlarda da  Bakının Aİ missiyası ilə bağlı mövqeyi  də bir daha vurğulanıb.

İlyas Hüseynov: Partiyamızın namizədi kimi növbəti seçkilərdə iştirak edəcəm

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının Ermənistanda olan mülki missiyası regiona gələndə delimitasiya və demarkasiya prosesinə töhfə verəcəyi deyilirdi: "Avropa Siyasi İcmasının Praqada keçirilən görüşündə Azərbaycan bu missiyanın Ermənistan ərazisində olmasına etiraz etmədi. Missiyanın tərkibinin 40 nəfərdən ibarət, eləcə də iki ay müddətinə olması planlaşdırılırdı. İki ay müddəti bitəndən sonra onlar regionu tərk eməli idilər. Ancaq bunun əksinə olaraq 2024-cü ilin yanvar ayında Lüksemburqda keçirilən iclasda missiyanın tərkibinin genişləndirilməsi və bütün Ermənistan-Azərbaycan perimetri boyunca yerləşməsinə dair qərar qəbul olundu. Azərbaycan buna etiraz eləsə də misiya öz bildiyi kimi etdi və Ermənistan ərazisində yerləşdi. Bunun ardınca bu missiya yalnız manipulyasiya alətinə çevrildi. Ayrı-ayrı Ermənistan ərazisində olan şəxslər, xüsusilə də Fransanın Ermənistandakı səfiri Kotini, Polşa prezidenti Andrey Duda və digər şəxslər bu missiya ilə birlikdə Azərbaycan sərhədlərinə yaxınlaşıb binoklla baxmağa başladılar. Bu binokl diplomatiyasına Azərbaycan tərəfindən etirazlar edilsə də, qarşı tərəfdən saymazyana münasibət bəslənir. Eyni zamanda Qranada da Avropa Siyasi İcmasının görüşündə Azərbaycanın iştirakı olmadan sənədin imzalanması Brüssel formatında keçirilən danışıqlara son qoydu. Azərbaycan bu gün bu danışıqlarda iştirak etmir, bu format iflasa uğrayıb”.

Ekspert vurğuladı ki, Avropa İttifaqının missiyası fevralın 19-da regionu tərk etməlidir. Azərbaycanın tələbi bundan ibarətdir: “Hətta məsələ o qədər ciddidir ki, şimal istiqamətində Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasından və Qazağın 4 kəndinin Azərbaycana qaytarılmasından sonra bu missiyanın regionu tərk etməsi tələbləri rəsmi Bakı tərəfindən səslənib və bu gün də Bakının tələbi budur. Eyni zamanda artıq bu məsələ Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin maddəsi kimi yer alıb. Məsələ belə əksini tapır ki, Azərbaycanla Ermənistan sərhədində üçüncü tərəfin qüvvələri olmamalıdır. Bu maddə Avropa İttifaqı missiyasının regiondan çıxarılmasını labüd edir. Bu missiya regionda qalsa Azərbaycanla Avropa İttifaqı, Azərbaycanla Ermənistan arasında gərginliyin daha da genişlənməsinə xidmət edəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR