İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların sonuncu yayı: Qarabağda ildırımsürətli təmizləmə - cəmi 3 günə...

1154 13.06.2023 10:12 Gündəm A A

“Böyük Qayıdış” planı, keçmiş köçkünlərin aktuallaşan təhlükəsizliyi Bakını tələsmək zorunda qoyur; Rusiya isə Qarabağda qalmağın yeni düsturunun axtarışında...

44 günlük müharibədə tarixi və yağlı “Dəmir qapaz” yeyən işğalçı Ermənistanın toplumunda radikal-revanşist ovqat təzədən şiddətlənib. Buna “Gallup” İnternational Association şirkətinin kapitulyant ölkədə 27-31 may aralığında keçirdiyi rəy sorğusu şübhə yeri saxlamır.

Məlum olub ki, ermənilərin 82%-i baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımaq haqda bəyanatını rədd edir. 86% isə Qarabağdakı ermənilərin gələcəyini Azərbaycan daxilində təsəvvür etmir. Bundan əlavə, iki gün öncə N.Paşinyanın həmin mövqeyi əleyhinə Ermənistanda referendum keçirmək tələbi ilə ictimai təşəbbüs qaldırılıb və imza toplanmasına başlanıb. Konstitusiyaya görə, əgər 50 min imza yığılarsa, hökumət referendum qərarı verməli olacaq.

Göründüyü kimi, bədnam qonşularımız Azərbaycanla ədalətli sülh anlayışını hələ də “baş-ayaq” anlayırlar. Beynəlxalq hüquq, elementar qonşuluq və dinc-yanaşı yaşamaq prinsipləri israrla qulaqardı edilir. Paradoks həm də ondadır ki, “artsax”ı Azərbaycanın tərkibində təsəvvür etməyən ermənilər abırsızcasına beynəlxalq hüquqdan dəm vurur, ordumuzun guya Ermənistan ərazisinə girdiyini, onun “ərazi bütövlüyünü” pozduğunu iddia edirlər.   

Bütün bunlar Nikol Paşinyanın öz xalqını sülhə hazırlaya bilmədiyinin bariz sübutlarıdır. Eyni zamanda yeni müharibənin siqnallarıdır. Çünki heç hakim qüvvə də, deyəsən, Azərbaycan və Türkiyə ilə böyük sülhdən ötrü əldən getmir. Təsadüfi deyil, Paşinyan komandasının üzvləri hələ də sülh müqaviləsi məsələsində “nala-mıxa” vurur, Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyi”, Bakı-İrəvan dialoqu üçün beynəlxalq zəmanət tələb edir, hətta vaxtaşırı Azərbaycanı Qarabağda etnik təmizləməyə hazırlaşmaqda suçlayırlar. Başqa sözlə, kapitulyant tərəf sülh sazişi üçün faktiki bizə şərt irəli sürməkdədir.

Bunlar isə keçməz. Sülh ya qalib Azərbaycanın ədalətli şərtləri (5 prinsip) əsasında olacaq, ya da olmayacaq. “Nər hərb, nə də sülh” vəziyyətinin altını isə ən çox kim çəkəcək, o da çoxdan məlum. Nə yaxşı ki, regional və qlobal şərtlər bütünlüklə bizim tərəfimizdədir. Odur ki, işləri tezləşdirməliyik. Söhbət ilk növbədə Qarabağı qanunsuz silahlı tör-töküntülərin qalıqlarından təmizləməkdən gedir. 

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Siyasi analitik Asif Nərimanlıya görə, Ukrayna cəbhəsində baş verənlər Qarabağdakı proseslərin inkişafına da müsbət təsir edən amildir. “Çünki Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda irəliləyişlərə nail oldu. Əks-hücum əməliyyatının başlanması bu kontekstdə bizim üçün yeni imkanlar açır və istisna deyil ki, Ukrayna cəbhəsində döyüşlər şiddətləndikcə, rəsmi Bakı Qarabağdakı mövqelərini də irəlilədə bilər”, - deyə o ehtimal edib.

Yəni Bakının əlinin bir qədər də güclənməsi gözləniləndir. Zatən, separatçı ünsürlər artıq onlara ayrılan gerisayımın bitmək üzrə olduğunu anlamağa başlayıblar. Bakının ard-arda iki dialoq çağırışını nümayişkaranə şəkildə geri çevirən oyuncaq rejim gərək ki, bunun davamının nə olacağının yaxşı fərqində olsun.

Bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ay Laçından bu xüsusda separatçılara konkret tələb-ismarış göndərib: qondarma dövlət atributlarından imtina, saxta parlamenti buraxmaq, digər qanunsuz və uydurma qurum və vəzifələrin ləğvi, separatçıbaşı Araik Arutyunyanın təslim olması. Yalnız bundan sonra onlar hansısa əfvə və ya amnistiyaya ümid bəsləyə bilərlər. Əks halda, tezliklə komandolarımızı və başları üstündə “Bayraktar”ları gözləsinlər... 

“Qarabağdakı münaqişə hər an qaynar fazaya keçə bilər”.

Bunu erməni politoloq Sergey Melkonyan deyib.

“Azərbaycanda artıq ictimaiyyət və ekspertlər səviyyəsində "antiterror əməliyyatı"ndan danışılır. Bu əməliyyat ilk növbədə Dağlıq Qarabağın müdafiə ordusuna və polisə (qondarma qurumda qanunsuz silahlı dəstələrə - red.) yönələcək. Həmin əməliyyat zamanı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan əraziyə tam nəzarəti bərqərar etmək üçün dəqiq zərbələr endiriləcək", - deyə erməni ekspert təlaş içində vurğulayıb.

Rusiyanın “sülhməramlı” missiyasının əsas məramı nədən ibarətdir? - TƏHLİL  | 1news.az | Xəbərlər

Onun sözlərinə görə, Azərbaycan Ukrayna kampaniyası fonunda Rusiyanın təzyiq imkanlarının xeyli azaldığını görür: “Rus sülhməramlılarının hazırkı kontingenti Azərbaycan tərəfindən həyata keçirilə biləcək hücumların qarşısını almaq üçün kifayət deyil. Azərbaycanın Qarabağ ətrafında cəmləşmiş yeni hərbi bazalarının, çoxlu sayda hücum silahı və hərbi texnikasının olduğu nəzərə alınsa, bütün proses cəmi 3 günə tamamlana bilər”.

Melkonyan Rusiyanın sülhməramlı missiyasının mandatının 2025-ci ilin noyabrında başa çatdığını xatırladaraq, Azərbaycan tərəfinin həmin müddəti yeniləmək niyyətində olmadığını da söyləyib. “Yəni hansısa yeni düstur icad olunmasa, Rusiya tədricən oradan çıxmalı olacaq”, - deyə o əlavə edib.

Əslində Qarabağda sürətli təmizlənmə əməliyyatı Ukrayna müharibəsinin nəticəsindən asılı olmayaraq da aparılacaq. Çünki bu, Azərbaycanın legitim haqqıdır və üstəgəl, Putinin imzası duran 10 noyabr kapitulyasiya sənədində əksini tapıb. Bundan ötrü Bakı 2025-ci ilin noyabrını gözləmək niyyətində deyil.

Daha bir səbəbə: 2025-ədək “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunan ərazilərimizə minlərlə keçmiş məcburi köçkün yerləşəcək ki, onların təhlükəsizliyi təmin eləmək dövlətin borcudur. Bu isə qanunsuz silahlı dəstələri Qarabağdan tam çıxarmadan, yaxud onları tərk-silah eləmədən mümkünsüzdür.

Odur ki, seçim separatçı ünsürlərindir. Vaxt daralır. Böyük ehtimalla, bu yay onlar üçün sonuncu olacaq - zor, ya xoş...

Siyasət şöbəsi,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR