İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar və Paşinyan üçün “tunelin sonu” göründü - Laçın postunun gücü

3174 06.06.2023 12:56 Gündəm A A

“Hərb, yoxsa sülh” dilemmasına nöqtə qoyulacaq tarix uzaq deyil; 2023-ün yayı gerçəkdən qaynar keçə bilər...

Aprelin 23-də Laçının girişində nəzarət-yoxlama postu qurmaqla Azərbaycan Qarabağdakı separatçı ünsürlərin sonuncu “nəfəsliyi”ni də qapatdı. Bununla həmçinin onlara açıq-aşkar havadarlıq edən Rusiya “sülhməramlı” qüvvələrin öz qanunsuz əməllərinə davam edə bilməyəcəyi barədə aydın bir siqnal verildi.

Dövlətimizin belə sərt, tamamən beynəlxalq hüquqdan qaynaqlanan addımı artıq öz təsirini göstərməkdədir. İrəvan rəsmilərinin və separatçıların aylardır blokadadan, “etnik təmizləmə” və “soyqırımı təhlükəsi”ndən dəm vurmasına rəğmən, getdikcə daha çox mülki erməni Laçın postundan istifadə eləməkdədir. Bu isə nə radikal-revanşistləri, nə də iki xalqın barışığında maraqlı olmayan Rusiyanı qane edir.

Təsadüfi deyil ki, aprelin 23-də sonra “sülhməramlılar”ın nəzarətindəki ərazidən separatçı-banditlərin ordumuza qarşı təxribatları xeyli artıb. Onlar hətta ordumuzun mövqeləri qarşısında səngərlər qazıb yeni cəbhə xətti çəkməyə cəhdlər edirlər - təbii ki, rus hərbçilərinin birbaşa köməyi sayəsində. Azərbaycan Müdafiə Nazirliyi bu təxribatlarla bağlı qanunsuz dəstələri son dəfə xəbərdar edib. Nazir Zakir Həsənov bu xüsusda ən kəskin cavab tədbirləri görmək üçün orduya müvafiq tapşırıqlar verib...

*****

İrəvanla separatçı rejim arasında ziddiyyətlər artarsa...

Azərbaycanın siyasi-hərbi rəhbərliyi sözsüz ki, qondarma rejimin nazı ilə çox oynamayacaq. Prezident İlham Əliyevin mayın 28-də Laçında söylədiyi kimi, onlara dialoq təklifi limiti artıq bitib. Dövlət başçısı habelə Qarabağda qanunsuz birləşmələrə qarşı istənilən an əməliyyat aparıla biləcəyinin və buna heç kimi mane ola bilməyəcəyinin anonsunu verib.

Yəni faktiki Rusiyaya da ismarış göndərilib ki, özünün Qarabağdakı kontingentini Azərbaycan əleyhinə əməllərdən çəkindirsin. Nəhayət, 10 noyabr (2020) sənədi ilə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Ən əvvəl də qanunsuz dəstələrin çıxarılmasını tələb edən 4-cü bəndi. Əks halda, Bakı nəyi nə vaxt edəcəyini yaxşı bilir.

Daha dəqiqi, bunu Rusiyanın əvəzinə Azərbaycan Ordusu, komandolarımız edəcək. Nə zaman? Yəqin ki, uzağı, bu yay ərzində. Konkret tarix böyük ehtimalla, Ermənistanın Azərbaycanla sülh sənədi imzalamağa nə dərəcədə hazır olması ilə, yəni Nikol Paşinyan komandasının siyasi iradəsi ilə, onun sözü ilə əməlinin bir-birini tamamlayıb-tamamlamayacağı ilə müəyyən ediləcək.

“Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Əgər bu intensivlik davam edərsə və beynəlxalq birlikdən güclü dəstək olarsa, o zaman ilin sonunadək sülh sazişi imzalana bilər. Biz müqaviləni mümkün qədər tez imzalamaqda qərarlıyıq”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən həftəsonu yerli TV-yə müsahibəsində söyləyib.

Ancaq aydındır ki, prosesin sürəti beynəlxalq birlikdən, ABŞ, AB və ya Rusiyadan yox, birbaşa Ermənistanın özünü konstruktiv aparmasından asılıdır. Əgər rəsmi İrəvan bir yandan “Biz 86.6 min kv km-lik Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyib, o biri yandan, Bakıya “Qarabağ şərti” qoyacaqsa, “Laçın dəhlizi blokadadır” deyə yalandan hay-küy qaldırmağa davam edəcəksə, o zaman vasitəçi kim olur-olsun, danışıqlar heç vaxt sülh sazişinə gətirməyəcək.

*****

Paşinyan müharibə istəyir?

Məlumdur ki, ötən mayın əvvəlindəki çoxgünlük Vaşinqton görüşlərindən başlayaraq (sonra Brüssel, Moskva və Kişinyovda davam etdirilib), son bir ay ərazində sülh danışıqları xeyli intensivləşib. İyunun 12-də xarici işlər nazirləri təzədən Vaşinqtonda bir araya gələcəklər. İyulun 21-də isə Azərbaycan və Ermənistan liderləri yenidən üçlü formatda Brüsseldə görüşəcəklər.

“Hərb, yoxsa sülh” dilemmasına nöqtə də məhz həmin tarixdə qoyula bilər. Məhz o zaman qəti şəkildə aydın olacaq ki, İrəvan sülh hoqqabazlığı ilə vaxtı uzatmağı hədələyib, yoxsa həqiqətən ədalətli sülh istəyir, 2023 sülh ili olacaq, ya yox?

Bu arada müxtəlif paytaxtlarda aparılan sülh prosesi ilə bağlı Ermənistanda təlaş artıb. Məsələn, erməni politoloq Yervand Bozoyana görə, Azərbaycan və Ermənistan liderləri arasında Kişinyovda iyunun 1-də keçirilən görüş (beştərəfli) 2022-ci ilin oktyabrında Praqada başlayan böyük prosesin tərkib hissəsidir (Teleqraf.com).

“Paşinyan ötən ilin oktyabrın 6-dan sülhlə bağlı Qərb platformasını seçdi. Orada ondan Qarabağın Azərbaycanın tərkibində qalmasını qəbul etməyi və bunun əsasında Azərbaycanla sülh müqaviləsini imzalamağı tələb etdilər. Paşinyan bununla razılaşıb. Azərbaycan Prezidenti 10 noyabr anlaşmasına yenidən baxıldığını bildirdi, çünki Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıyıb”, - erməni ekspert söyləyib.

Bozoyan iddia edir ki, Putin 10 noyabr anlaşmasını bərpa etməyə çalışsa da, buna nail ola bilmir. O, artıq Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra durumun dəyişdiyini söyləyib. Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsinin isə prosesdə geridönməz vəziyyət yaratdığını diqqətə çatdırıb. Onun fikrincə, Qarabağın Azərbaycanın tərkibində qalacağı rəsmən təsdiqlənərsə, orada yaşayan ermənilərin böyük əksəriyyəti Qarabağda qalmayacaq.

 “Yeri gəlmişkən, Qərb Paşinyandan təkcə Qarabağı təhvil verməyi yox, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarıb Türkiyə və Azərbaycanın təsir dairəsinə salmağı tələb edir. İkinci tələb regionda Azərbaycan-Türkiyə faktorunu gücləndirmək məqsədi daşıyır ki, Qərb İran və Rusiyanın təsirinə ciddi müqavimət göstərə bilsin. Bu durumda Paşinyan Ermənistanın varlığına zəmanəti Türkiyə və Azərbaycandan almaq istəyir. Paşinyan "Ermənistanın kadastr sənədi yoxdur" deyəndə, məhz bunu nəzərdə tutur", - Bozoyan əlavə edib.

Onun ehtimalına görə, Ermənistanda Rusiya və İranın təsiri aradan qalxandan sonra ikinci mərhələdə bunu həll etməyə çalışacaqlar: “İndi elə bir mərhələdəyik ki, Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamalı, buna Qərb və Türkiyə zəmanət verməlidir”.

Erməni ekspert düşünür ki, Paşinyan Bakı və Ankaradan zəmanət ala bilsə, onda Rusiya öz hərbi bazalarını Ermənistandan çıxarmalı olacaq. İddiasında daha da irəli gedən Bozoyan əlavə edib ki, rusların çıxmasından sonra Türkiyə ordusu Ermənistan ərazisində yerləşəcək və İranla sərhədi (Zəngəzuru) tam nəzarətə götürəcək.

*****

Ancaq kimin nə söyləməsindən asılı olmayaraq, bir şey dəqiqdir ki, separatçılar üçün də, Paşinyan komandası üçün də artıq “tunelin sonu” görünməyə başlayıb. Bakı tezliklə nöqtəni də, nida işarəsini də qoyacaq. 2023-ün yayı gerçəkdən qaynar keçə bilər...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR