İnsanlara hürriyət, millətlərə istiqlal!

“Separatçılar başa düşməlidir ki, Azərbaycan ərazisində bir erməni silahlısı da qalmayacaq”-Politoloq

691 28.03.2022 16:51 Region A A

 

“Azərbaycan ordusu artıq Fərrux yüksəkliyindədir və bu, qürurvericidir. Son olaraq belə xəbər yayıldı ki, digər istiqamətlərdə də erməni hərbi birləşmələrinə torpaqları tərk etməklə bağlı xəbərdarlıq edib. Bu isə o deməkdir ki, bizim əsas məqsədimiz erməni terrorçu qruplarını və əlində silah olan şəxsləri Qarabağın dağlıq hissəsindən çıxarılmasıdır”.

Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Azərbaycan ordusunun Fərrux zəfərindən bəhs edən ekspert bunları söylədi: “Bəziləri indiki hadisələrə o prizmadan yanaşır ki, guya Azərbaycanın əsas hədəfi ümumiyyətlə, erməniləri bölgədən çıxartmaqdır. Əslində isə burada sadə vətəndaşlardan söhbət getmir. Söhbət məhz erməni hərbi birləşmələrindən gedir. Son vaxtlar onlar yazın gəlişinə hazırlaşaraq, müxtəlif istehkamlar tikirdilər, Rusiya sülhməramlılarının gözü qarşısında müdafiə sistemlərinin quraşdırılması işini davam etdirirdilər. Buna görə də Bakı ilə sülhməramlıların komandanlığı arasında bəzi ziddiyyətlər yaranmışdı. Sülhməramlılara da xəbərdarlıq edilmişdi ki, qanunsuz fəaliyyətlə məşğul olan quldur ermənilər Azərbaycan ordusuna yaxın ərazilərdən yığışdırılmalı, kənara atılmalıdırlar. Sülhməramlılar bunu etmədilər, əvəzində isə təbii ki, Azərbaycan ordusu səssiz şəkildə, əvvəlcədən müxtəlif dairələri, həmçinin Rusiyanı xəbərdar edərək, həmin bölgədəki erməni hərbçilərini yığışdırdı. Hansı ki, həmin təxribatçı qüvvələr dünənə qədər Fərrux yüksəkliklərində yerləşdirdilər, bu gün onlar artıq Əsgəran istiqamətindəki separatçıların yanına sıxışdırılıblar. Həmin separatçılar başa düşməlidir ki, bir erməni silahlısı belə, Azərbaycan ərazisində qalmayacaq”.

zaur_memmedov.jpg (67 KB)

Z.Məmmədov qeyd etdi ki, üçtərəfli bəyanata qarant olan Rusiya bu məsələlərə səssiz qalmalı, Azərbaycan ordusunun ədalətli sülhü bərpa etməsinə imkan yaratmalıdır, əks təqdirdə isə bu ziddiyyət artıq iki ölkə arasındakı münasibətlərdə bir sıra suallar doğuracaq. Hər halda baş verənlər bir daha bunu göstərir ki, üçtərəfli bəyanatda əsas məqam olan məsələ - Rusiya sülhməramlılarının bölgəyə gəlişi ilə erməni silahlı qüvvələrinin oradan çıxarılması yerinə yetirilməyib. Bu, artıq ciddi şəkildə erməni silahlıları ilə Azərbaycan ordusu arasında konfliktin hərbi əməliyyatlar fazasına keçməsinə əsas yaradır. Ona görə də əgər kimsə hərbçilərin söz deməsinə imkan vermək istəmirsə, o zaman diplomatiya işə salınmalıdır. Separatçılara başa salınmalıdır ki, onlar Azərbaycan ərazilərindən çıxmalıdırlar. Lakin əlbəttə, biz bilirik ki, separatçıların, əlisilahlı şəxslərin orda olması bəzi qüvvələrə sərf etməkdədir. Həmin qüvvələr vaxtın uzadılması, Zəngəzur dəhlizinin reallaşmaması, eyni zamanda Qarabağın dağlıq hissəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında ziddiyyətlərin davamlılığında maraqlıdırlar. Ümumiyyətlə, bəzi qonşularımız, cənubdakı və şimaldakı bəzi qüvvələr Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun başlamasında və münasibətlərin mülayimləşməsində maraqlı deyillər. Düşünürlər ki, münaqişənin qalması onların geosiyasi maraqlarının həyata keçirilməsinə kömək edəcək”.

Politoloqun sözlərinə görə, dünya, beynəlxalq münasibətlər sistemi yenidən qurulur: “Sözsüz ki, belə olan təqdirdə biz Azərbaycanın yaxın vaxtlarda Türkiyə ilə birgə regionla bağlı ciddi qərarlar qəbul etməsinə şahidlik edə bilərik. Nə qədər ki, Azərbaycanın üzərinə çox gələcəklər, o halda Azərbaycan və Türkiyənin hərbi-siyasi müttəfiqliyi daha da güclənəcək. Necə ki, biz bunu 44 günlük müharibəyə qədərki dövrdə gördük. 2018-ci ildən başlayaraq, Azərbaycana ciddi şəkildə təzyiqlər var idi. Bu təzyiqlər isə Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyinin möhkəmlənməsi ilə nəticələndi. İndiki situasiyada da müxtəlif istiqamətlərdən edilən təzyiqlər sözsüz ki, Bakı və Ankara münasibətlərini daha da möhkəmləndirəcək”.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR