İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Azərbaycana qarşı təxribat etsə, sərt cavab alacaq-Bakıdan xəbərdarlıq

2103 10.02.2023 11:59 Gündəm A A

Azərbaycan heç kimdən qorxmur və ərazi bütövlüyünü qorumağa, təxribatları ifşa etməyə qadirdir; Türkiyədə zəlzələdən bir neçə saat sonra Azərbaycan ordusunun Kəlbəcər istiqamətində hərbi təlimlər keçirməsinin məqsədi...

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması ehtimalı ilə bağlı iddiaları təkzib edib. Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani fevralın 8-də jurnalistlərə açıqlamasında deyib: “Biz dəfələrlə öz mövqelərimizi ifadə etmişik. Əlaqələri qorumaq və inkişaf etdirmək İran İslam Respublikasının qonşu ölkələrlə bağlı siyasətidir”. İranlı diplomat daha sonra əlavə edib: “İranın bununla bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunu bağlamaq planı yoxdur”.

 “Trend” isə  diplomatik mənbələrə istinadən yazır ki, Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat planlaşdırır,  planda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. Məlumata əsasən, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilib və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.

Bir sözlə, Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var.

Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın Şahid kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür. Məlumata görə, döyüşlərə Ermənistandan olan diversantlar da qoşulacaq. Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Həmçinin, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.

Ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqləyir. Bu barədə haqqın.az da yazıb.

Deyilənlərin reallaşması mümkünmü? Azərbaycanın önləyici tədbirləri olmalıdırmı?

Türkiyənin Qarabağdakı “gözü” - Monitorinq Mərkəzinin 2 ili: ümid  doğruldumu...

 Rövşən Məhərrəmov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini Ermənistanla yanaşı İran, Fransa və digər bir sıra dövlətlər hələ də həzm edə bilmirlər: “Zəngəzur dəhlizinin açılmasına İran imkan vermir. Bunu açıq bəyan edirlər və qırmızı xətləri olaraq elan eləyirlər. İran bununla kifayətlənməyərək sərhədlərimizdə hərbi təlimlər keçirib bizi təhdid etdi. Bu da alınmadı. Bundan sonra Xankəndiyə diversantlarını göndərdi. Bu da ifşa edildi. Ermənistanda reavnşist qüvvələri həvəsləndirən İran və Fransadır. Bütün sadaladığımız və açıqlamadığımız hadisələr, proseslər onu deməyə əsas verir ki, SEPAH-ın üzvlərinin vasitəsilə Ermənistanın Azərbaycana qarşı təxribatlar həyata keçirməyə hazırlaşması barədə yayılan məlumatların doğru olduğuna inanaq. İran Azərbaycana təzyiq etmək, Ermənistanla Azərbaycan arasında sülh yaranmasının qarşısını almaq planlarından əl çəkmir. Mən inanıram ki, nəinki Qubadlı və Laçın istiqamətində, eləcə də digər ərazilərimiz istiqamətində Ermənistanın təxribatlar həyata keçirməsinə hazırlıq gedir. Ermənistan bu hazırlıqları İran-Fransa cütlüyünün planlarına uyğun şəkildə aparır. Burada İranın öz məqsədi, Fransanın isə öz məqsədi var. Fransa Avropa İttifaqı missiyası adı altında Ermənistanda hərbi qüvvələsini yerləşdirmək istəyir. Bu, həm də Rusiyanın bölgədən sıxışıdırılıb çıxarılmasına hədəflənib. Yəqin ki, bu məsələ Rusiyanı razı salmır və Moskva İrəvanı cəzalandıracaq. İrəvan-Tehran-Paris üçlüyü Türkiyənin başının zəlzələ fəlakətinə qarışmasına ümidləniblərsə, böyük səhvə yol verirlər. Əvvəla, Azərbaycan ordusunun kifayət qədər imkanı, gücü var ki, təxribatların qarşısını ən sərt şəkildə alsın və Ermənistanı cəzalandırsın. İkincisi, Türkiyə ilə Azərbaycan arasında bir-birinə hərbi dəstəyin verilməsini qanuniləşdirən Şuşa Bəyannaməsi var. Azərbaycana qarşı istənilən hərbi müdaxilə Şuşa Bəyannaməsinin tələbini dövriyyəyə buraxmış olacaq. Türkiyə silahlı qüvvələri yerindədir və həmişəki gücündədir. Ermənistanı Azərbaycana qarşı təxribata cəlb edəcəksə, bu, İranın, Fransanın Ermənistana qarşı böyük pisliyi olacaq. Eyni zamanda, İran cavab verməli olacaq. Azərbaycan heç kimdən qorxmur və ərazi bütövlüyünü qorumağa, təxribatları ifşa etməyə qadirdir”.

Elxan Şahinoğlu: “Mütləq mənada Türkiyə ilə birgə hərəkət etməliyik”

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, “Ermənistan, İran və ya Rusiya Türkiyədəki zəlzələdən istifadə edib Azərbaycana qarşı hansısa təxribat törədə bilərlərmi” sualı ona görə aktuallaşıb ki, Ermənistanda bir neçə başıpozuq “Türkiyədəki ağır vəziyyətdən istifadə edərək Azərbaycanın mövqelərinə hücum edək” fikrini səsləndirib: “Yaramazlar anlamırlar ki, Azərbaycan Ermənistanı təkbaşına da cəzalandıra bilər. Digər tərəfdən, Azərbaycana Rusiya və ya İran istiqamətindən hər hansı təhlükə yaranarsa, Türkiyə ordusu mövcud çətinliklərə rəğmən, seyrçi qalmayacaq. Heç kəs unutmamalıdır ki, Türkiyədə ağır fəsadları olan zəlzələ baş versə də, ordu yerindədir. Bunu Rusiya və İranda anlamamış deyillər, bir neçə başıpozuq erməni isə ”xəyallarından" çıxış edir. Türkiyədə zəlzələdən bir neçə saat sonra Azərbaycan ordusunun Kəlbəcər istiqamətində hərbi təlimləri keçirildi. Bu, təxribat barədə düşünənlərə mesaj idi ki, bizi sınamağı ağıllarından keçirməsinlər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR