İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkilərə hazırlaşan Gürcüstan - Qərblə Şimal arasında seçim dilemması - TƏHLİL

630 09.07.2024 14:53 Analitika A A

Gürcüstan çox ciddi imtahan qarşısındadır, Qərblə Şimal arasında seçim edəcək. Bu il oktyabrın 26-da Gürcüstan parlamentinə keçiriləcək növbəti parlament seçkiləri ölkənin bu kimi taleyüklü məsələsinin həllinə də ciddi təsir edəcək. Seçkinin nəticəsi həm də Gürcüstanın dövlət olaraq gələcək yolunu müəyyənləşdirməsini həll edə bilər.

Ölkə müstəqilliyini bərpa etdiyi gündən Rusiya ilə Qərb arasında seçim uğrunda mübarizə aparıb. Cənubi Osetiya və Abxaziyada separatizmin baş qaldırması bu seçimdə ikinci tərəfə inteqrasiyanın qarşısını alan başlıca maneə olub. Bu problem 2008-ci il hadisəsindən sonra daha da ağırlaşıb. Gürcüstanın bu iki muxtar respublikası özünü “müstəqil” elan edib və Rusiya da onları tanıyıb. Bununla da ölkənin siyasi vəziyyəti daha da ağırlaşıb. Hakimiyyətdə qərbmeyillilər olduğundan Avropa İttifaqı (Aİ) və ABŞ onunla daha sıx əlaqə saxlayıb, əməkdaşlığı inkişaf etdirməklə ərazi bütövlüyü məsələsinin həllini müəyyən dövrədək təxirə salmağa üstünlük vermişdi.

Ancaq milyarder Bdzina İvanişvilinin "Gürcü arzusu" – Demokratik Gürcüstan Partiyasının hakimiyyətə gəlişi, Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının uğursuzluğu vəziyyəti şimallıların xeyrinə dəyişib.

b4afab14-fc5d-4ba8-bcc3-3a28df13.jpg (158 KB)

Bu ilin mayında Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi ölkədə siyasi qüvvələr arasında cəbhələşməni daha da qətiləşdirib. Prezident Salome Zurabişivili başda olmaqla Vahid Milli Hərəkat Partiyası birlikdə qanun qəbul edilməsinin qarşısını ala bilməyib. Prezident ona veto da qoymuşdu.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu istiqamətdə qəti fəaliyyət göstərəcəklərini əvvəldən acıqlamışdı: “Müxalif nümayişlərə baxmayaraq, bu qanun layihəsini qanuna çevirməkdə qərarlıyıq. Sosioloji araşdırmalara görə, əhalinin 80 faizindən çoxu qeyri-hökumət təşkilatlarının şəffaflığını, 60 faizdən çoxu isə sözügedən mövzu ilə bağlı qanun layihəsini dəstəkləyir”.

“Xarici təsirin şəffaflığı haqqında” qanun “Rusiya qanunu” kimi xarakterizə edilir. Bu qanuna əsasən, maliyyə vəsaitlərinin 20 faizdən çoxunu xaricdən alaraq yaradılan təşkilatlar “Xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyatdan keçməlidir, əks halda, cərimələr ödənilməlidir.

c98a5df3-00a9-3eb4-a023-07a96430.jpg (202 KB)

Qeyd edək ki, ABŞ Konqresi qanunu gürcü xalqının hüquq və azadlıqlarını pozan başqa təşəbbüsləri geri götürməyəcəyi halda Gürcüstana sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Ştatlar bu ölkəyə münasibəti fundamental olaraq dəyişəcəyini gizlətməmişdi.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirməyə başlayıb: “Ümid edirik ki, Gürcüstan hökumətinin yeritdiyi strateji kursun dəyişməsinin şahidi olacağıq”.

Bundan əvvəl Pentaqon keçən həftə 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan birgə təliminin strateji münasibətlərin nəzərdən keçirilməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə bu günlərdə bildirib ki, məlum qanun Gürcüstanı Aİ-dən ayırır: “Hökumət siyasi kursunu dəyişməzsə, Gürcüstan Avropa ittifaqı yolunda irəliləməyəcək”.

78016dc6-939c-35ca-b6ff-39db0a11.jpg (220 KB)

Onun sözlərinə görə, qurum Gürcüstanla siyasi təmasları ixtisar edəcək və rəsmi Tbilisiyə maliyyə yardımını donduracaq.

Qərb sanksiyaların tətbiqinə artıq başlayıb. Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə keçirilən beynəlxalq konfransda bildirib ki, ölkənin ittifaqa inteqrasiya prosesi dayandırılıb. Onun sözlərinə görə, "Xarici agentlər haqqında" qanun qüvvəyə mindiyindən Gürcüstan Müdafiə Nazirliyinə 30 milyon avro ayrılması məsələsi də təxirə salınıb.

Prezident Salome Zurabişvili Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin və 30 milyon avroluq maliyyə yardımının dayandırılması ilə bağlı qeyd edib ki, Aİ-nin atdığı addım hökumətin anti-Avropa və anti-Qərb ritorikasına, hərəkətlərinə, hakim partiyanın yarıtmaz və düşmənçilik siyasətinə cavabdır.

Bir müddət öncə Gürcüstan parlamentin sədri Şalva Papuaşvili Qərbin sərt davranışı ilə bağlı belə münasibət bildirib: “Çox təəssüf ki, bu gün nə ABŞ, nə də bəzi Avropa ölkələri Gürcüstandakı təsirlərinin şəffaf olmasını istəmir”.

O deyib ki, bu istiqamətdə şəffaflığın bəzi xarici ölkələrin maraqlarına uyğun olmaması təbiidir: “Qanun gürcü xalqının maraqlarına uyğundur. Konqres şəffaflığın təmin edilməsi əvəzinə, Milli Demokratiyaya Dəstək Fondunu gizli şəkildə maliyyələşdirir. Bu zaman isə Gürcüstandakı siyasi partiyalar və radikal qruplar əksinə, gizli xərcləmələri təşviq edirlər”.

Gürcüstan hökuməti və onun sponsoru İvanişvili Qərblə münasibətləri saxlayacaqlarını bildirsə də, görünür, bu əlaqələrin, əməkdaşlığın aydınlaşması üçün payızı gözləməyə ehtiyac qalmayacaq.

46338ad1-3ee7-39ef-9030-540e1dea.jpg (51 KB)

Hakim partiya təkzib etsə də, Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazırlaşır. Bu istiqamətdə münasibət 2008-ci il avqustun 8-də Abxaziya və Cənubi Osetiya ilə bağlı baş verən hadisələrdən sonra pozulmuşdu. Tərəflər arasında münasibətlərin yumşaldığını faktlar da təsdiqləyir. Rusiya Prezidenti Gürcüstan vətəndaşlarına viza rejiminin ləğv edilməsi və iki ölkə arasında birbaşa uçuşlara tətbiq edilən qadağanın aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb. Salome Zurabişivili bunu “təxribat” adlandırsa da, ovaxtkı Baş nazir İrakli Qaribaşivili rəsmi Moskvanın bu addımını alqışlayıb.

Gürcüstanın Avropa İttifaqı ilə əlaqələri artıq çat verib. Bu, həm də rəsmi Tbilisiyə və gələcəkdə isə dövlətə etimada zərər verəcək. Gürcüstanın siyasi, iqtisadi əlaqələri kəskin şəkildə dəyişməsi ölkənin avrointeqarsiyasına mane olacaq. Seçkidə İvanişvilinin partiyası qalib gələrsə (onun bu siyasi kampaniyanı udacağı ehtimalı daha çoxdur), Gürcüstanın Cənubi Qafqazda yenidən Rusiyanın plasdarmına çeviriləcəyi gözlənilir. Bu baxımdan, bölgədə təzadlı vəziyyət yaranıb.

Ermənistan Qərbə inteqrasiya etmək üçün Rusiya ilə münasibətləri pozmağa, ondan uzaqlaşmağa çalışır, ancaq Gürcüstan torpaqlarında iki “dövləti” “tanıyan” Rusiyaya yenidən yaxınlaşmaqla avrointeqrasiyadan imtina etməyə hazırlaşır.

Bu iki dövlətin belə davranışı perspektivdə regionda da problemlər yarada bilər. Güclərin mübarizəsindən bir qayda olaraq ən çox ziyan çəkən zəiflərdir. Qərblə Şimal arasındakı qarşıdurmadan Ermənistan və Gürcüstanın uğur qazanacağı ehtimalı azdır. Çünki, ən azından, hər iki ölkənin iqtisadiyyatı daha çox asılı vəziyyətdədir...

Sədrəddin Soltan,
Report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR