İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki bitdi, yeni SEÇKİ gəlir: siyasi partiyalar mandat yarışında iştirak edəcəkmi?

1484 13.02.2024 15:16 Siyasət A A

Növbədənkənar prezident seçkisi bitdi. İlham Əliyev səslərin 92,12 faizini toplayaraq namizədlər arasında lider oldu.

Musavat.com-a verilən məlumatda bildirilir ki, yaxın aylar içində ölkədə yeni seçkiyə start veriləcək. Bu, parlament seçkisi olacaq. Siyasi dəhlizlərdə dolaşan referendumun isə bu il olmayacağı barədə bilgilər almışıq.

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlananda və müzakirə olunanda əksər partiyalar proporsional seçki sisteminin tətbiqini təklif edirdilər. Onlar ümid edirdilər ki, yalnız bu halda partiyaların gerçək gücü görünəcək.

Etibarlı qaynaqların Musavat.com-a verdiyi məlumata görə, referendum olmayacağı üçün Seçki Məcəlləsi də dəyişməyəcək və hər şey əvvəlki kimi qalacaq - qarışıq sistemlə deyil, seçkilər majoritar qaydada olacaq.

Belə olan halda siyasi partiyalar seçkilərdə hansı qaydada iştirak edəcəklər? Ümumiyyətlə, bu mövzuda nələr düşünür və planlayırlar?

Musavat.com bir neçə partiya sədri ilə əlaqə saxlayıb, bu şərtlərlə növbəti parlament seçkilərində iştirak edib-etməyəcəklərini öyrənməyə çalışıb.

arzuxan.jpg (94 KB)

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, qanunvericiliyin və Konstitusiyanın tələblərinə müvafiq olaraq parlamentin fəaliyyətinin 4 ili tamam olduqdan sonra həmin ilin noyabr ayının birinci bazar günü seçki keçirilməlidir.

Partiya sədri qeyd edib ki, bundan öncəki parlament seçkisi də növbədənkənar keçirilib, yəni bu ilin noyabrın 3-də seçki keçirilməlidir:

“Azərbaycanda noyabr ayında çox böyük COP29 tədbiri keçiriləcək. Bu da çox sayda qonağın gəlişi deməkdir. Eyni zamanda dekabr ayında da bələdiyyə seçkiləri keçiriləcək. Fikrimcə, bir ay yarım ərzində iki seçkinin keçirilməsi real görünmür. Ehtimal edirik ki, parlament seçkisinin keçirilməsi üçün referendum olmalı, Konstitusiyaya müvafiq düzəlişlər edilməlidir. Əks təqdirdə noyabrın 3-də seçki keçirilməsi real deyil”.

Tural_Abbaslı.jpg (105 KB)

Ağ Partiya başqanı Tural Abbaslı isə Musavat.com-a açıqlamasında referendum keçirilməsinin, proporsional seçki sisteminin yenidən tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd edib.

T.Abbaslının fikrincə, çoxpartiyalı sistemin inkişafı üçün proporsional seçki sistemi çox önəmlidir:

“Hesab edirəm ki, demokratiyanın inkişafı, eyni zamanda peşəkar siyasi səhnənin formalaşması üçün proporsional seçki sistemi əhəmiyyətlidir. Ola bilər ki, referendum keçirilmədi. Hər bir halda AĞ Partiya olaraq seçkidə iştirak edəcəyik. Daha çox dairəni əhatə edərək parlamentdə təmsil olunmağa çalışacağıq”.

FEREC.jpg (76 KB)

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə mövzunu Musavat.com-a belə şərh edib:

“Seçkinin keçirilib-keçirilməyəcəyi barədə məlumatım yoxdur. Hər bir halda yanaşmamız budur ki, biz seçkilərdə iştirak edirik. Partiyanın məqsədi hakimiyyətə gəlmək, düşüncəsini reallaşdırmaqdır. Bəzi partiyalar siyasi fəaliyyətdə iştirak etdiklərini bəyan etsələr də, seçkidə iştirak etmirlər. Biz bütün seçkilərdə iştirak etmişik və bundan sonra da iştirak edəcəyik. Növbədənkənar prezident seçkisində öz namizədimizlə iştirak etməsək də, yüzlərlə dairədə, məntəqələrdə müşahidəçilərimiz monitorinq apardı. Mən də, üzvlərimiz də sərbəst qaydada səsvermədə iştirak etdik. İstənilən seçkidə iştirak edib-etməmək barədə qərarı partiyanın Ali Məclisi qəbul edir. Seçkidə iştirak edəcəyəm. Seçkidə iştirak edəcək hər kəsə uğurlar arzu edirəm”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR