İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçicilərlə görüşən deputatın şantajı

1750 03.06.2023 10:20 Yazarlar A A

“Qurunun oduna yaş da yanır”

(el məsəli)

Bugünlərdə gömrükdə 2 yüksək vəzifəli şəxs “yaş həddi” çatdığı üçün pensiyaya yollandı. Vətəndaşlarımız belə gözütox adamları görəndə çox sevinirlər. İlin-günün bu vaxtında, quzu ətinin kilosunun 20 manata yaxınlaşdığı ərəfədə o cür yağlı-buğlu vəzifədən getmək olarmış. Şəxsən mənim özümü 1995-ci ildə gömrüyə işə qoymağa 3 min dollar istəmişdilər, əgər ağlım olsaydı indi generaldan-zaddan almışdım, siz də belə mənasız yazıları oxumaq əvəzinə kabinetimin qabağında boynubükük dayanıb “rəis, bamadura icazə ver, aparaq Rasiyaya”, “bının haqqı nə qədərdir, verək, keçirdək” deyirdiniz. Xəyalı belə gözəldir, ehh...

Pensiyasını xımır-xımır yeməyə yollanan yoldaşlardan birinin ismi-şərifi ilk anda diqqətimizi çəkdi: Rauf Rzayev. Rzayev soyadı ölkəmizdə əsasən Anar müəllimin klanını təmsil edir. Lakin Anar müəllim nə yaş, nə quru hədd tanımır, özü pensiyaya çıxmamışdır, hələ 300 il AYB sədri olmaq qərarı almışdır, deməli, bu variant inandırıcı gəlmir - özün vəzifədə olarkən qahımların niyə işdən çıxmalıdır? Bu, bizim dövlətçilik fəlsəfəsinə qətiyyən, hətta qətiyyətlə uyğun gəlmir!

İkinci variantı araşdırdıq, sən demə, bu yoldaş təzəlikcə Ali Məhkəmə sədrliyindən pensiyaya göndərilmiş Ramiz Rzayevin doğmaca qardaşıymış. Daşlar yerinə oturur. Ramiz müəllim işdən çıxıbsa, sən niyə qalmalısan? Hansı haqla? Hərənin özünə görə qardaşı-bacısı var, bunları da gömrüyə düzəltməliyik. Zaman gedir, zaman gözləmir.

Maraqlıdır ki, Ramiz müəllim şəxsən pensiyaya çıxmaq istəmirdi, hətta müsahibə vermişdi, deyirdi yaş həddi bizə aid olmur, qara camaata aiddir. Ancaq rəhbərlik gözünü ağardan kimi ərizəni yazdı. Müsahibənin mürəkkəbi qurumamış. Və Ramiz müəllimin gömrükçü qardaşı da domino effektiylə onun ardıyca yıxıldı. Halbuki Ramiz müəllim AM sədri olanda onun Qərb (Tovuz-Qazax-Gəncə), Şimal (Xaçmaz-Sumqayıt) istiqamətləri üzrə rəis işləyən qardaşı Rauf müəllimə milçək də qonmurdu. Qorxusundan. Gömrükdə malın ilişib? Rüsum əvəzinə rüşvət alırlar? Canın cəhənnəmə. Rəisi gör, postu çap. Əks halda, mələyə-mələyə qalarsan, çünki bizdə heç bir məhkəmə hakiminin, o əski teletamaşada deyilən kimi, “DÖT-ü” - dövlət təminatı çatmazdı AM sədrinin qardaşına qarşı işə baxsın.

İndən belə, inşallah, hər şey yaxşı olacaqdır. Şimal tamojnasında gül gülü, bülbül bülbülü çağıracaqdır. Şair Baba Pünhan gəlib vəziyyəti vəsf edəcəkdir:

“Bağı aldın, evi aldın, amma doydum demədin,

Qoymadın heç mənə bir metrə qala, nolub ala?

Xəzərə çəkdin hasar, ruhuma qoydun gömrük,

mülkü tikdin, məni saldın kanala, nolub ala?"

Bu arada hörmətli deputatlarımızdan birinin oğlunu şantaj eləyən zənəni 3 il həbsə atmışlar. Zənən oğlana zəng vurub deyirmiş: “Məndə atanın pis-pis şəkilləri var, dərc eləyəcəyəm, biabır olacaqsınız, pul gətir”.

Deputatın oğlundan üst-üstə bu məqsədlə 1500 manatdan çox pul alınmışdır. Maraqlıdır ki, bu oğlan bir zaman vergi müfəttişlərini papasının obyektindən qovmuşdu. Vergidən yayınmaq intim fotolardan daha məsum hərəkət sayılırsa, bizim gələcəyimiz parlaqdır.

Ancaq mən araşdırdım, əslində bizim deputatları intim fotolarla şantaj etmək çətindir, hətta yersizdir. Bəs fotolarda hansı hərəkətlər əksini tapıbmış? Sən demə, deputat seçicilərlə görüşübmüş! Onların problemlərini həll edirmiş! Dəhşətdir. Belə fotoların dərci istənilən deputatı yaş həddi ilə işdən qovmaq hökmündədir.

Bizdə bir deputat var, onu lap biabırçı foto ilə qorxudurlar: gizli kamera ilə çəkilən həmin şəkildə hörmətli deputatımız qanun layihəsi hazırlayır. Təsəvvür elə. Əsl biabırçılıqdır. Bunu çap eləsələr, internetdə yaysalar, gərək adam içinə çıxmasın. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR