İnsanlara hürriyət, millətlərə istiqlal!

“Schwabedən soruşuram, niyə eyni münasibəti insan haqları hər gün pozulan Fransaya göstərmirsiz?!”- Deputat

785 26.01.2024 14:12 Siyasət A A

 

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə dair çağırışın müəllifi olan Almaniya Parlamentinin üzvü Frank Schwabe (“BBC Azərbaycanca”) Azərbaycana qarşı qərəzli açıqlamalar verib. O, AŞPA-nın  fevralın 7-də Azərbaycanda keçiriləcək erkən prezident seçkilərini müşahidəyə dəvət edilməməsini xüsusi vurğulayıb: “Bu, hər bir ölkənin öhdəliyidir, bütün digər ölkələr buna hörmətlə yanaşırlar.

Lakin Azərbaycan bizi dəvət etmədi, onlar ATƏT-i dəvət etdilər. Bu, Azərbaycanın istəyinə bağlı olan bir şey deyil. Rəsmi Bakı qərar verə bilməz ki, bu təşkilatı istəyir, digərini isə yox. Onlar bizi dəvət etməli idilər. Lakin bunu etməmələri bizə aydın cavab idi və bu davranışı dayandrmalı olmağımız barədə bir siqnal vermiş oldu. Amma bu hər şeyin də sonu demək deyil. Əgər Azərbaycan bu təşkilatda ona hörmət edilməsini və nümayəndə heyətinin geri qayıtmasını istəyirsə, onlar əməkdaşlıq etməlidirlər”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Musavat.com-a deyilənlərin tamamilə yanlış, qərəzli olduğunu bildirdi: “Zaman-zaman Avropanın müxtəlif qurumları arasında fərqli məsələlərlə bağlı fikir ayrılığı olub. Bəzən də bu, münasibətlərin ciddi gərginləşməsinə qədər gedib çıxıb. Amma indiki halda bir neçə mühüm məqam var. 30 il ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. Bu qədər evlərimizi, məktəblərimizi dağıtdılar, hətta məscidlərimizi təhqir edib, donuz saxladılar. Amma Ermənistanın işğalçı əməlləri ilə bağlı heç bir addım atılmadı, heç bir qərar qəbul edilmədi. Niyə bu gün Azərbaycan əzəli torpaqlarını azad edən kimi, ərazi bütövlüyünü təmin edən kimi Avropanın bütün təsisatları Azərbaycana qarşı hücuma keçdi? Niyə bizə qarşı belə sərt qərarlar verilməyə başlanıldı? Ermənistanın burada qırğınlar, faciələr törətməsinə baxmayaraq, onunla bağlı nə bir bəyanat, nə də qərar qəbul edildi.

Əgər Schwabe Azərbaycana qarşı danışırsa, mən də ona bir sual verirəm. Fransada  bu qədər insanın hüquqları pozulur, Fransa polisi “sarı jiletlilər”ə qarşı ən sərt addımları atdı, yəqin Schwabe polislərin vətəndaşları necə qəddarcasına döydüyünü görmüşdü, nə qədər insanın həbs olunduğun da yaxşı bilirdi. Niyə Fransaya qarşı bu cür addımlar atılmır. Almaniyanın özündə, başqa ölkələrdə də bunun şahidi olmuşuq”. 

1661842053_404613.jpg (29 KB)

Qaldı ki, Azərbaycanın seçkilərdə hansı təşkilatı çağırıb-çağırmamasına, deputat dedi ki, bu, Azərbaycanın öz hüququdur, hansı qurumu çağırır, hansı qurumu çağırmır: “Bu gün ATƏT-lə Azərbaycan arasında konstruktiv əməkdaşlıq var. Amma bu gün Avropa Şurasının Parlament Assambleyası Azərbaycana qarşı düşmən mövqeyi nümayiş etdirir.

Laçın dəhlizi ilə bağlı, monitorinqlərlə bağlı fikirlər də səsləndirmişdilər. Bunlar da Azərbaycanın daxili işidir. Əgər Azərbaycanın aidiyyəti qurumları belə bir qərarı qəbul ediblərsə, bunun da əsası var. Azərbaycan müstəqil dövlətdir, təhlükəsizlik və digər məsələlərlə bağlı zaman-zaman qərar qəbul edə bilər. Ona görə də burada insan hüquqlarının müdafiəsi bəhanəsi ilə bu cür düşmənçiliyi pərdələmək, bu cür qərəz irəli sürmək bu qurumun, Schwabe kimilərin nə qədər simasız, mənəviyyatsız, nə qədər bizə qarşı düşmən mövqeyində olduğunu  açıq-aydın göstərir. Əgər onlar bərabər, eyni münasibət, eyni yanaşmadan danışırlarsa, bunu bütün dövlətlərə, ölkələrə nümayiş etdirsinlər. Biz bilirik ki, bu, haradan qaynaqlanır. İnsan hüquqları pərdəsi altında çirkin əməllərini gizlətməyə çalışmasınlar”.

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR