İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahbaz Xuduoğlunun “Türkiyə türkcəsi dövlət dili olsun” fikri qalmaqal yaratdı

1072 18.02.2023 08:39 Gündəm A A

“Dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı. Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik”.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun bu fikirləri iki gündür ki, müzakirə mövzusuna çevrilib. Əksər sosial şəbəkə istifadəçiləri onun bu fikirlərini tənqidlə qarşılayıb. Məsələ ilə bağlı tanınmışlar da öz fikirlərini bölüşüb.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır: “Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur. Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər. Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq. Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa özümüzə baxaq!

Bakupost.az - Sabir Rüstəmxanlı səfirlikdən şikayətləndi: "Nə iş  gördü..." - VİDEO

Sabir Rüstəmxanlı: “Şahbaz Xuduoğlu ədəbi dilimizin taleyinə acıdığı üçün belə yazıb”

Şahbaza hücum çəkməkdənsə dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür. O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb".

Millət vəkili, akademik Nizami Cəfərov isə məsələ ilə bağlı Teleqraf.com saytna açıqlamasında, Şahbaz Xuduoğlunun tanınmış ziyalılardan biri olduğunu bildirib: “Səmimi deyim ki, kitab nəşri sahəsində onun tarixi xidmətləri var. Çox dəyərli işlər görür. Amma Şahbaz müəllimin bu fikri ifrat kitab kommersiyası marağından irəli gəlir. Təbiidir ki, Türkiyə türkcəsində, rus dilində kitablar çox oxunur. Çünki hər iki dilin inkişaf və yayılma səviyyəsi var. Beynəlxalq dillər arasında fəxri dördüncü yer rus dilinə məxsusdur. Türkiyə türkcəsi də beynəlxalq dil iddiasındadır. Azərbaycan dili beynəlxalq deyil, buna görə də digər dillərlə müqayisədə daha az kitab oxunur.

Dil xalqla bir yerdə yaranır. 100 illərdir ki, xalqımız Azərbaycan dilini yaradıb. Əgər müstəqil Azərbaycan dilindən imtina ediriksə, onda müstəqil xalq olmağımızdan da imtina edirik. Bu, ağlasığmaz bir məsələdir. Elə dillər var ki, inkişaf etmir, müəyyən müddətdən sonra xalqla bir yerdə məhv olur. Amma Azərbaycan dilini belə bir təhlükə gözləmir".

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli isə “Yeni Müsavat”a açıqlamasında Şahbaz Xuduoğlunun fikirlərinin Azərbaycan dilinin dövlət statusuna qarşı həqarət olduğunu deyib: “Hesab edirəm ki, bu gün  Azərbaycan dilinin işlənməsi ilə bağlı problemlər var və bu dəfələrlə müzakirə olunub, biz də bu barədə  çox danışıb, yazmışıq. Lakin bu gün durub demək ki, Azərbaycan dövlət dilini dəyişdirib türk dili edək, bir dövlət, bir dil olsun və sairə, hesab edirəm ki, hansı niyyətlə və hansı tərzdə deyilməsindən asılı olmayaraq, bu cür yanaşma çox zərərlidir, Azərbaycan dilinin dövlət statusuna qarşı həqarətdir, onu aşağılamaqdır. Bunun arxasında  görünməyən çox meyillər var və gələcəkdə çox ciddi şəkildə ziyan vura bilər.

Qulu Məhərrəmli: Problemləri sosial şəbəkələrdə yox, televiziyada müzakirə  etmək lazımdır - 20.02.2021, Sputnik Azərbaycan

Qulu Məhərrəmli: “Onun fikirləri Azərbaycan dilinin dövlət statusuna qarşı həqarətdir”

Ümumiyyətlə bizim bəzi yazarlarımız,  naşirlərimiz Azərbaycan dili ilə bağlı çox həqarətli danışırlar. Əlbəttə ki, dilin özü naqis deyil, bu dildə yaza, danışa bilməyənlər, onun fəlsəfəsini anlamayanlar, gözəlliyini duymayanlar, fikirlərini yaxşı ifadə edə bilməyənlər bu cür danışa bilərlər. İnsanın özünün  təfəkkür problemləri ola bilər, amma bunun günahını dildə axtarmaq olmaz ki. Bu dil illərdir mövcuddur. Bu dildə nə qədər əsərlər yazılıb, folklor var, Dədə Qorqud var, Nəsimidən, Füzulidən bu yana nə qədər əsərlər yaradılıb. Biz bu dillə böyümüşük, millət bu dillə formalaşıb.

İkinci bir tərəfdən, dilin statusuna qarşı çıxaraq, guya ki biz yoxuq, yalnız Türkiyə var və biz də bir dövlət olaraq onun arabasının təkərinə qoşulaq, yaxşı bəs onda biz kimik? Ona görə də türk anlayışı, türk dili, türk toplumu  bu bir ağacdır, onun ayrı-ayrı budaqları var və Azərbaycan da o ağacın güvənli budaqlarından biridir. Bir dili o birisinə qarşı qoymaq, bu cür dolaşıqlıq yaratmaq, dilə bu cür həqarətlə yanaşmaq olmaz. Şahbaz Xuduoğlu Azərbaycanda kitabın təbliği üçün çox böyük xidmətlər göstərmiş adamdır. Amma onun bu cür danışıqları insanları incidir. Bu cür olmaz".

Xalidə GƏRAY,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR