İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagirdlərin dezinfeksiyası

1552 24.05.2023 10:55 Yazarlar A A

Yaxud sosial vəziyyətdə dərəcəli yanıqlar

Mövzuya keçməzdən öncə bir yazımıza gələn oxucu rəyini bura qoyaq. Diqqətli oxucular xatırlayar, təzəlikcə YAP partiyanın nüfuzuna xələl gətirən 15 nəfəri öz sıralarından qovmuşdu, bu isə bizim marağımızı cəlb etmişdi. O adamlar konkret olaraq kimdir, nəçidir, YAP-ın nüfuzuna hansı üsullarla xələl gətirmişlər, yeni siyasi partiya qanunu qüvvəyə minmişdir və 15 nəfəri azalarsa, bu, YAP-ın Ədliyyə Nazirliyində yenidən qeydiyyatına əngəllər törədə bilərmi və sairə - ortada dolaşan suallar çoxdur, hətta bəzən sualların qaranlıq meşəsində azırıq. Hazırda da axtarışlarımız davam edir. Meşə demişkən, fürsətdən istifadə edərək 23 may - meşəbəyilər bayramı münasibətilə hörmətli ekologiya zəhmətkeşlərimizi təbrik edirəm.

Nəsə, söhbət mənasız yerə çox uzandı, nəhayət, köhnə dostumuz Məğrub Bədəlsoyun rəyini yazıram: “O 15 nəfər yəqin pensiya yaşına çatıb işdən çıxarılan məktəb müəllimləridir. Onların əmək haqqının, yanılmıramsa, 2 faizi YAP-a üzvlük haqqı kimi məcburi tutulur. Pensiyaçılardan isə bu pulu məcburi tutmaq çətindir. Könüllü vermək istəməyənlər də partiyanın nüfuzuna, büdcəsinə ləkə saldıqlarına görə partiya sıralarından qovulurlar”. Ola bilər. Qədim zamanlarda işlətdiyimiz üsulla “hər versiyanın yaşamaq haqqı vardır” yazıram.

Mövzu isə elə təhsil sistemində rast gəldiyimiz qəribə statistikalardır. Məsələn, bu yaxında mən nazirliyin, ya da Bakı Təhsil Şöbəsinin adından bir məlumat oxumuşdum: “Keçən il paytaxtda 91 uşağın məktəbdən yayınması müəyyən edilib, onlar təhsilə cəlb olunmuşdur” və sairə. Bizim ev məktəbin yanındadır, mən özüm hər gün hasardan aşıb dərsdən qaçan azı 191 uşağın ayağından tuturam ki, yerə dəyib başları partlamasın, sonra xəstəxanada müalicəsiz qalıb ölməsinlər.

Yeri gəlmişkən, buradan səhiyyə sistemimizə və sosial müdafiə işinə baxan bir sürü müftəxora 2 yaşlı balakənli uşağın müalicəsində göstərdikləri yaramazlığa görə “ayıb olsun” deyirəm. Uşağın fotosu internetdə yayılıb. Keçən il 27 dekabrda uşaq evdə yanıb, Balakən xəstəxanası Bakıya göndərib. Paytaxtın Nərimanov Tibb Mərkəzindəki yanıq mərkəzində isə 2-ci dərəcəli yanıqları olan uşağı cəmi 2 gün saxlayıb, 30 dekabrda faktiki başlarından eləyiblər. Adını da qoyublar guya evdə ambulator müalicəyə göndərilir. Nəyə görə? Çünki uşaq kasıb ailədəndir. Ata gözətçi, ana işsiz. Bakı xəstəxanalarında buna kim yiyə duracaq, heç kim... Nəticədə 5 aydır yazıq uşağın yanıq yerləri sağalmır. Ailəyə yardım da vermirlər gedib dərman alsın. Əvəzində deputatlar hərdən millətə uşaq pulu vəd edirlər. Türk şairi demişkən: “Ümit fakirin ekmegi, ye, Memet, ye”. Uşağın yanıq dərəcəsi həm də onun ailəsinin ölkəmizdəki yerini göstərir - 1-ci sort insanlar da var, 2-ci dərəcəli də.

Qayıdaq 91 uşağın dərsdən yayınması məsələsinə. (İndi dəqiqləşdirdim, insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun xəbəri imiş. Bizdə belə vəzifə də var, muştuluğumu verin). Bütün il boyu cəmi bu qədər şagird tapıb məktəbə qaytarıblar. İnanan daşa dönsün. Hərdən baxırıq 13 yaşlı uşaqlar hətta ərə gedir, nişanlanır, qoşulub qaçır. Şağirdləri məktəbə bağlayan iplər süzülüb, üzülüb.

O mənada, Şəkidəki məktəbdən dünən gələn “27 nəfər müəllim və şagird zəhərlənib” xəbəri anlaşılandır. Deyir məktəbə dezinfeksiya dərmanı töküblərmiş. Məktəb laboratoriyasında siçanlar və qurbağalar yerinə birbaşa uşaqlar üzərində təcrübə qurulması maraqlı prosedurdur. Adətən belə məqamda ağsaqqal və ağbirçəklər “bizim vaxtımızda müəllimə hörmət vardı, sovetin məktəbi belə deyildi” söyləyir, mən söyləmirəm. Bundan da pis idi, açığı.     

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR