İnsanlara hürriyət, millətlərə istiqlal!

Sağınçılıq problemləri

1856 18.10.2022 09:20 Yazarlar A A

İnəkləri həvəsləndirmək üçün ədəbiyyat yox səviyyəsindədir

Deputatlardan biri kənddə inəkləri sağmağa zənən xeylağının çatışmadığından şikayətlənibdir. Doğrudan da böyük problemdir. Bazarda süd, qatıq, ayran qıtlaşıbdır. Qatıq adamlar artır, lakin təmiz qatıq azalır. Süd var, yarısı sudur. Ayran da heç, ona təzə ad qoymaq üçün Dədə Qorqudu Mədəniyyət Nazirliyinə çağırıblar, görək axırı necə olacaqdır.

Təbii ki, bunun elmi səbəbləri vardır. Əgər hamı UZİ vasitəsilə qız uşaqlarını abort etdirirsə, inəkləri kim sağsın? Bu haqda hələ ulu babalarımız uzaqgörənliklə qeyd etmişlər: “Sən ağa, mən ağa, inəkləri kim sağa?” Yox, məncə, bu məsəl hürmətli deputatımızın aqrar narahatlığını tam ifadə etməyə yaramır. Ən çox bu şeir uyğun gəlir, lakin müəllifi bilmirəm kimdir: “Sevgilim dağ başında inək sağırdı, Əgər yar məni sevmirdisə, inək niyə mənə baxırdı?” İnəklərin çox məsum, hüznlü, kədərli baxışları olur, bunu da yazım, şəhərli oxucularımız öyrənsin.

Lakin deputat kənddə tarlanı suvarmağa oğlan uşaqlarının da çatışmadığını söyləmişdir. Deyir bir-iki nəfər yoluq-moluq cavan var, nə su sulaya bilirlər, nə dəlləklik edirlər (açığı, cuvarlıqla - suçu işinin qədim adı bu cürdür - bərbərlik sənəti arasında hansı üzvi əlaqənin olması mənə qaranlıq qaldı).

Deməli, günahı təkcə UZİ-də axtarsaq yanılarıq. Burada daha geniş sosioloji-iqtisadi, bioloji-psixoloji səbəblər vardır. Ancaq ona qalsa deputatlarımız da düymə basa bilmir. Biz bundan şikayət edirik? Yox. Biləcərinin deputatını diri görən axırıncı seçicini 30 il qabaq parovoza mindirmişik, gedər-gəlməzə yollanıb. O vaxtdan gözümüz yollarda, qəlbimiz intizardadır.

Üstəlik, elə bilir havayı işdir inək sağmaq... Çox ağır peşədir. Gərək vedrəni inəyin altına düzgün yerləşdirəsən, pozisyon uğurlu seçilsin, məmələrə ehtiyatla, nəvazişlə, məhəbbətlə, heyvan hüquqlarını qorumaqla təmas edəsən. Yoxsa inək təpik atar, süd dağılar, hələ lap hirslənsə dırnağıyla əngini dağıdar. Bu haqda el ağzından bir sayaçı sözünü yazaq, oxucular feyziyab olsun:  “Nənəm a şişək qoyun, Yunu bir döşək qoyun, Bulamanı tez yetir, Qırıldı uşaq, qoyun”. Düzdür, bu inəyə aid deyil, hələlik qane olun, görüm axırda inəyə aid bir şey fikirləşərəm.

Bunu qoyum orada qalsın, başqa bir hörmətli deputatımız Aqil Abbas isə Azərbaycan Yazıçılar Birliyinin qurultayı barəsində danışarkən maraqlı ifadə işlətmişdi: “Əgər Anar müəllim olmasaydı, onu yaratmaq lazım gələrdi”. Həqiqətən, bu dəqiqə yazıçılarımız Anar müəllimdən sonra Yazıçılar Birliyinin taleyindən çox nigaran qalıblar (halbuki Anar müəllim sapsağlamdır, niyə təzə namizəd arayırlar, bunun özü sual doğurur). Orada da kadr problemi ilə üzləşmişik. 2500 AYB üzvü arasından hətta yalandan, zarafat üçün də alternativ sədr namizədliyi irəli sürmək dünyanın ən böyük məşəqqəti olubdur. Dövlət nə eləsin, bacardığı qədər yardım əlini uzadır. Hətta təzə namizəd üçün kredit tranşı ayrıldı, xeyri olmadı. Yenə Hafiz Hacıyev şeir yazsa, namizədiyini irəli sürərdik. Zahid Orucun yaxşı hekayələri və metamorfoz üslubunda romanları var, lakin o da AYB sədri olmaq istəmir. Görünür, alınan krediti qaytarmaq haqda düşünür. Doğrudan da, AYB qurultayın kreditini qaytara bilməsə, bank gəlib “Ulduz” jurnalını apara bilərmi? Bu sual mütəxəssislərimizə aiddir. Suyu arxa döndərib, beş dəqiqə buna cavab yazın.

Nəhayət, bir folklor nümunəsi tapmışam, deyir bunun müşayiəti ilə inəyi sağanda yaxşı süd verir, əsərdə inəyə böyük hörmət qoyulmuşdur, özünüz görəcəksiniz, deputatlardan xahiş edirik onu qanuna salsınlar, kənddə hamı məcbur oxusun, süd istehsalı artsın:

“Dutum, dutum,

Nənəm, dutum,

Səni sağan,

Dutum, dutum,

Mənəm, dutum,

Bacım, dutum".

Ceyran haqda min şeir var, inək haqda yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR