İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimatı keçirildi - FOTOLAR

795 19.05.2022 17:11 Mədəniyyət A A

Mayın 19-da Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

Musavat.com bildirir ki, Azərbaycan Milli Kitabxanasında keçirilən mərasimdə millət vəkilləri, tanınmış yazıçı və şairlər, ictimai xadimlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov  bildirib ki, Xalq şairinin 75 illiyi ilə əlaqədar Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrafiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılıb. Qeyd edilib ki, kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir. Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulub.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli də çıxış edərək, Xalq şairi Sabir Rüstəmxanlını həm 75 illik yubileyi, həm də yeni kitabının təqdimatı münasibəti ilə təbrik edərək, ona uğurlar diləyib:

“Bəxtiyar Bahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Arazdan sonra milli vətəndaşlıq poeziyasını yaradanlar sırasında Sabir Rüstəmxanlı öndə gedir. Hələ gənclik illərindən, bədii yaradıcılığa başladığı dövrdən bu günə qədər yazdığı əsərlərin baş mövzusu vətən, millət, müstəqillik, dövlət, azadlıq, xalqın taleyi ilə bağlı olan məsələlərdir. 

Fəxr ilə deyə bilərəm ki, Sabir Rüstəmxanlı özünün vətəndaşlıq motivləri üzərində köklənmiş əsərləri ilə Azərbaycanın milli istiqlalına çox böyük fayda verib, yüksək səviyyədə xidmət göstərib. Azərbaycanda milli-mənəvi dəyərlərin, milli azadlıq düşnücəsinin, azərbaycançılıq ideologiyasının, türk  dünyası üfüqlərinin dərk, şərh, vəsf olunmasında Sabir Rüstəmxanlının müstəsna xidmətləri olub”.

AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas, professor Tehran Əlişanoğlu isə qeyd edib:

“Müstəqillik dövrü ədəbiyyatının yaradıcılarından biri,  hətta birinci tədqiqatçısı Sabir Rüstəmxanlıdır. Müstəqillik hərəkatı yaranandan müstəqillik ideyasını ədəbiyyata ilk gətirənlərdən biri Sabir Rüstəmxanlı olmuşdu. Bu, onun həyatı yolu , bioqrafiyası və yaradıcılığı ilə öz təsdiqini tapır”. 

Tədbirdə iştirak edən millət vəkili Fəzail İbrahimli də Sabir Rüstəmxanlı yaradıcılığı haqda danışıb:

“Mən ədəbiyyatçı olmasam da 30 ildir ki, Sabir Rüstəmxanlı ilə həmkirəm. Onun yaradıcılığını əsasən 3 hissəyə bölərdim. 

İlk olaraq 70-ci illərdə olan yaradıcılığı haqqında deyə bilərəm ki, həmin vaxtlar dərc edilən “Sevgim, sevincim”, “Xəbər gözləyirəm” kitabları ilə Sabir Rüstəmxanlı artıq şairlik keyfiyyətlərini ortaya qoyaraq bəyan etdi ki, Azərbaycan şairləri sırasına gəlib. 

İkinci hissə isə onun yaradıcılığında ağır bir mərhələ oldu. Bu mərhələdə  o, “Gəncə qapısı”, “Sağ ol ana dilim”, “Qan yaddaşı” ilə gündəmə gəldi. 

Yaradıcılığının üçüncü mərhələsində isə Sabir Rüstəmxanlı artıq Azərbaycan türk poeziyasının atəş xəttinin önünə keçir”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev: “Xatırlayıram ki, 1987-89-cu illərdə artıq proseslər başlayanda insanlar məmurların yanına deyil, yazıçıların evinə gedib, tələb edirdilər ki, “bizə yol göstərin”. Camaatın üz tutduğu İsmayıl Şıxlı, Xudu Məmmədov, Yusif Səmədoğlu, Aydın Məmmədov kimi yazıçıların arasında Sabir Rüstəmxanlı da var idi. O vaxt onu həbs də etmək istəyirdilər, hətta döyürdülər, hansı ki, bəlkə də çox adam bunu bilmir. 

44 günlük Vətən müharibəsində şəhid olan əsgərlərimiz arasında 60 yaşlı insanlar olmayıb, yəni, onların hamısı 20-25 yaşlarında gənclər idi. O gənclər ki, heç vaxt Qarabağı, Şuşanı, Ağdamı görməmişdilər, amma onun azad olunması uğrunda şəhid oldular. Onlar bizim Prezidentimizə, bizə, yazıçı və şairlərimizə inanaraq döyüşlərə atılmışdılar”.

Xalq yazıçısı, dramaturq Afaq Məsud da çıxış edərək, bildirib ki, Sabir Rüstəmxanlı təkcə şair, qələm adamı kimi deyil, həm də Azərbaycanın tarixi üçün mühüm insan hadisəsidir:

“Hesab edirəm ki, bu hadisənin kökündə Sabir Rüstəmxanlıya ilahidən verilmiş ali missiya onu bu səviyyəyə gətirib çatdırır. Mən Sabir Rüstəmxanlını Azərbaycanın böyük oğlu kimi dəyərləndirirəm. 

Şəhidlik təkcə fiziki olmur. İncə dünyalarda, yazı aləmində də şəhidlik var. İnsan həyatını, sağlamlığını həyat enerjisini, öz xalqına, xalqının maarifinə, vətənpərvərlik hissinin yaradılmasına həsr edirsə bunun özü də bir şəhidlikdir. Bu mənada sağ olan şəhidlər sırasında Sabir Rüstəmxanlı da var”. 

Şair Məmməd İsmayıl Sabir Rüstəmxanlı ilə olan gənclik xatirələrindən söz açıb:

“Əslində bu məclisdə olanların hamısından əvvəl mən Sabir Rüstəmxanlı ilə tanış olmuşam. Biz birlikdə indiki “İnşaatçılar” prospektində yerləşən birotaqlı mənzildə kirayədə qalırdıq. Mənim ilk şerlərim onun, onun şerləri isə mənim gözümün önündə yazılıb. İndi mənim dostumun yüzlərlə kitabı var, amma onun ilk, çox kiçik formada olan ”Tanımaq istəsən” kitabının necə dərc olunmasını hələ də xatırlayıram. Sabir Rüstəmxanlı mənim ən yaxşı vaxtlarımda da, ən pis vaxtlarımda da yanımda olub. Bu, bir dost örnəyidir”.

Millət vəkili, professor Nizami Cəfərov da Sabir Rüstəmxanlı yaradıcılığından söz açıb, onunla birgə olan xatirələrini bölüşüb. 

Tədbirin sonunda Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək, təşkilatçılara və gələn qonaqlar öz təşəkkürünü bildirib:

Xalidə Gəray
Musavat.com

253594124_1063391337756115_3954285197077785744_n.jpg (301 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR