İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Eldar Mahmudovun daha bir generalının məhkəməsi keçiriləcək

836 01.12.2022 20:26 Kriminal A A

Dekabrın 2-də Bakı Apelyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi
Milli Təhlükəsizlik Nazirliyinin(MTN 2015-ci ildə ləğv olunub) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun apelyasiya şikayəti üzrə hazırlıq iclası keçiriləcək.


Nizami Şirinov və digər şəxslər Bakı Hərbi Məhkəməsinin barələrində olan hökmdən narazıdırlar. Noyabrən 30-da keçirilən məhkəməyə hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə təqdim etdikləri apelyasiya şikayətlərində bəzi sənədlərin olmadığı məlum olub. Bu səbəbdən məhkəmənin ilkin baxış iclasının davamı dekabrın 2-nə təyin olunub.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov 4 il müddətinə azadlıqdan mərhum edilib.

Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.
Hökmlə Nizami Şirinovun general rütbəsinin alınması üçün prezidentə təqdimat göndərilməsi barədə qərar olunub.

Bundan başqa o, orden və medallardan da məhrum edilib.

Həmçinin Nizami Şirinovun bütün əmlakları müsadirə olunub.

Hökmdən narazı qalan Nizami Şirinov və digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar almaqda təqsirli biliniblər.

Zərərçəkmiş Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Digər zərərçəkmişlər Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olduğu elan olunub.

Zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.

E.Məmmədəliyev,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR