İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüşvətxorların hemoqlobini

1412 28.07.2023 11:08 Yazarlar A A

Baş prokurorun məlumatına görə, bu ilin ilk 6 ayı ərzində korrupsiya cinayəti törədən 28 nəfər “iş başında” yaxalanmışdır. Yaxşı hal, uğur saya bilərikmi?

Bir yandan baxanda hə. Çünki zəhləmgetmiş ifadə ilə yazsam, “ötən ilin müvafiq dövrünə nisbətən” yaxalanma sayı artıbdır. 2022-ci ilin birinci yarısında 23 korrupsioner tutmuşduq. İşə pambıq planı kimi baxsaq, artış göz önündədir. Hətta bəlkə əlaqədar orqanlara keçici qızıl bayraq vermək lazımdır.

İkinci yandan baxanda isə camaatın korrupsiya meyllərinin artdığını müşahidə edib kədərlənirik. Axı bu xalqın nəyi çatışmır? Hər şeyi var, maşallah. Gözəl iqtidarı, mübariz müxalifəti, çiçəklənən iqtisadiyyatı, qanuni seçilmiş deputatları, yalnız həqiqət yazan jurnalistikası, insaflı həkimləri, mürvətli müəllimləri... Hansını yazasan, hansını deyəsən?! İndi haqsız yerə unudulmuş görkəmli şairimiz Süleyman müəllim demişkən: “Bəzənib başdan-başa, şəhərləri, kəndləri, Cənnət görmək istəyən Azərbaycana gəlsin!” Son illər ərəb turistlər məhz cənnət görmək arzusu ilə bura gəlir.

Bu şəraitdə korrupsionerlər necə, harada, hansı mühitdə yetişir? Yəqin AXC-Müsavat hakimiyyətindən qalma rudimentlərdir. Bir köhnə sovet filmi vardı, orada partizanlardan biri satqın çıxır. Yoldaşları meşədə söhbət edir, belə satqınların, xainlərin haradan, necə yarandığını sual edirlər. Kimsə deyir: “Nəmişlikdən yaranırlar”. Hikmətli söhbətdir. Şübhəsiz.

28 korrupsiyaçı, rüşvətxor ölkəmiz üçün böyük rəqəmdir. Biz gərək elə edək bir nəfər də rüşvətxor qalmasın. İnsanları təlim-tərbiyə etməliyik. Bu istiqamətdə türmə idarəsinin üzərinə böyük yük, geniş məsuliyyət, enli vəzifələr düşür.

Şübhəsiz, bu işdə azərbaycanlı qanı daşımağın da əhəmiyyəti vardır. Qan yaddaşımız bizi rüşvətdən uzaq olmağa səsləyir. Təzəlikcə Bakıda Qan idarəsinin əməkdaşını tutdular. Gənc hərbi çağırışçılardan pul alıb onlara saxta “talassemiya xəstəsi” arayışı verirmiş. Qanı düzgün olsa, əsgərlərimizi ordudan yayındırardımı? Yox. Təklif edirəm adamları vəzifəyə qoyanda onların qanı yoxlanılsın. Rüşvətə meylli şəxslərdə eritrositlər daha yastı, hemoqlobin daha qırmızı olur. Şair demişkən, Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə trombosit toxuna bilər!

Mənə yaradılan fürsətdən istifadə edərək ermənilərin Laçına yük avtomobilləriylə hücumunu pisləyirəm. Açığı, çox bambılı hərəkətdir. Tankla bacarmadıqları işi TIR-la bacarmağa ümid edirlər. Yəqin Ermənistan ordusunda dünyada ilk dəfə TIR taboru yaradılıb. TIRansportyor ordusu. Mənasızlar imkan vermir, yoxsa korrupsiya ilə mübarizəmiz daha şiddətli olar.

Sözgəlişi, bugünlərdə qəribə məktub almışam. Onu Rusiyaya köçüb getmiş tələbəlik dostum yazıb. Dostum etnik azlıqlarımızdan birinin nümayəndəsidir. Məktubu isə təzəlikcə Bakıda türməyə salınan ortaq dostumuz, tanışımız haqda idi. Deyir sən onun mənim kimi etnik azlıq nümayəndəsi olduğunu bilirdinmi? Cavab yazdım ki, yox, üstəlik belə şey mümkün deyil. Bu zaman mənə əcaib bir link yolladı. Orada kimsə, hansısa erməni dəyirmanına su axıdan separatçı tutulan dostumuzu həmin etnosun görkəmli nümayəndəsi adlandırıb (etnik azlığın və dostumuzun adını yazıb bu uydurmanı dəxi tirajlamaq istəmirəm).

Barmağımı dişlədim, eyni zamanda məkrli düşmənlərimizə gülməyim gəldi. Guya hökumətimizi bu yolla vururlar: “Etnik azlıqlara qarşı təzyiq var”. Ancaq bu üsul keçərli deyil. Bizim hökumət hamıya bir gözlə baxır, bütün etnosların nümayəndələrini tutub içəriyə basa bilir. Bu işdə ayrı-seçkiliyə yol vermədikləri üçün bütün etnik azlıq və etnik çoxluqlarımız adından hökumətə dərin minnətdarlığımızı çatdırırıq. Nəinki ayrı-seçkilik, heç seçkilik də görməmişik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR