İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüsumsuz ticarət Azərbaycan və Türkiyə bazarlarına necə təsir edəcək - rəy

1195 28.03.2024 09:15 İqtisadiyyat A A

Ekspertlər deyir ki, hədəflərə çatmaq asan olmayacaq,  amma sazişin əhatə dairəsi bundan sonra da genişləndiriləcək

Azərbaycanın xarici ticarət siyasəti mühafizəkar yanaşmaya əsaslanmağa davam edir. Müstəqillik əldə etdikdən indiyədək Bakının Ümumdünya Ticarət Təşkilatına üzvlüyü müzakirə mərhələsindən irəli getməyib. Həmçinin ölkənin Avropa Birliyi ilə vahid ticarət sazişi də dibsiz quyuya yuvarlanıb. Bu yanaşma bir çox hallarda ölkədə yerli istehsalın inkişafına mane olan əsas amillərdən biri kimi qiymətləndirilir: ÜTT üzvü olmayan, Aİ ilə vahid ticarət rejimi tətbiq olunmayan Azərbaycandan postsovet məkanından kənara mal və məhsul ixracı böyük çətinliklərlə üzləşir...

Bir çox ölkələr ticarət əlaqələrinin inkişafı, prioritet sahələrdə ixracın artımına nail olmaq üçün ayrı-ayrı ölkələrlə sərbəst ticarət rejiminə dair sazişlər imzalayırlar. Azərbaycan belə sazişləri indiyədək yalnız postsovet ölkələri olan Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Moldova ilə imzalayıb. Başqa heç bir dövlətlə analoji saziş imzalanmayıb. 

Sərbəst ticarət rejiminə keçidlə bağlı postsovet məkanından kənarda ilk addımlar Türkiyəyə münasibətdə atılıb. Azərbaycan ilk dəfə olaraq 2020-ci ildə Türkiyə ilə Preferensial Ticarət Sazişi imzalayıb. Saziş hər iki ölkənin parlamentində təsdiqlənərək 2021-ci ilin martında qüvvəyə minib. Sazişin tətbiq olunduğu güzəştli mallar siyahısında Azərbaycandan Türkiyəyə ixrac ediləcək kənd təsərrüfatı məhsulları - pendir, bəzi meyvə-tərəvəzlər, qara çay, şokolad və şirniyyat məhsulları, diabet xəstələri üçün alma, ərik və sair meyvə püreləri və sair məhsullar, Türkiyədən isə diabet xəstələri üçün nəzərdə tutulan qida məhsulları, qənnadı məmulatları, şokolad və şirniyyat məhsulları, qurudulmuş meyvə və sair məhsullar yer alıb.

Sazişin əhatə etdiyi siyahıda bəzi polad məhsulları, dəzgah, avadanlıq, aparat və ya nəqliyyat vasitəsi ilə birlikdə göndərilən və onların istismarı üçün istifadə olunun aksessuarlar, ehtiyat hissələri və alətlər, sənaye və qablaşdırma məhsulları da var.

Sazişin tələbləri, həmçinin onun (nəzərdə tutulmuş ölkənin) torpağından, sularından və ya dəniz dibindən çıxarılmış xammal və ya mineral məhsulların da gətirilməsini istisna etmir.

2023-cü ilin aprelində Türkiyənin Samsun şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında" Protokol imzalanıb. İyun ayında Azərbaycan Milli Məclisi protokolu təsdiqləyib. Protokola əsasən, Azərbaycan və Türkiyə hökumətlərarası Preferensial Ticarət Sazişində güzəştli ticarət olunacaq malların sayını artırıblar. Belə ki, Türkiyə Azərbaycandan spirtli içkilər, tut, heyva, dəmir-polad məmulatları və qablaşdırma materialları idxal edəcək. Azərbaycan isə Türkiyədən gömrük rüsumları tətbiq edilmədən mis məftillər, paltaryuyan maşınlar, monitorlar, videoregistratorlar, avtomobil hissələri və aliminium idxal edə biləcək. Azərbaycan Türkiyəyə hər il 0 faiz gömrük dərəcəsi ilə 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək.

Protokolda əksini tapan əlavələrdə hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə gömrük rüsumu göstərilib.

Bundan başqa, sənədə görə, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır. Bütövlüklə, protokol qüvvəyə mindiyinə görə bundan sonra Azərbaycan və Türkiyə arasında tətbiq ediləm preferensial ticarət rejimi çərçivəsində ümumilikdə 30 növ kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı, həmçinin sənaye və digər malların güzəştli idxalı və ixracı həyata keçiriləcək. Həmçinin bu protokol mövcud sazişin 3-cü maddəsində nəzərdə tutulmuş müddəti saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 illik müddətə nəzərdə tutulur.

Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır. Qarşılıqlı olaraq aparılmış təhlillər əsasında müəyyən edilən bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarından azadolmanı nəzərdə tutan bu cür sazişlər qeyri-neft ixracının artırılması istiqamətində əhəmiyyətli addım hesab olunur. Çünki preferensial ticarət sazişi rəqabət üstünlüyünə malik məhsulların əlverişli şərtlərlə, rüsum ödənilmədən tərəfdaş ölkənin bazarına daxil olması, ölkədə istehsalı olmayan keyfiyyətli məhsulların yerli istehlakçılar tərəfindən daha ucuz qiymətə əldə olunması imkanı yaradır. Azərbaycan rəsmiləri bildirirlər ki, sazişin əhatə dairəsinin məhdud sayda məhsula şamil olunması indiki halda yerli istehsalın qorunmasına və inkişafına da zəmin yaradır.

Bir çox ekspertlər hesab edirlər ki, Azərbaycan Türkiyə ilə Gürcüstanla Türkiyə arasında neçə illərdir ki, tətbiq olunan sərbəst ticarət rejiminə keçilməlidir. Bu, imkan verər ki, qarşılıqlı ticarətdə Azərbaycan tərəfdən əksər mallar üzrə tətbiq olunan 15 faizlik gömrük rüsumu sıfırlansın. Nəticədə ölkə bazarında Türkiyədən idxal olunan məhsulların qiymətində ucuzlaşma baş verər. Doğrudur, bunun əksini düşünənlər də az deyil. Onların fikrincə, Türkiyə ilə sərbəst ticarət rejimi bır sıra sahələrdə onsuz da zəif inkişaf edən yerli istehsalın tamamilə boğulmasına, bazarın tamamən idxaldan asılı hala gəlməsinə səbəb ola bilər. Bundan əlavə, bu ekspertlər bildirirlər ki, Azərbaycana mal və məhsulların idxalı böyük ölçüdə inhisarlaşmış qrupların əlində olduğuna görə idxal rüsumlarının azaldılması, yaxud tamamilə ləğvi pərakəndə satış bazarında ciddi ucuzlaşmaya gətirib çıxarmayacaq. Beləliklə də dövlət büdcəsi əhəmiyyətli məbləğdə rüsum gəlirindən məhrum olacaq, həmin məbləğ inhisarçı qrupların daha da varlanmasına xidmət edəcək. 

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

 Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, sərbəst ticarət rejimini o ölkələrlə yaratmaq daha müsbət effekt verir ki, həmin ölkə ilə idxal-ixrac əməliyyatlarının həcmi arasında ciddi fərq olmasın: “İdxalın çox yüksək olduğu ölkə ilə belə sazişin imzalanması əvvəla, gömrük yığımlarının azalmasına, ikincisi isə daxili istehsala maneə yaranmasına gətirib çıxarır. Buna görə də dövlətlər belə sazişləri imzalayarkən necə deyərlər, yüz ölçüb, bir biçməli olurlar”.

Ekspert bildirir ki, Azərbaycanın ilk preferensial ticarət sazişini Türkiyə ilə imzalaması təsadüfi deyil: “2020-ci ildə saziş imzalananda Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 4,4 milyard dollar idi. Sazişdə bu həcmin növbəti 3 ildə 15 milyard dollara çatdırılması nəzərdə tutulurdu. Koronavirus pandemiyası bu hədəfə nail olunmasını ləngitdi. İndi sazişin əhatə dairəsinin genişləndirilməsi imkan verəcək ki, hədəfə daha tez nail olunsun. Bilirsiniz, bu, elə də asan məsələ deyil. Məsələn, biz Qazaxıstanla ticarət dövriyyəmizin həcmini qısa müddətdə 138 milyon dollardan 600 milyon dolların üstünə çıxara bildik. Türkiyə ilə belə sürətli irəliləyiş mümkün deyil, çünki qarşılıqlı ticarətin baza həcmi yüksəkdir: 4,4 milyard dolları 3 dəfə artırmaq kifayət qədər çətin prosesdir. Hazırda iki ölkə arasında münasibətlər, xüsusilə ticarət əlaqələri getdikcə genişlənir. Hədəfə nail olunması üçün zəruri olan addımlar atılır və düşünürəm ki, sazişin əhatə dairəsi bundan sonra da genişləndiriləcək”.

Qeyd edək ki, hər iki ölkənin hökumətləri arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində əməkdaşlıq intensivləşir. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun verdiyi məlumata görə, Azərbaycanla Türkiyə arasında ikitərəfli ticarət həcminin artırılması, xarici ticarət üzrə xərclərin azaldılması və gömrük əməliyyatlarının sürətləndirilməsi məqsədilə ticarətin asanlaşdırılması üzrə ortaq işçi qrupunun yaradılması ilə bağlı müzakirələr aparılır. O bildirib ki, Türkiyə ilə 2020-ci ildə Prudensial Ticarət Sazişi və 2023-cü ildə isə Sazişin əhatə etdiyi məhsul siyahısının genişləndirilməsi üçün əlavə protokol imzalanıb: “Bu addımlar Azərbaycanın gələcəkdə Türk Dövlətləri Təşkilatına digər üzv dövlətlərlə ticarət dövriyyəsinin həcminin artırılmasına, dolayısıyla iqtisadi aktivliyin yüksəldilməsinə şərait yaratmalıdır”.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanın Türkiyə ilə qarşılıqlı ticarətinin həcmi 2020-ci ildəki 4,2 milyard dollara qarşı 12 faiz və ya 500 milyon dollar artımla 4,7 milyard dollar, 2022-ci ildə 38,3 faiz və ya 2.2 milyard dollar artımla 6,5 milyard dollar, 2023-cü ildə 31 faiz və ya 1,05 milyard dollar artımla 7,65 milyard dollar təşkil edib.

Preferensial sazişin imzalanmasından ötən müddət ərzində Azərbaycandan Türkiyəyə qeyri-neft məhsullarının ixracında 100 milyon dollardan yuxarı artım qeydə alınıb. Lakin bu artım sazişin güzəşt tanıdığı məhsullar hesabına deyil. Belə ki, artımda əsas pay elektrik enerjisinə məxsusdur. Bu isə onu göstərir ki, hələlik Azərbaycan istehsalçıları sazişin yaratdığı imkanlardan bəhrələnə bilmir. Sazişin əhatə dairəsinin genişləndirilməsindən sonra ümid etmək olar ki, Türkiyəyə ixracımızda qismən də olsa keyfiyyət dəyişikliyinə nail olunacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR