İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar qafqazlılara qarşı – 71 il öncə İrkutskdakı qarşıdurma SSRİ-nin siyasi elitasında da gərginlik yaradıb

2199 25.01.2024 15:06 Siyasət A A

 

Sovet-alman müharibəsindən sonra yenidənqurma, bərpa, tikinti işlərinə əsirlərin cəlb olunması, həmçinin bu işlərdə Almaniyadan qənimət kimi götürülmüş avadanlıqlardan istifadə edilməsi ilə bağlı Mərkəzi Komitədə qərar qəbul edilib. İosif Stalinin təşəbbüsü və təklifi ilə tikinti işləri təkcə müharibə zamanı dağılmış ərazilərdə deyil, eyni zamanda yeni yaşayış məntəqələrində də aparılıb.

Qəbul edilmiş proqrama İrkutsk vilayəti ərazisində yerləşən, cəmisi 10-15 daxmadan ibarət olan Anqarsk kəndi də salınıb və bu kiçik kənddə kimya zavodunun inşası nəzərdə tutulub. Beləliklə, proqrama uyğun olaraq bir neçə ay ərzində kənd ərazisi böyük bir tikinti meydançasını xatırladıb.

Zavodun inşasına işçi qüvvəsi kimi məhbuslar cəlb edilib. Bu məqsədlə Anqarskda islah-əmək düşərgəsi yaradılıb. Artıq 1950-ci ildə düşərgədə 58 min məhbus saxlanılıb və onlar süni maye yanacaq zavodunun tikintisində işləyiblər.

Məhbuslar işə görə əmək haqqı alsalar da düşərgədə saxlanılma şəraiti son dərəcə ağır olub. Bu düşərgədə məhbuslara işgəncə verilməyib, iş şəraiti də digər düşərgələrdən fərqli olaraq dözülməz həddə çatmayıb. Sadəcə sıxlıq nəticəsində baraklarda, düşərgədəki mətbəxlərdə, camaşırxanalarda yaranan problemlər məhbuslar arasında insidentə səbəb olub. Daha dəqiqi, qoluzorlular öz məişət şəraitlərini normallaşdıra biliblər, zəiflər isə normal yaşayış şəraitindən məhrum olublar.

images.jpeg (66 KB)

Düşərgədə ölkənin hər bölgəsindən, Moskva və Leninqraddan, Ukraynadan, Qazaxıstandan, o cümlədən Qafqazdan olan məhbuslar cəza çəkiblər. Özlərinə daha yaxşı şərait yaratmaq üçün düşərgədə milli qruplaşmalar yaranıb. Bu məsələdə isə ən böyük fəallıq qafqazlılarda - gürcü, çeçen, inquş və osetinlərdə hiss olunub.

Düşərgənin keçmiş məhbuslarından biri Yefim Butakov 1970-ci illərdə jurnalistlərə verdiyi müsahibədə bu məsələyə xüsusilə toxunub, qafqazlıların “məharətindən” söhbət açıb:

“Anqarsk düşərgəsində təşəbbüs qafqazlıların əlində idi. Ərzaq paylananda birinci onlar alırdılar, əmək haqqı veriləndə yenə də qafqazlılar pullarını növbədənkənar, hamıdan əvvəl götürürdülər, hamam, camaşırxana, mətbəx məsələsində də onlar üçün heç bir gözləmə və növbə qaydası yox idi. İş məsələsində də qafqazlılar fərqlənirdilər, ağır işlərdə işləmirdilər. Qafqazlılar əsasən komendant köməkçisi, anbardar, naryadları qeydə alan, mətbəxdə ərzaqların qəbulçusu kimi rahat işlərdə işləyirdilər. Bu cür münasibət gərginlik yaradırdı, tez-tez mübahisə və dava düşürdü...”

Məhbuslar arasında mübahisələr 1953-cü ilin mayın 4-də pik həddə çatıb. Ruslar düşərgədə cəza çəkən qeyri-rus millətlərinə qarşı qiyam qaldırıblar. Hadisə səhər saatlarında sənaye meydançasında baş verib. Qarşıdurma zamanı əldə düzəldilmiş bıçaqlardan, baltalardan və digər kəsici-deşici alətlərdən istifadə olunub. Düşərgə əməkdaşları insidentin qarşısını almaq üçün əlavə kömək istəyiblər. Qarşıdurma zamanı düşərgədəki tikililərə, baraklara, təsərrüfat otaqlarına, anbarlara ciddi ziyan dəyib. Qiyam 174 nəfərin ölümü ilə nəticələnib.

Hadisənin araşdırılması üçün yenicə SSRİ-nin baş prokuroru təyin olunmuş Roman Rudenko İrkutska yollanıb. Araşdırma zamanı məlum olub ki, qafqazlılara qarşı qiyam mart ayından planlaşdırılıb. Belə ki, martın 2-də rus millətindən olan məhbus gürcü məhbusu “qara” adlandırıb və onların arasında mübahisə yaranıb. Mübahisə zamanı gürcü o dərəcədə döyülüb ki, onu düşərgədən vilayət mərkəzindəki xəstəxanaya göndəriblər. Sonralar həmin gürcünün taleyi məhbuslar üçün qaranlıq qalıb. Çünki o, bir daha düşərgəyə qayıtmayıb. Məhbuslardan çoxları elə düşünüb ki, döyülmüş gürcü xəstəxanada ölüb. Beləliklə, düşərgədə mübahisələr, hesablaşmalar davam edib. Sonda ruslar qafqazlılara qarşı üsyana qalxmaq qərarı veriblər.

Məhbuslar ifadə verməkdən imtina etdiklərinə görə istintaqın işi çətinləşib. Roman Rudenko 174 nəfərin ölümü ilə nəticələnən insidentdə qafqazlıları günahlandırıb. Rudenko ilə eyni vaxtda SSRİ-nin daxili işlər naziri təyin olunan Sergey Kruqlov isə hadisənin törədilməsində rusları ittiham edib. O cümlədən insident Mərkəzi Komitədə müzakirə olunanda da rəsmilər arasında fikir ayrılığı yaranıb ki, bu da gərginliyə səbəb olub. Sonda rəsmi ittihamnamədə daxili işlər nazirinin ittihamı qəbul edilib. Otuza yaxın rus və ukraynalı məhbusa cinayət işi açılıb. Amma bilinməyən səbəblərdən həmin cinayət işlərinə 1954-cü ildə xitam verilib.

İrkutskdakı insident Rudenko ilə Kruqlovun arasında ciddi mübahisəyə səbəb olduğundan məmurlar arasında uzun müddət soyuq münasibətlər hökm sürüb.

original.jpg (131 KB)

Bu hadisədən sonra düşərgənin bütün rəhbərliyi dəyişdirilib, daxili rejim qaydaları daha da ciddiləşdirilib. Qiyamın bir müsbət cəhəti də olub ki, düşərgədə məhbusların sayı azaldılıb, məişət şəraiti yaxşılaşdırılıb. Amma buna baxmayaraq düşərgədə məhbuslar arasındakı mübahisələr yenə də səngiməyib.

Nəhayət, 1961-ci ildə Nikita Xruşşova düşərgədəki vəziyyət məruzə ediləndə, o, son qərarını verib: “Bu düşərgə bizə lazım deyil, onu ləğv etməyin vaxtı çatıb...”

Bununla da 1961-ci ildə düşərgə cəzaçəkmə müəssisəsi kimi ləğv edilib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR