İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya ümidlər doğrulmadı: Lavrov da əlvida, “artsax” dedi...

4094 28.03.2023 08:39 Siyasət A A

Bəs Donbas və Kosova onu yada salmanın arxasında nə durur?

Bayram günlərində də Qarabağ və ətrafında gərginlik davam edib. Yada salaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında da bu məsələlərdən danışıb. Lavrov deyib ki, Qarabağ ermənilərinin təhlükəsizlik təminatı məsələləri Xankəndi və Bakı nümayəndələri arasında həll edilməlidir. Lavrova görə, Moskva Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında əldə olunmuş bütün üçtərəfli razılaşmaları “ciddi şəkildə, heç bir improvizasiya olmadan həyata keçirməyin tərəfdarıdır. Laçın dəhlizi probleminə sırf bu kontekstdə baxılmalıdır”.

Lavrov Donbas məsələsində Rusiyanın müharibədən əvvəlki mövqeyini yada salıb. “Bu, onların ana dili, uşaqları bu dildə öyrətmək, yaşamaq, işləmək hüququdur. Ondan istifadə edərək öz mədəniyyətini, dinini qoruyub saxlamaq, yerli özünüidarəetmə imkanlarına malik olmaq və öz həmvətənləri ilə xüsusi iqtisadi-ticarət əlaqələri yaratmaqdır”, - deyə rusiyalı nazir bildirib. Onun sözlərinə görə, təxminən eyni hüquqlar on il əvvəl Belqrad və Priştina arasında Kosovo Serb Bələdiyyələri Birliyinin yaradılması haqqında imzalanmış sazişdə nəzərdə tutulub. Lavrovun fikrincə, Qarabağ erməniləri üçün də Ermənistan və Azərbaycan liderlərinin 1991-ci il tarixli Almatı Bəyannaməsinin müddəalarına sadiqliyi kontekstində eyni hüquqlar toplusu zəruri ola bilər". Laçın yolundakı vəziyyətin təhlili- yeganə yol post qurulmasıdır. Rusiya sülhməramlıları da bunu anlamalıdır, dağa-daşa düşmək yox, erməniləri qanuni yolla aparıb-gətirməlidirlər.

Lavrovun bənzətməsi necə izah edilməlidir? Faktiki olaraq ermənilərə “müstəqillik olmayacaq” dedi...

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak  etmişəm”

Azər Badamov 

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Qarabağ iqtisadi rayonunda  ermənilərin məskunlaşıb yaşadıqları ərazilər Azərbaycanın suveren əraziləridir: “Bu ərazilərdə birmənalı şəkildə Azərbaycan qanunları işləməli və ermənilərin hüquq və azadlıqları da qanunlarımıza görə tənzimlənməlidir. Belə ki, bu ərazilərin Azərbaycana aid olduğu dünya ictimaiyyyəti tərəfindən də tanınıb. Lavrov Ermənistanlı həmkarı Ararat Mirzoyanla Moskvada keçirdiyi mətbuat konfransında bu fikirləri deməklə bu ərazilərin Azərbaycana aid olduğunu bir daha açıqlayıb. Əlbəttə ki, Azərbaycan öz ərazisində yaşayan bütün milli azlıqların hüquq və azadlıqlarına təminat verir və ermənilər də reintiqrasiya olunduqca bu təminatlardan yararlanacaqlar. Bunun üçün də Qarabağın erməni icmasının nümayəndələrini Bakıya dəvət etməklə bu məsələlərin müzakirəsi təklif edilmişdi. Təəssüf ki, Qarabağda hələ ki qalmış separatçılar belə görüşlərin keçirilməsinə imkan vermir. Amma Qarabağda yaşayan ermənilər birdəfəlik başa düşməlidirlər ki, 2025-ci ildə sülhməramlılar ərazilərimizdən çıxarılacaq və bütün məsələləri Azərbaycan özü həll edəcək.

Ermənistanın ruhlanmasında və Qarabağda yaşayan ermənilərdə boş ümidlərin yaranmasında Rusiyanın da kifayət qədər rolu olduğunu hesab edirəm. Rusiya rəsmi şəkildə üçtərəfli bəyanatın icrasına sadiqliyini nümayiş etdirsə də altdan-altdan ermənilərə dayaq durur və sülhün yaranmasına mane olur. Sülhməramlılar anlamalıdır ki, onlar öz missiyasını ancaq icazə verilmiş çərçivədə həyata keçirməlidirlər. Qarabağda separatçıların ruhlanmasına şərait yaradan hərəkətlərdən çəkinməli və sülhün yaranmasına xidmət edəcək addımlar atmalıdırlar. Belə olarsa, Cənubi Qafqazda sülh və sabitlik tezliklə yaranar və Rusiyaya da bir tərəfdaş kimi etibar və etimad artar".

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə qeyd etdi ki, Lavrov-Mirzoyan görüşü bir sıra yeni və mühüm məqamlardan xəbər verir. Onun fikrincə, Lavrov tərəfindən səsləndirilən bir sıra fikirlər Rusiyanın mövqeyini aydınlaşdırır: “Lavrov bununla artıq bu məsələnin Azərbaycanın daxili məsələsi olduğu faktını vurğulamış olur. Lakin o, həm də Donbasla bənzətmə aparmaqla Azərbaycan qarşısında müəyyən şərtlər qoyur. Lavrov Qarabağda müvafiq olaraq yeni administrativ idarəetmə modeli yaradıldıqdan sonra Azərbaycanın etnik ermənilərin dil haqlarının qorunmalı olduğu tələbini, həmçinin Azərbaycanın neytral siyasətini qorumaq tələbini dolayı yolla səsləndirərək, sülhün alt qatında yatan şərtləri irəli sürmüş olur.

Lavrovun dilindən səsləndirilən yerli özünüidarəetmə ilə bağlı model, xüsusilə Serbiya-Kosovo bənzətməsi də diqqətəlayiqdir. 2008-ci ildə Kosovo keçmiş Yuqoslaviya SSR-in parçalanmasının son mərhələsi olaraq müstəqilliyini elan etdikdən sonra onun varisi olan Serbiya ilə Kosovo arasında günümüzədək davam edən münaqişə var. 2013-cü ildə tərəflər razılığa gələrək Brüssel sazişi imzalamış, Kosovo ərazisində yaşayan serblərin yerli idarəetmə orqanlarına/bələdiyyələrinə birləşmək haqqı tanınıb. Kosovoda 100 min serbin (ölkə əhalisinin 5%-i) yaşadığı və əksəriyyət təşkil etdiyi 10 bələdiyyə ərazisi (ölkədə ümumilikdə 30 bələdiyyə var) üçün birləşmək tələbi indiyədək Kosovo tərəfindən icra olunmamış qalır və bu, separatizmin təşkilatlanması üçün şərait olaraq qiymətləndirilir. Rusiya bənzər modeli Azərbaycana təklif edir. Hazırda Qarabağda qondarma rejimin ləğv olunmasından sonra ermənilərin yaşadığı rayonlar/şəhərlər, o cümlədən Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə, ermənilərin idarə etdiyi yerli idarəetmə orqanlarının yaradılması və gələcəkdə onların birləşməsi üçün indidən təklif irəli sürülür, ideya ortaya atılır. Onu da qeyd edim ki, 2022-ci ildə Serbiya-Kosovo münaqişəsinin alovlanma ehtimalı (Qərb və Rusiya münaqişəsində ikinci cəbhə kimi) gündəmə gəldikdən sonra Kosovonun Serb bələdiyyələr birliyini yaratması tələbi Avropa İttifaqı tərəfindən də səsləndirilməyə başlayıb, Kosovo rəhbərliyi isə bugünlərdə açıqlama verərək, bunun tezliklə baş verəcəyini vurğulayıb.

Beləliklə, Donbas və Serbiya-Kosovo təcrübələrindən irəli gələn təkliflərlə Rusiya Qarabağın Azərbaycanın tərkibində qalmasını dəstəkləyir, lakin istənilən anda bölgəyə müdaxilə etmək və separatizmi qaynatmaq, hətta Azərbaycanın hansısa qeyri-müəyyən gələcək zamanda Ukrayna kimi sərt anti-Rusiya mövqeyində olarsa, Donbas ərazisində olduğu kimi gələcəkdə Qarabağın da Rusiyaya ilhaqı üçün təsir imkanlarını saxlayacağı modelinin yaradılmasını istəyir.

Son olaraq xatırlatmaq istəyirəm ki, tam bir il öncə, 24-25 mart 2022-ci il tarixində Azərbaycan Ordusu 44 günlük müharibənin başa çatmasından sonra yaranan, 3 tərəfli bəyanatda nəzərdə tutulan “təmas xəttini” keçərək, Fərrux kəndini və ətraf yüksəklikləri ələ keçirib, rus sülhməramlı kontingentinin fəaliyyət zonasında irəliləyərək öz postunu qurub, Laçın yoluna tam nəzarəti təmin edib. O vaxt da Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycan tərəfinin 3 tərəfli bəyanatı pozduğunu elan etsə də, bu bəyanat hər hansı “cavab tədbirləri” ilə müşayiət olunmamış, Rusiya bunu “mənalı susqunluqla” qarşılamışdı. Odur ki, yaşanan hadisələr göstərir ki, 25 mart 2023-cü ildə Laçın dəhlizində alternativ marşrutlar yaratmağa çalışan ermənilərə qarşı müvafiq tədbirlər görərək 2054 yüksəkliyinə nəzarəti ələ keçirən Azərbaycan Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsində yavaş-yavaş irəliləyir və öz nəzarətindən kənar hər bir davranışa qarşı müvafiq "nəzarət tədbirləri" görməyə hər zaman hazırdır. Bu tədbirlər Qarabağ ermənilərinin Azərbaycana birdəfəlik reinteqrasiyası ilə həmçinin Laçın dəhlizində nəzarət-keçid məntəqəmizin təsis olunması ilə tamamlanmış olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR