İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın dollara qarşı mübarizəsi - Çin yuanı ticarət üçün yaramır

1284 30.03.2023 08:00 İqtisadiyyat A A

Rusiyanın ən böyük ticarət tərəfdaşları ilə əməliyyatlarda milli valyutalara keçməyə çalışması məcburiyyətdən irəli gəlir

Rusiya Prezidenti Vladimir Putin ölkə mətbuatına müsahibəsində bildirib ki, ABŞ bəyənmədiyi ölkələrdə dollardan istifadəni məhdudlaşdırmaqla böyük səhv edir: “Biz dollardan istifadə edərdik, amma bizə imkan vermirlər. O zaman hesablamaları necə apara bilərik? Ticarət tərəfdaşlarımız üçün məqbul olan valyutada. Yuan belə valyutalardan biridir, o, Beynəlxalq Valyuta Fondunun valyuta səbətinə daxildir”.

“Onlar (ABŞ-red.) oturduqları budağı kəsirlər. Ani siyasi mülahizələrə əsaslanaraq dollardan istifadəni məhdudlaşdırmaqla özlərinə ziyan vururlar, demək olar ki, öz ayaqlarına güllə atırlar. Bu, Amerika hakimiyyətinin çox böyük səhvidir ki, dünya üzrə bəyənmədikləri ölkələrə münasibətdə dollarla hesablaşmaları məhdudlaşdırır”.

Putinin bu açıqlamasını Qərb analitikləri dollar və avroya çıxışın dayandırılmasının Rusiya iqtisadiyyatına kəskin mənfi təsirinin etirafı kimi qiymətləndirirlər. Rusiyanın var gücü ilə ticarət əməliyyatlarında dollar və avrodan istifadəni aradan qaldırmağa çalışdığı bir vaxtda Prezidentin belə çıxışı xeyli suallar yaradıb. Ötən ilin payızında Putin qarşılıqlı hesablaşmalarda dollar-avro cütlüyündən imtina istiqamətində görülən işlərdən razılıqla bəhs edərək, bu işlərin daha da genişləndiriləcəyini açıqlamışdı. İndi necə oldu ki, o, dollardan istifadə etmək istədiklərini bəyan edir? Rusiya Prezidentinin bu açıqlamaları reallıqda digər valyutalarla hesablaşmaların gözlənilən effekti vermədiyini göstərir.

Halbuki açıqlamadan iki gün əvvəl Çin rəhbərini Moskvada qarşılayan Putin administrasiyası iki ölkənin qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəni genişləndirmək barədə razılığa gəldiklərinə dair məlumat yaymışdı. Kremlin saytında yerləşdirilən məlumatda həm ticarət, həm investisiya, həm kreditləşmə sahələrində milli valyutalara üstünlük veriləcəyi qeyd olunub.

2022-ci ildə - Ukraynada işğalçı müharibə başladan Rusiyanın dollar və avro ilə ticarətə çıxışı bağlanıb. Buna cavab olaraq Putin Avropa ölkələrini təbii qaza görə rublla hesablaşmağa məcbur etmək istədi, onlar buna Rusiya qazını almaqdan imtina ilə cavab verdilər. Nəticədə Rusiya ən böyük qaz alıcıları olan Almaniya, İtaliya, Niderland və digərlərini itirdi. Bu ilin iki ayında Rusiyanın təbii qazdan əldə etdiyi gəlirlər 81 faiz azalıb.

Rusiya biznesi yeni şərtlərə uyğunlaşmaq üçün dollar-avronu əvəz edəcək az-çox dönərli valyuta kimi yuana üz tutmağa başladılar. Rəsmi məlumata görə, ötən il ərzində Moskva birjasında yuanla ticarətin həcmi 40 dəfə artıb. Fevral ayının yekununda yuan Moskva birjasında ən populyar valyutaya çevrilib. Onunla ticarətin həcmi 1,48 trilyon rubla çatıb. Dollarla ticarət isə 1,42 trily 40 faizə yaxınlaşır, banklar yuana olan tələbin sürətlə artmasını qeydə alırlar.

Rusiya şirkətləri ticarət üçün üzlərini Çinə çevirməyə, hesablaşmaları isə yuanla aparmağa çalışırlar. Çünki hazırkı məqamda yuan rubladan daha etibarlı və dönərlidir. Lakin bu, biznesin öz seçimi deyil, Rusiya hökumətinin dollar və avro ilə əməliyyatlara tətbiq etdiyi məhdudiyyətlərin, Qərbin ölkəyə qarşı sanksiyalarının fonunda məcburi addımdır.

Qərbdən Rusiyaya mal və xidmət idxalının 80-90 faiz azalması fonunda ölkədə dollar və avroya tələbat da azalıb. Bu isə bankların həmin valyuta olə əmanət qəbulunu böyük ölçüdə dayandırmasını şərtləndirib: yerləşdirmək imkanı yoxdur.

Məhz bu amillərin təsiri ilə ötən il Rusiyanın Çinlə ticarəti 2021-ci illə müqayisədə 29 faiz artaraq 190 milyard dollara çatıb. Hesablamalara əsasən bu ticarətin 50 faizə qədəri məhz yuanla aparılıb. Bir çox iri Rusiya şirkətləri Çinlə ticarətdə tamamilə yuana keçiblər, bəziləri yuan-dollar paritetindən istifadə edirlər. Bu il ərzində sırf yuanla ticarətin daha da artacağı gözlənilir.

Rusiyalıların yuana yönlənməsinin əsas səbəbi Çinin ABŞ-la qarşıdurmada olması, buna görə də istəməsə belə, Rusiyanı dəstəkləmək məcburiyyətində qalmasıdır. Pekin ən azından ABŞ valyutasının dünya ticarətində payının azaldılması üçün Rusiyaya yuandan istifadəni qadağan etməyəcək, əksinə, onun genişlənməsində maraqlı olacaq.

With a sale of Chinese yuan, Russia kicks off 2023 forex intervention

2022-ci ildə Rusiya investorları yuan investisiyaları üçün daha bir alətdən istifadəyə başlayıblar. Bu, korporativ istiqrazlardır. İlin sonuna Rusiya şirkətləri belə bondlara 552 milyard rubl, yaxud 58,7 milyard yuan yerləşdiriblər. Bu həcmin 86 faizi 2022-ci ilin dekabrında yerləşdirilib. Bu yatırımçılar arasında ən böyük həcm “Rosneft”in -15 milyard yuan, “Rusal”ın - 12,9 milyard yuan və “Nornikel”indir - 9 milyard yuan. Dekabrda yuan bondlarına həmçinin Alfa-Bank, “Metalinvest” və “BıstroDenqi” sahib olub. Ümumilikdə yuan bondlarına yatırım edən Rusiya emitentlərinin sayı 12-yə çatıb. Onların hamısı əvvəllər avrobondlara yatırım edən iri şirkətlərdir. Sanksiyalardan sonra onların avrobond yatırımlarına çıxışı tamamilə dayandırıldığına görə nəzərləri yuana yönəlib. 

Rusiya həmçinin Hindistanla da ticarətdə rubl-rupidən istifadəyə keçidi sürətləndirməyə çalışır. Çünki Avropanın almaqdan imtina etdiyi neftini daha çox bu ölkəyə satmağa çalışır. Bu da səbəbsiz deyil, çünki nə qədər əlverişli şərtlər olsa belə, Çin Rusiyadan neft-qaz alışını artırmağa maraq göstərmir. Rusiya baş nazirinin müavini Aleksandr Novakın açıqladığı məlumata görə, 2022-ci ildə Rusiyadan Çinə neft ixracı 8,9 faiz artıb. 2021-ci ildə Çinə neft idxalı 4,5 faiz azalmaqla 79,64 milyon ton olub. 2022-ci ildə bu həcm 8,9 faiz artaraq 87 milyon tona yaxın olub. Aydın məsələdir ki, Rusiyanın Çinə neft ixracını artırmaq üçün infrastruktur imkanları daha genişdir, nəinki Hindistana. Nəzərə almaq lazımdır ki, 2021-ci ildə Rusiya şirkətləri Hindistana ixracın yüksək daşıma xərci, sığorta haqqı və sairə görə iqtisadi baxımdan səmərəli hesab etmədiklərini açıqlamışdılar. Amma 2022-ci ildə onlar məcburən Avropanın almadığı neft həcmlərini Hindistana yönəltdilər. Novakın açıqladığı məlumata görə, 2022-ci ildə Hindistana neft ixracı 22 dəfə artıb. 2021-ci ildə bu ixracın 3,9 milyon ton olduğunu nəzərə alsaq, 2022-ci ildə bu göstəricinin 86 milyon tona yaxın olduğunu deyə bilərik. Hindistana ixracın iqtisadi səmərəsizliyi Rusiya neftinin ixrac qiymətinin Brent markalı neftdən 40 dollar aşağı olmasından da görünür. Lakin Rusiyanın başqa yolu da qalmır: bazarın ən böyük oyunçularından biri - Avropa imtina edib, Çin isə maraq göstərmir.

Onu da bildirək ki, 2023-cü ildən etibarən ABŞ Hindistanın Rusiya neftini təyin olunan qiymət tavanından yuksək qiymətə alıb-almadığına nəzarəti gücləndirib. Nəticədə Rusiya məcbur olub Hindistan şirkətləri ilə bağlanan müqavilələrə satılan neftin 60 dollarlıq tavandan yüksək qiymətə satılmadığına dair qeydin yazılmasına icazə verib. Hazırda Moskva Hindistanla neft ticarətini rubl-rupi üzərinə keçirməyə çalışır - lakin elə Rusiya biznesinin özü buna maraq göstərmir, çünki yuandan fərqli olaraq rupi dönər valyuta deyil. Hindistandan idxal isə o həddə çatmayıb ki, Rusiyaya neft əvəzinə axacaq rupiya tələb olsun.

Beləliklə, Rusiyanın ən böyük ticarət tərəfdaşları ilə əməliyyatlarda milli valyutalara keçməyə çalışması məcburiyyətdən irəli gələn prosesdir. Çin yuanının məzənnəsi inzibati qaydada tənzimləndiyinə görə onu bazar məzənnəsi hesab etmək mümkün deyil. Buna görə də yuana investisiyalar  inzibati tənzimləmə aradan qalxsa, yaxud Çin iqtisadiyyatında problemlər yaransa, iflas təhlükəsi ilə üzləşə bilər. ABŞ valyutasının məzənnəsini isə bazar tənzimləyir. Buna görədir ki, Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olsa da, dünya ticarətinin yalnız 1,9 faizi onun valyutası ilə həyata keçirilir. Dollarla maliyyələşmə isə dünya ticarətinin 40 faizini əhatə edir. 2022-ci ildə beynəlxalq hesablaşmalarda yuanın payı cəmi 1,3 faiz olub. Bu şəraitdə hətta Çinin özü belə yuanla əməliyyatları  genişləndirməyə cəhd etmir - iqtisadi baxımdan əlverişli, siyasi baxımdan qəbulolunan deyil. Çünki yuanı dünyada qəbul olunan dönər valyutaya çevirmək üçün onun məzənnəsi tam sərbəst buraxılmalıdır. İqtisadi baxımdan əlverişli olmamasının əsas səbəbi Çinin əsas ixrac bazarlarından birinin ABŞ olmasıdır. Çin bu ticarəti həyata keçirmək üçün böyük həcmdə dollara ehtiyac duyur.

Russia dropping US dollar for Chinese yuan - and fast - Geopolitical  Economy Report

Rusiya-Çin ticarətinin tamamilə yuana keçirilməsi həm də ona görə mümkün deyil ki, Rusiyanın Çinə ixracı oradan idxalı ikiqat üstələyir. Bu şəraitdə Rusiya izafi yuan axını ilə üzləşə bilər. Bu zaman Rusiya biznesi əlində olan yuanı Çinə yatırmaq imkanında belə olmaz. Çünki Çində biznes tamamilə siyasi hakimiyyətin nəzarətindədir, sərbəst biznes fəaliyyəti mümkün deyil. Hansısa Rusiya şirkəti Çinə investisiya yatırmaq üçün ilk növbədə siyasi hakimiyyətdən icazə almalıdır. Bundan sonra yaradılan biznesin təhlükəsizliyinə təminat yoxdur - istənilən vaxt siyasi qərarla onun fəaliyyəti dayandırıla bilər.

Bütün qeyd olunanlar göstərir ki, sanksiyalar tətbiq olunduğu ilk aylarda Rusiya üçün müxtəlif ölkələrlə ticarəti milli valyutalara keçirmək bəlkə də cəlbedici görünürdü. Lakin zaman keçdikcə, praktikada bunun heç də iqtisadi baxımdan səmərəli olmadığı üzə çıxır. Başda Putin olmaqla, Rusiya hakimiyyəti təcrübədə görür ki, onların dollardan uzaqlaşması ABŞ valyutasının mövqeyinə hər hansı mənfi təsirə gətirib çıxarmır...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR