İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın daha bir siyasətçisi Azərbaycanı təhdid etdi

2710 02.04.2022 08:50 Gündəm A A

Jirinovskinin yerinə göz dikənlərin sayı artır; Bakıdan sərt reaksiyalar...

Rusiyadan Azərbaycana yönəlik növbəti təhdid gəlib. Belə ki, Rusiya Dövlət Dumasının sabiq deputatı, Müdafiə Komitəsi sədrinin keçmiş müavini Aleksandr Şerin Kuril adalarına iddia edən Yaponiya ilə yanaşı, Azərbaycanı da (?!-red.) hədələyib.

Gununsesi.info-nun xəbərinə görə, “Realist” informasiya agentliyinə müsahibəsində Şerin hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirib. “Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən ”Kalibre" və “İskəndər”lər hiss edəcəklər. Hazırkı prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb" - Şerin bildirib.

Qeyd edək ki, Aleksandr Şerin zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yadda qalıb. Ötən il o, Azərbaycanla Türkiyənin imzaladığı Şuşa bəyannaməsinə qıcıqlı reaksiya verərək, Azərbaycanın NATO-ya üzv olacağı haqda sərsəmləmişdi.

Azərbaycan Mixail Delyaginə cinayət işi açdı, beynəlxalq axtarışa verdi -  AzToday

Mixail Delyagin

Şerinin anti-Azərbaycan çıxışından, həyasızlıq edərək Azərbaycanı “İskəndər”lə vurmağa çağırış etməsindən öncə eyni məzmunlu avantürist çıxışı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Mixail Delyagin etmişdi. O, Bakıya nüvə zərbəsi endirməyə çağırmışdı. Delyaginin 28 martda Rusiyanın “Rossiya 1" telekanalında yayımlanan verilişdə iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb və barəsində cinayət işi qaldırılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Mixayıl Delyagin martın 28-də Rusiyanın ”Rossiya 1" telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol vasitəsilə beynəlxalq axtarışa elan edilib. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə  müraciətlər göndərilib. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. “Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü  əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaqdır” Baş Prokurorluqdan bildirilib.

Bundan sonra M.Delyagin Azərbaycan xalqından üzr istədi və Rusiya parlamentinin, XİN-in rəhbərliyi, eyni zamanda Putinin köməkçisi səviyyəsində Delyaqinin rəsmi Maskvanın mövqeyini əks etdirmədiyi haqda açıqlamaları oldu.

Ancaq ardınca Şerinin də hərəkətə keçməsi, “jirinovskilik” etməsi suallar doğurur. Bu günlərdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin (Roskomnadzor) ölkəmizin bır sıra KİV-lərini bloklaması ilə əlaqədar açıqlaması müzakirə mövzusu olub. “Azərbaycan mediasında Rusiyanın mövqeyini və rəhbərliyini qərəzli tənqid edən materialların çoxluğu bizi təəccübləndirir. Dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isterikasına cəlb etməli olduq. Ümid edirik ki, bu proses  dayandırılacaq”, - deyə səfir bildirib və əslində bizləri təəccübləndirib.

Səfir deyib ki, “dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isteriyasına cəlb etməli olublar”. Qəribəsi budur ki, Rusiya anti-Azərbaycan çıxışları, Bakını bombalamağa çağıran rusiyalı siyasətçiləri görməzdən gəlib. Yəqin ki, Azərbaycanın rəsmi qurumları Şerinlə bağlı da tədbirlər görəcəklər və ona yerini göstərəcəklər.

Azərbaycan Ermənistana ağır cavab verəcək" - Aydın Mirzəzadə » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Aydın Mirzəzadə

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a dedi ki, rusiyalı sabiq deputat Aleksandr Şerin deyəsən çaşıb: “Özünü Rusiyanın prezidenti, müdafiə və xarici işlər naziri hesab edir, Azərbaycana xəbərdarlıq göndərir. Görünür o Rusiya rəsmilərinin Azərbaycanla bağlı açıqlamalarından xəbərsizdir. Rusiyanın Azərbaycanı müttəfiq və tərəfdaş ölkə adlandırdığı, Azərbaycanla əlaqələrə xüsusi həssaslıqla yanaşdığından, deyəsən, xəbərdar deyil”. A.Mirzəzadə anti-Azərbaycan çıxışları səbəbsiz hesab etmir: “Belə hiss olunur ki, Jirinovskinin ”şöhrəti" Rusiyada müəyyən siyasətçiləri sakit buraxmır. Gah Delyaqin, gah Şerin, ola bilsin sabah başqaları Azərbaycana qarşı təhdidlə çıxış edəcək. Ancaq bunlar unudurlar ki, Rusiya Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Azərbaycan Rusiya ilə həmişə yaxşı münasibətlər saxlayan, birgə məsələləri həll edən, milli maraqlarına daim hörmətlə yanaşan ölkələrdən biridir. Hesab edirəm ki, Delyaqin kimi, Şerinin də çox az bir zamandan sonra üzr istəyəcəyini, onu düzgün başa düşmədikləri barədə növbəti bəyanatlarını eşidəcəyik. Çox təəssüf ki, Rusiya siyasətində bu gün dediyini sabah unudan, yaxud da sərsəm fikirlərlə çıxış edən cılız siyasətçilər də var".

Akif Nagi (QAT-ın sədri ) - SƏS TV - YouTube

 Akif Nağı

QAT sədri Akif Nağı bildirdi ki, burada məsələnin iki tərəfi var: “Bir tərəfdən, Rusiya rəhbərliyi bu cür açıqlamalara yer verməklə hələ də güclü olduğunu, ”hücum"ları dəf etməyə qadir olduğunu göstərməyə çalışır. Bununla həm Yaponiya, həm də Azərbaycana mesaj göndərir, eyni zamanda digərlərini Rusiyanın gərgin məqamından istifadə etmək həvəsindən çəkindirməyə çalışırlar. Bu isə Kremlin hələ də imperiya “havası”ndan geri çəkilmək istəmədiyini göstərir. Əslində Yaponiya və Azərbaycan fərqli məsələlərdir, Azərbaycan Rusiyanın hər hansı ərazisinə iddia irəli sürmür, 30 il işğalda qalmış qanuni torpaqlarında öz hakimiyyətini bərpa edir. Şerin kimi boşboğazlar bunu başa düşməlidirlər".

A.Nağıya görə, digər tərəfdən, Rusiya rəhbərliyi artıq Azərbaycanın haqlı mövqeyi ilə hesablaşır, erməni mərkəzləri Kremlin rəsmi siyasətinə təsir imkanlarını itirir: “Ona görə də Delyaqin, Şerin kimi muzdluları tutub özlərinə işlətməyə çalışırlar. Amma başa düşmürlər ki, bunun heç bir nəticəsi olmayacaq. Bu, beynəlxalq dələduzlar, ”moşennik"lər ermənilərin pulunu alır, boş açıqlamalar verirlər. İndi ermənilər Məşədi İbadın vəziyyətinə düşüblər. Yerindən duran ermənilərə deyir ki, bir az pul versəniz Azərbaycanın “atasını yandırarıq”. Bu fırıldaqçıları axmaq, təlxək Jirinovskinin nümunəsi həvəsləndirir, bu yolla pul qazanmaq istəyirlər. Məlum frazanı bir qədər dəyişdirsək, deyə bilərik ki, “axmaqların yeri boş qalmır”, kimsə oranı doldurmaq həvəsinə düşür. Belə görünür ki, bu təlxəklər Jirinovskinin yerinə göz tikiblər.

Əlbəttə, bunlara təlxək deyib, başına buraxmaq olmaz, onları dərhal yerində oturtmaq gərəkdi. Delyaqinə qarşı cinayət işi açıldı, beynəlxalq axtarışa verildi. Şerin də eyni aqibəti yaşamalıdır. Axtarışa verməklə kifayətlənməməli, real cəzalarını almalarına nail olmalıyıq ki, başqaları da bu həvəsə düşməsinlər".

Qeyd edək ki, Aleksandr Şerin Rusiya Dövlət Duması Müdafiə komitəsi sədrinin birinci müavini statusunda da “İskəndər”dən bəhs etmişdi. Amma o zaman Ermənistana qarşı. Daha doğrusu, Azərbaycana qarşı istifadə olunan “İskəndər”lərin partlamaması barədə şok açıqlama verməsinə görə Ermənistanın baş naziri Nikol Paşinyanı tənbeh etməyə çağırmışdı. Demişdi ki, Paşinyan “İsgəndər” paket kompleksi ilə bağlı dediklərinə görə açıq şəkildə üzr istəməlidir. İndi yenə də “İskəndər”dən danışıb bu, özünü siyasətçi sayan oyunbaz - amma Azərbaycanı təhdid edərək. Cavabı veriləcək, şübhəmiz yoxdur...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR