İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Bakı-Tehran gərginliyinə müəmmalı susqunluğu - səbəblər açıqlandı

943 12.04.2023 11:26 Siyasət A A

Moskva hər iki ölkə ilə yaxşı əlaqələrə malik olsa da, İran-Azərbaycan münasibətlərinin pisləşməsinə çevik reaksiya vermir -  ekspertlərin fərqli izahları var...

Rusiyanın hazırda münasibətlərində gərginlik yaşanan hər iki ölkə - həm Azərbaycan, həm də İranla tərəfdaş, dost əlaqələri var. Məlumdur ki, Azərbaycanla İran arasında münasibətlər bir neçə aydır ki, son dərəcə gərgindir.

Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi, Tehranın sərhədimizdə irimiqyaslı hərbi təlimlərə başladığı ilk günlərdə Rusiya mediası bu mövzuya xüsusi diqqət ayırırdı, “İzvestiya”, “Kommersant” və “Moskovskiy Komsomelts” kimi tanınmış qəzetlərdə məqalələr dərc olunurdu. Doğrudur, bu məqalələrdə İranın Azərbaycan üzərində hərbi potensialının şişirdilməsi, hətta Bakının neft kəmərlərinin uzaq (və ya orta) mənzilli raketlərlə vurula biləcəyi kimi “qorxulu” ssenarilərdən yazılırdı.

Onu da demək lazımdır ki, Rusiya nüvə proqramı ilə bağlı İrana qarşı qoyulan sanksiyalarda iştirak etmədi. Ukraynada müharibə başlayandan sonra isə Rusiya ilə İran arasında münasibətlər daha da yaxşılaşdı. Hazırda İran Rusiyaya müxtəlif hərbi sursatlar göndərir. Rusiyanın Azərbaycanla da münasibətləri normaldır, hətta strateji müttəfiqlik səviyyəsinə çatıb. Maraqlıdır ki, Rusiya iki qonşu ölkə arasındakı gərginliyi azaltmaq üçün səy göstərmir, konkret mövqe də bildirmir. Yalnız baş diplomat Sergey Lavrovun lakonik açıqlaması olmuşdu ki, gərginliyin müvəqqəti xarakter daşıdığına ümid edirik və vasitəçi olmağa hazırıq. Rusiya bu konfliktin böyüməsindən məntiqlə heç nə qazana bilməz, bu qarşıdurma Moskvanı da istəsə də, istəməsə də işin içinə qata bilər. Amma hiss olunur ki, Moskva sanki İranın Bakıya qarşı açıq təhdidlərini görməzdən gəlir. Rusiya Tehran-Bakı gərginliyinə niyə qarışmır, niyə dünyanın hər yerindəki hadisələrə münasibət bildirən, XİN sözçüsü Mariya Zaxarova da susub. Bu susqunluğun səbəbi nə ola bilər? Moskva bu konfliktin harasındadır? Rus ekspertləri isə iddia edirlər ki, Kreml Tehranla Bakının münasibətlərini yoluna qoymaq üçün qeyri-rəsmi vasitəçilik etməkdədir.

Azad MƏSİYEV - TEZADLAR

 Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, İran-Azərbaycan gərginliyinin üçüncü dövlətə aidiyyatı yoxdur: “Amma regional məsələlərin həlli məsələsi gündəlikdədir. Altılıq platformasının reallaşmasında Rusiya və Türkiyə maraqlıdır. Amma Tehran-Bakı gərginliyi 3+3 formatının həyata keçməsinə əngəl yaradır. Lavrov Bakıda olanda da Şimal-Cənub nəqliyyat xəttinin açılmasında maraqlı olduqlarını bəyan etmişdi. Ona görə Rusiya İranla Azərbaycan əlaqələrinin normallaşmasında maraqlıdır”. Vasitəçiliyə gəlincə, siyasi şərhçi hesab edir ki, hər halda, 3+3 formatı çərçivəsində Tehran-Bakı münasibətləri müzakirə oluna bilər: “İran xarici işlər nazirinin Bakıya zəngi də ümid yaradır ki, əlaqələr müsbətə doğru dəyişə bilər”.

Siyasi ekspert Xəyal Bəşirovun fikrincə, təkcə Rusiya deyil, Qərb ölkələrinin də baş verənlərə müəmmalı susqunluğu müşahidə olunur. Onun sözlərinə görə, Rusiya rəsmiləri dünyanın dörd bir yanında nə hadisə olursa, dərhal reaksiya verirlər, amma gözlərinin qarşısında olan dövlətlərin arasında əlaqələr pisləşib, diplomatik münasibətlər qırılma nöqtəsindədir, amma Kremldən səs-səmir çıxmır. “Cənubi Qafqazda bu dərəcədə gərgin hadisələr cərəyan edir, amma Rusiya nədənsə susur. Deməli, gedişat Moskvanın maraqlarına xidmət edir. Rusiya Azərbaycan və İranla yaxşı münasibətlərə malikdir, Xəzəryanı ölkələriyik, buna baxmayaraq, Kreml Tehran-Bakı gərginliyinə münasibət bildirmir. Görünür, Rusiyaya belə lazımdır...”, - deyə ekspert vurğuladı. X.Bəşirov hesab edir ki, Rusiya susursa, Azərbaycan bundan narahat olmalıdır: “Biz Moskva bəyannaməsi imzalamışıq. Bu gün baş verənlərə görə Rusiya narahat olmalıdır və proseslərə müdaxilə etməlidir. Etmirsə, deməli, onun maraqlı çərçivəsindədir. Buna başqa izah tapmaq olmur. Bundan əvvəl də ABŞ dövlət katibi Entoni Blinken demişdi ki, Azərbaycanın İranla sərhədini qorumaq lazımdır, lakin bu, bəyanatdan o yana keçmədi, əməli addım görünmədi. Yəni Vaşinqton və Qərb dövlətləri də biganədirlər”.

İlqar Vəlizadə: Ermənistanın baş nazir Nikol Paşinyan xalqını, beynəlxalq  ictimaiyyəti növbəti dəfə aldadır - AZƏRTAC

İlqar Vəlizadə 

Politoloq İlqar Vəlizadə düşünür ki, İran Azərbaycana qarşı siyasətində korrektlər etməyincə, Rusiyanın Tehranla Bakı arasında münasibətlərdə vasitəçilik niyyəti də heç bir nəticə verməyəcək: “Bunun üçün ilk növbədə İran Azərbaycana qarşı cari siyasətində müəyyən korrektələr etməlidir ki, kommunikasiya mümkün olsun. Yəni münasibətlərin normallaşması üçün ilk növbədə İran ölkəmizə qarşı mövqeyini dəyişməlidir. Bu baş verməsə, kommunikasiyadan danışmaq yersizdir”. Ekspertin fikrincə, Moskva Şimal-Cənub dəhlizi layihəsinin baş tutmasına çalışdığından İranla Azərbaycan arasında yaşanan gərginlikdən “narahat” olub: “Rusiya açıq şəkildə bildirir ki, Şimal-Cənub layihəsinin reallaşması onların marağındadır. Ancaq Bakı ilə Tehran arasındakı gərginlik həmin layihənin reallaşmasına maneə yaradır. Bu fonda da Moskva iki ölkə arasında gərginliyin azalmasında maraqlı olduğunu göstərir. Belə olan halda, şimal qonşumuz Bakı və Tehran arasında münasibətlərin normallaşması üçün cəhdlər göstərir. Lakin bu cəhdlər kifayət deyil. Çünki tərəflərin mövqeləri kifayət qədər fərqlidir. Bu zaman daha çox İranın mövqeyi sezilir. Tehran düşünür ki, Azərbaycan-İsrail münasibətləri birbaşa və bilavasitə İranın maraqlarına ziddir. Lakin İsraildə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir daha bəyan edib ki, Bakı ilə Təl-Əviv arasındakı münasibətlər heç bir üçüncü dövlətə qarşı yönəlməyib”.

Oxu.az - Sergey Markov: “Rusiyaya Zəngəzur dəhlizinin açılması faydalıdır”

Sergey Markov

Rusiyalı politoloq Sergey Markov əmindir ki, Rusiya gərginliyi azaltmaq üçün səy göstərsə də, konkret mövqe bildirməyəcək: “İranla Azərbaycan arasında münaqişə yaradacaq səviyyədə ziddiyyət yoxdur. Rusiyanın baxışına görə, münaqişə ehtimalı çox azdır. Gərginlik artacaq, müəyyən bəyanatlar olacaq, lakin münaqişəsiz ötüşəcək. Unutmayaq ki, İranla Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi kimi ümumi layihələri var”. O bildirib ki, vaxtilə Rusiya-İran münasibətləri də yaxşı deyildi: “Rusiyanın bir vaxtlar İranla münasibətləri də gərgin idi. Bu, Xameneyinin Rusiyanı "balaca şeytan" adlandırdığı zamanlara aiddir. Sonra bu münasibətlər tədricən yaxşılaşmağa başladı və pozitiv, neytral bir əlaqələr formalaşdı. Rusiya nüvə proqramı ilə bağlı İrana qarşı qoyulan sanksiyalarda iştirak etmədi. Xüsusi hərbi əməliyyat başlayandan sonra isə Rusiya ilə İran arasında münasibətlər daha da yaxşılaşdı. Ona görə ki, İran Rusiyaya müxtəlif hərbi sursatlar göndərməyə başladı".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR