İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı azərbaycanlılar üçüncü ölkələrə axışır

1373 20.08.2022 11:00 Sosial A A

Rusiya iqtisadiyyatında ciddi problemlər yaranması sirr deyil. Sanksiyalar bu ölkəni ağır duruma salıb və proses getdikcə daha da dərinləşir. Xeyli xarici kompaniya, şirkət ölkəni tərk edib.

Gələn məlumatlar onu deməyə əsas verir ki, uzun illərdir Rusiyada kiçik və orta bizneslə məşğul olan azərbaycanlıların da işində problemlər yaranıb. Onlar yaxın illər üçün burada perspektiv görmədiyi üçün yerlilərimizin bir çoxu üçüncü ölkələrə üz tuturlar. Əsasən Şərqi Avropa ölkələrinə, Türkiyəyə, Belarusa, Moldovaya, Qazaxıstana gedib işlərini orada davam etdirmək istəyirlər. Çox az bir qismi isə Azərbaycana qayıtmağa çalışır, onlar əsasən əlində heç bir vəsaiti qalmayanlardır. Müəyyən qədər investitsiyası, kiçik də olsa bir biznes qurmaq imkanları olan soydaşlarımızın ölkəyə gəlməsi faydalı olarmı? Yoxsa onların üçüncü ölkələrə getməsi Azərbaycanın yükünü azaldır? 

İqtisadçı ekspert Nərmin Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Suala cavab vermədən öncə onu vurğulayım ki, sadəcə əlində heç bir vəsaiti qalmayanların ölkəyə qayıtmaq istəməsi, kiçik vəsaiti olanların öz vətənlərindən kənarda biznes qurmaq istəməkləri onun göstəricisidir ki, insanlarımız ölkədə sağlam iqtisadi rəqabətin olduğuna inanmır, burada gələcək, perspektiv görmür. Mənə görə ölkəmiz adına heç də yaxşı hal deyil. Yerli və xarici sahibkarların Azərbaycanda investisiya qoymasına dövlət maraqlı olmalıdır. Bunun üçün sağlam rəqabət mühiti yaradılmalıdır, bütün sahələrdə monopoliyalar aradan qaldırılmalıdır ki, iqtisadiyyat canlansın. Yerli biznesmenlərin kənd təsərrüfatı məhsullarının əllərində qaldığını zaman-zaman mediadan eşidirik və görürük. Bu halları bilən heç bir xarici sahibkar bura gəlib iş qurmaq arzusunda olmaz və bu, başadüşüləndir.

f636e198-73c1-48cf-9fd2-548eb3a8a8a5.jpg (199 KB)

Nərmin Abbaslı: “Yerli və xarici sahibkarların Azərbaycanda investisiya qoymasına dövlət maraqlı olmalıdır”

Amma təbii ki, ümumi götürsək, pul kapitalının Azərbaycana gəlməsi dövlət iqtisadiyyatının canlanması baxımından müsbət hal ola bilər. Bu, ölkədəki qeyri-neft sektorunun canlanmasına öz töhfəsini verər. Amma nəzərə alsaq ki, Rusiya bazarlarında işləyən sahibkarlarımızın çoxu daha kiçik maliyyəyə sahib olan və əsasən kənd təsərrüfatı məhsulları satan insanlardır. Onlar Azərbaycana gəlsələr belə uzağı bir ilin içində qeyri-sağlam iqtisadi bazar mühitində bizneslərini batırarlar. Düşünürəm ki, Rusiyadan daha perspektivli hansısa Avropa ölkəsində öz bizneslərini daha da inkişaf etdirə bilərlər. Sağlam iqtisadi mühitdə qazandıqları pulları Azərbaycanda yaşayan yaxınlarına, ailələrinə göndərməklə dolayısı ilə yenə də Azərbaycan iqtisadiyyatının inkişafına kömək etmiş olacaqlar. Sahibkarlarımızın əllərində maliyyə ilə ölkəmizə qayıtması heç bir halda ölkəyə yük ola bilməz. Sağlam rəqabət mühiti olsa, həm dövlət, həm də insanlarımız bundan qazanar".

İqtisadçı Rəşad Həsənov isə mövzuya bu cür rəy bildirdi:

“Əlbəttə ki, bizə investitsiyası olan istənilən, yəni Azərbaycan və yaxud qeyri ölkənin vətəndaşının gəlməsi sərfəlidir. Çünki ölkənin ən ciddi problemi iqtisadiyyatda mühüm sahələrə investisiyaların qoyulmamasıdır.

Rəşad Həsənov: “Bizdə vergi yükü niyə bu qədər çox olmalıdır?” - Müsahibə

Rəşad Həsənov: “Soydaşlarımızın əksəriyyəti ölkəyə gəlməyəcək, ona görə ki...”

Onsuz da Rusiya problemi xüsusilə də miqrasiya prosesi ilə müşahidə olunacaq, artıq bununla bağlı proses özünü göstərməyə başlayıb. Beləliklə, müəyyən investisiyaya sahib olan azərbaycanlıların ölkəyə gəlməsi daha yaxşıdır, çünki  bu, müəyyən mənada yeni iş yeri də yarada bilər. Həmçinin onlar Rusiya mühitində fəaliyyət göstərən sahibkar və işçi münasibətlərini Azərbaycana da daşıya bilər ki, bu da müəyyən mənada tərəflər arasında anlaşmanın daha  rahat şəkildə həyata keçirilməsinə səbəb ola bilər.

 Amma təəssüf ki, soydaşlarımızın əksəriyyəti ölkəyə gəlməyəcək. Çünki bizdə investitsiya mühiti o qədər də əlverişli deyil, zəifdir. Bu baxımdan onların əksəriyyəti üçüncü ölkəni seçəcək.

Ümumiyyətlə vəsaiti, gəliri olmayan, əlacsız qalan soydaşlarımız isə son çarəni öz  ölkəsində, torpağında görərək, vətənə geri dönəcəklər".

İqtisadçı ekspert Eyyub Kərimli isə qeyd etdi:

“Bəli, hazırda xeyli ölkənin şirkətləri Rusiyanı tərk edir. Səbəb Rusiyada baş verən siyasi proseslər, iqtisadi fəaliyyətin çətinləşməsi, sanksiyaların gətirdiyi böhranla bağlıdır.

Varlılar işləyir, kasıblar əylənir və istirahət edir - Ekspert bayram  günlərinin azaldılmasını təklif etdi Pravda.az

Eyyub Kərimli: “Soydaşlarımızdan hansısa formada Çinə də inteqrasiya etməyi düşünənlər olacaq”

Sözsüz ki, bizim soydaşlarımız da üçüncü ölkəyə üz tutur və tutacaqlar. Biz hazırda Rusiya-Türkiyə iqtisadi əlaqələrinin genişlənməsinə şahidlik edirik. İki ölkə arasındakı iqtisadi münasibətlər artıq 33 milyarddan 100 milyarda yaxınlaşır. Həmçinin rusiyalı iş adamlarının Türkiyədə əmlak sahəsinə investisiya qoyduğuna şahidlik edirik. Əlbəttə ki, Türkiyə bizə qardaş ölkə olduğu üçün azərbaycanlı sahibkarlar daha çox bu ölkəyə meyilli olacaq.

Həmçinin soydaşlarımız digər MDB ölkələrinə də yerləşib, orada investisiyalarını qoyub, bizneslə məşğul ola bilərlər. Bu ölkələr Qazaxıstan, Özbəkistan, Gürcüstan və sairə ola bilər. Bizim sahibkarların Çinlə də yaxşı əlaqələri var, yəqin ki, hansısa formada Çinə də inteqrasiya etməyi düşünənlər olacaq.

Əlbəttə ki, investisiyaya sahib soydaşlarımızın geri qayıtması ölkədə sahibkarlıq ab-havasına müsbət təsir edəcək. Həmçinin bu soydaşlarımızı işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa yönəldə bilsək bizim üçün çox sərfəli olardı".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR