İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada işsiz qalan yüzlərlə azərbaycanlı sərhədin açılmasını gözləyir

786 09.04.2022 09:40 Gündəm A A

Azər Allahverənov: “İqtisadi sanksiyalar bir neçə ay da davam edərsə...”

“Bu ilin sonunda Rusiyada işsizlik son 10 ildə ilk dəfə olaraq 2 dəfədən çox arta və 9%-i keçə bilər. Hazırda 2 milyona yaxın iş yeri təhlükə altındadır”. Bu barədə “Blumberq” məlumat yayıb.

Məlumatda həmçinin bildirilir: “Bu, Rusiyada islahatların başladığı və fabriklərin bağlandığı 90-cı illərin əvvəllərini xatırladır. Əmək bazarında böhran tədricən dəyişəcək. İxtisarların əvəzinə hakimiyyətin təzyiqi altında olan şirkətlər maaşları azaltmağa, işçiləri yarım ştat işlərə köçürməyə və ya ödənişsiz məzuniyyətə göndərməyə başlaya bilər. Açıq işdən çıxarma yalnız sanksiyaların uzunmüddətli olacağı təqdirdə yayıla bilər. Nəticədə, işsizliyin artması tədricən artacaq və pik həddə çatacaq”, - məlumatda bildirilir.

Rusiya əmək bazarında gözlənilən bu kiçilmə oradakı soydaşlarlımıza, onların gəlirlərinə nə vəd edir? İlin sonunda azərbaycanlı əmək miqrantların Azərbaycana axını başlaya bilərmi?

Azər Allahverənov: Azərbaycanın növbəti beynəlxalq uğuru qürurvericidir -  "İki sahil"

Azər Allahverənov 

Mövzu ilə bağlı Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın rəhbəri Azər Allahverənov “Yeni Müsavat” a fikirlərini açıqlayıb: “Rusiyaya qarşı tətbiq olunan sanksiyalar istənilən halda iqtisadiyyatın bir çox sahələrində özünü büruzə verməkdədir. Artıq proses başlayıb. Bir çox iri şirkətlər, korporasiyalar müharibə başlayan ilk günlərdən etibarən Rusiyanı tərk etməyə başladılar. Bu da həmin şirkətlərin tabeliyində olan müəssisələrin bağlanmasına gətirib çıxardı. Bu da nəticə etibarilə işsizliyin yaranmasına, işsiz insanların sayının çoxalmasına səbəb oldu. İlk günlərdə 12 milyon insanın işsiz qalması barədə məlumat verildi. Hətta bir çox tikinti şirkətləri var idi ki, böyük tikinti layihələri həyata keçirirdilər. Onlar da xarici şirkətlərin maliyyəsi əsasında bunu edirdi, amma həmin xarici şirkətlər artıq ölkəni müharibə başlayan kimi tərk ediblər. Xarici investorların Rusiya bazarından çıxması mühüm sahələrin dayandırılmasına gətirib çıxarıb. Əcnəbilər Rusiyada əsasən tikinti sahəsində çalışırdılar, onlar iş yerlərini itirməsi təhlükəsi ilə üz-üzə qalıblar. Azərbaycandan gedən miqrantların da müəyyən bir qismi tikinti sektorunda fəaliyyət göstərirlər. Amma bizim təmasda olan qruplarımız ki var, tikinti sektorunda layihələrin dayandırılması məhdudiyyətlərə səbəb olsa belə, kəskin şəkildə özünü büruzə vermir”. 

A.Allahverənov əlavə edib ki, həmvətənlərimizin çox hissəsi Rusiyada ticarət sahəsində çalışırlar: “Pərakəndə satışla məşğul olanlar iş yerlərini itirmirlər. Azərbaycanlılar qida məhsullarının, yüngül sənaye məhsullarının satışı ilə məşğul olurlar. İnsanların gündəlik tələbatını ödəyən qida məhsullarının satışı ilə məşğul olan həmyerlilərimiz baş verən proseslərə ayaqlaşmağa çalışacaqlar. Amma digər sahələrdə qeyri-qida məhsulları satışı sahəsində çalışanlar artıq gəlirlərinin azaldığını bildirirlər. Bu gün Rusiyada diqqət gündəlik qida məhsullarına yönəlib. Bu isə digər sahələrdə çalışan azərbaycanlıların fəaliyyətinin dayandırlmasına gətirib çıxarır. Buna görə də həmin insanların böyük bir qismi Azərbaycana qayıtmağı düşünürlər.

Bununla belə, əcnəbi miqrantların çalışdığı kommunal sahələrdə məhdudiyyətlər yoxdur. Çünki kommunal sahənin xarici investorlardan asılılığı yoxdur. Nəticə etibarilə Rusiyanın əmək bazarında 1 milyondan çox işsiz kontingent formalaşır. Onlar iş yeri axtarmaqdan ötrü bir yolu seçə bilərlər: ölkəni tərk etməlidirlər. Əldə etdiyimiz məlumata görə, müxtəlif ixtisaslar üzrə təhsil almış peşə sahibləri Rusiyanı tərk edirlər. Misal üçün, bu yaxınlarda bildirildi ki, 100 minə yaxın İT  mütəxəssisi Rusiyanı tərk edib, xarici ölkələrə gedib məskunlaşıblar".

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb - 15.06.2021, Sputnik  Azərbaycan

Ekspert qeyd edib ki, Rusiyanın əmək bazarında yaranan gərginlik 45 gün ərzində əcnəbi miqrantlara təsir etsə də, təzyiq altında saxlamır: “Təbii ki, ticarət sahəsində olanlar dövriyyənin, gəlirlərinin azaldığını deyirlər. Ona görə də əcnəbilər başqa sahələrdə özlərini sınayır, təki ailələrini maddi cəhətdən təmin edə bilsinlər. Amma azərbaycanlıların qayıtması labüddür. Misal üçün, 2022-ci ilin yanvar ayına olan statistika belədir ki, 600 min Azərbaycan vətəndaşı Rusiyada yaşayır. Onlardan 200 mini əmək fəaliyyəti ilə məşğul olanlardı. Onlar işini itirdikdə ya başqa sahədə çalışmağa çalışacaqlar, tapmadıqda Azərbaycana gələcəklər. Sual verilə bilər ki, geri dönən həmyerlinin sayı çoxdurmu? Bu hələ ki, hiss olunmur. Rusiya ilə Azərbaycan arasında hələ ki, quru sərhədlər bağlıdır. Yalnız avia-marşrutları vasitəsilə miqrantlar Azərbaycana gələ bilər. Təyyarə biletləri kifayət qədər bahadır, ailələr quru sərhədlərin açılmasını gözləyirlər. Bizə də bununla bağlı müraciətlər daxil olur. Bunu səbirsizliklə gözləyən minlərlə insan var. Həmvətənlimizin əllərində müəyyən sərvətləri var, onu qoruyub saxlamaqdan ötrü quru sərhədlər vasitəsilə gəlməkdə maraqlıdırlar. Biletlərin qiyməti min manat təşkil edir. Təsəvvür edin, beş nəfərdən ibarət ailə üzvü Azərbaycana qayıtmaq istəyirsə, 5 min manat pul ödəməlidir. Quru sərhədlə gəldikdə 500 manata başa gələcək. İşsiz olan insanlar quru sərhədin açılmasını gözləyir ki, Azərbaycana qayıtsınlar. Ona görə biz hələ ki o axını hiss etmirik. Quru sərhədlər açılandan sonra tam dəqiq deyə biləcəyik ki, Rusiya ərazisini nə qədər insan tərk edib.

İqtisadi sanksiyalar davam edir. Rusiyadan bir sıra şirkətlərin çıxması və ya çıxarılması irəliləyən zamanlarda iqtisadiyyata öz təsirini göstərəcək. Nəzərə alsaq ki, iqtisadi sanksiyalar iki həftədir ki, qüvvəyə minib, onun bir neçə ay da davam edəcəyi təqdirdə, dediyimiz bütün proqnozlar özünü doğruldacaq..."

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR