İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada defolt və tənəzzül qaçılmazdır – İqtisadçılardan SOS

2806 11.03.2022 20:24 Gündəm A A

Qubad İbadoğlu: “Azərbaycan hökuməti dərhal hərəkətə keçməlidir”

Natiq Cəfərli: “Ətraf ölkələrə ciddi mənfi təsirləri olacaq”

Ukraynaya hərbi təcavüzə görə ən ağır iqtisadi sanksiyalarla üzləşən Rusiyanın defolt olma təhlükəsi getdikcə artır. Beynəlxalq reytinq agentlikləri həm Rusiya dövlətinin, həm də onun ayrı-ayrı böyük müəssisələrinin ödəmə qabiliyyətini ifadə edən reytinqlərini ən aşağı həddə - defolt həddinə endirib.
Amerikanın “Morgan Stanley” maliyyə korporasiyası hesab edir ki, Rusiya qarşıdakı aylarda borclarını ödəmə qabiliyyətini itirmək riski altında olacaq. Bloomberg yazır ki, analitiklərin proqnozlarına görə, defolt aprelin 15-də baş verə bilər.

Beynəlxalq Vlayuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva CNBC telekanalının efirində bildirib ki, Ukraynadakı vəziyyət fonunda tətbiq edilən sanksiyalara görə Rusiyada defolt mümkündür. O qeyd edib ki, “Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar ölkəni tənəzzülə sürükləyib. Bizim proqnozumuza görə, bu tənəzzül dərin olacaq. Defolta gəlincə, bu ssenari artıq qeyri-mümkün görünmür."

Rusiyada defolt ehtimalı nə qədər yüksəkdir? Bu, baş verərsə Azərbaycana hansı təsirləri mümkündür?

Qubad İbadoğlu - Günün Səsi

İqtisadçı-alim Qubad İbadoğlunun sözlərinə görə, artıq Rusiya iqtisadiyyatının batacağı barədə verdiyi proqnozlar ən yüksək səviyyədə təsdiq olunur: “Ən pisi odur ki, Rusiya özü ilə bərabər onun orbitində olan ölkələri də tənəzzülə sürükləyəcək. Fikrimcə, Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti birinci növbədə Avrasiya İttifaqına üzv ölkələri - Belarusu, Ermənistanı, Qırğızıstanı və Qazaxıstanı təsirləndirəcək. Bundan sonra Rusiyada böhranın ikinci dərəcədə təsirləndirdiyi ölkələr Tacikistan, Özbəkistan, Türkmənistan və hazırkı siyasəti davam etdirərsə, Azərbaycan da ola bilər. Odur ki, Azərbaycan hökuməti fəal olmalı, Rusiyaya sanksiyaların tətbiqindən sonra regionda formalaşan yeni meylləri, qərarlaşan tendensiyaları müxtəlif ssenarilər üzrə qiymətləndirməli və qısa müddət ərzində adekvat proqramlar qəbul etməlidir. Rusiya sərmayəsi olan banklar və şirkətlərlə bağlı vəziyyətə aydınlıq gətirməli, bankların son günlər valyuta mübadiləsi ilə bağlı manipulyasıyalarının (bəzi banklar son günlər dollar alır, satmır, rubl almır, satır), ölkədən valyuta çıxarılmasının qarşısını almalıdır. Yoxsa Azərbaycanda ayrıca rus bankları və şirkətləri defolt ola və manatın kövrək "sabitliyi" pozula bilər”.

Dünyada şirin su qıtlığı kontekstində Azərbaycan - İqtisadçı ekspert

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, defoltu Rusiya özü də elan edə bilər: “Rusiya özü elan edərsə ki, borclarını qaytara bilmir, bu, artıq defolt olacaq. Yəni defolt əslində iqtisadi deyil, daha çox texniki məsələdir. Ondan daha qorxulusu Rusiya iqtisadiyyatının yaşayacağı çöküşdür. Bu çöküşün mənfi təsirlərini Rusiya ilin sonlarına doğru daha ağırlığı ilə hiss edəcək. Rusiya iqtisadiyyatının kəskin tənəzzülü bu ölkə ilə iqtisadi əməkdaşlığı olan bütün ölkələrə, o cümlədən Azərbaycana mənfi təsir göstərəcək. O cümlədən Rusiyadan gələn məhsulların kəskin bahalaşması, Rusiyaya ixracımızda probemlərin yaranması realdır. Rusiyada rublun kəskin dəyərsizləşməsi fonunda bu ölkəyə ixrac iqtisadi baxımdan səmərəsiz hala gələcək. Eyni zamanda Rusiya əhalisinin alıcılıq qabiliyyəti ora əvvəlki həcmlərdə məhsul ixracını mümkünsüz edəcək”.

Qeyd edək ki, artıq Qazaxıstan hökuməti Rusiyaya qarşı sanksiyaların iqtisadiyyata təsirlərini müəyyənləşdirmək, biznesə və əhaliyə mənfi təsirin qarşısını almaq üçün tədbirlər hazırlamaq üçün operativ qərargah yaradıb. Azərbaycanda hələlik hökumətin hansısa nümayəndəsinin yaxın qonşumuzda gedən proseslərin ölkə iqtisadiyyatına, əhalisinə, biznesinə təsirlərindən danışdığına rast gəlmirik.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Neft Fondu sansiyalara məruz qalan VTB banka 500 milyon dollar sərmayə yatırıb. Bu vəsaitlərlə bağlı hansı addımlar atılacağını öyrənmək üçün Fonda göndərdiyimiz sorğuya verilən cavabda bildirilir ki, son hadisələr Rusiya maliyyə bazarları da daxil olmaqla, beynəlxalq birjalara öz təsirini göstərir: “Çox ciddi qısamüddətli dalğalanmaların şahidi oluruq. Məlumdur ki, budəfəki dalğalanmalara gətirib çıxaran səbəblər ənənəvi iqtisadi-maliyyə xarakterli deyil və hal-hazırda dünya iqtisadiyyatı və maliyyə bazarları həm mahiyyət, həm də miqyas etibarilə fərqli mənzərə ilə qarşılaşmaqdadır. Dövlət Neft Fondu olaraq həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm maliyyə bazarlarında baş verənlər tərəfimizdən diqqətlə izlənilir, aidiyyatı təhlillər həyata keçirilir və potenisal risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilərək, müvafiq qərarlar verilir. İndiki mərhələdə, bir məqamı yenidən xatırlatmaq yerinə düşərdi ki, ARDNF hər hansı spesifik ölkə və ya region, maliyyə aktivi və valyuta növü üzrə konkret ixtisaslaşmış investor deyil, qlobal investordur”.

Cavabda həmçinin qeyd olunur ki, Fond öz investisiya portfelini şaxələndirib: “Dövlət Neft Fondunun yüksək şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən geosiyasi risklər düzgün nəzərə alınaraq qurulmuşdur və bu kimi şoklardan sığortalanmağa qadirdir. Hal-hazırda investisiya portfelinin həm aktivlər üzrə bölgüsü, həm valyuta bölgüsü, həm də coğrafi bölgüsü bunu deməyə bir daha əsas verir. Məsələn, ARDNF-nin investisiya portfelinin təxminən 80 faizə qədəri yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Təbii ki, ARDNF-nin investisiya portfelinə daxil edilən və yalnız VTB bankın səhmlərindən deyil, dünyanın bazar kapitallaşmasına görə ən böyük 1600 şirkətinin paylarını özündə əks etdirən səhm yatırımları uzun-müddətli dövrdə yüksək gəlirlilik vəd edərək portfelin diversifikasiyasının təmin olunmasında müstəsna rol oynayır və qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə səciyyələnir. Nəticə etibarilə ARDNF-nin vəsaitlərinin həcminin dəyişməsi, habelə gəlirlilik göstəricisi beynəlxalq təcrübə də əsas götürülməklə ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində dəyərləndirilir və bu barədə ətraflı məlumat Fondun fəaliyyəti haqqında rüblük və illik hesabatlarda əks olunur”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR