Rusiyada Ali Məhkəmənin Plenum iclasında 27 iyun 2013-cü il tarixli “Ümumi yurisdiksiya məhkəmələri tərəfindən 4 noyabr 1950-ci il İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın və ona dair Protokolların tətbiqi haqqında” qərarın ləğv edilməsini nəzərdə tutan sənəd müzakirə olunub.
Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata əsasən, sənəd həmçinin Plenumun digər qərarlarında Konvensiyaya edilən bütün istinadların çıxarılmasını və onların Rusiya qanunvericiliyi ilə yanaşı, 16 dekabr 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəaları ilə əvəz edilməsini nəzərdə tutur.
Bu məsələ bugünkü iclasın gündəliyində ayrıca bənd kimi göstərilmişdi.
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya - daha çox Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) kimi tanınır - İkinci Dünya müharibəsindən sonra hazırlanıb və 1953-cü ildə qüvvəyə minib. Konvensiyanı imzalayan Avropa Şurası üzv dövlətləri həyat hüququ, din azadlığı, sərbəst toplaşma və hərəkət azadlığı kimi hüquqları qorumağı, habelə işgəncə və ölüm cəzasını qadağan etməyi öhdələrinə götürmüşdülər. Dövlət tərəfindən Konvensiya maddələrindən birinin pozulması halında həmin dövlətin vətəndaşı ədalətin bərpası üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilirdi.
Rusiya Avropa Şurasından müharibənin başlanmasından sonra çıxıb və 15 mart 2022-ci ildən sonra qəbul edilmiş AİHM qərarlarını (təkcə onları deyil) icra etmir.
Musavat.com






