İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya və ABŞ-ı ciddi şəkildə qıcıqlandırmadan müstəqil xəttimizi aparmalıyıq”-Akif Nağı  

351 06.04.2022 15:38 Region A A

“İkinci Qarabağ müharibəsinə qədər ABŞ-ın mövqeyi “Dağlıq Qarabağ”ın hər hansı ad altında Ermənistana verilməsindən ibarət olub”.

QAT sədri Akif Nağı bu fikirləri Musavat.com-a, ABŞ-ın son zamanlar Azərbaycan-Ermənistan danışıqları ilə bağlı aktivləşməsi, dövlət katibi Blinken səviyyəsində Bakı və İrəvana açılan telefon zənglərini şərh edərkən söylədi.

A.Nağı rəsmi Vaşinqtonun Qarabağla bağlı yürütdüyü siyasətdən bəhs edərkən konkret faktlara istinad etdi: “ABŞ Konqresinin 1989-cu ildə Qarabağda separatizmi dəstəkləyən qətnaməsi, 1992-ci ildəki “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş, 1998-ci ildə Dağlıq Qarabağa dövlət səviyyəsində maliyyə yardımın ayrılmasına dair qərar, 2008-ci il Madrid prinsipləri, 2018-ci ildə hakimiyyətə gələn Paşinyana birmənalı dəstək bu siyasətin göstəriciləridir. ABŞ rəhbərliyinin son açıqlamaları, xüsusilə status məsələsini qabartmaları da bu siyasətin davam etdirildiyini göstərir”.

QAT sədri qeyd etdi ki, digər tərəfdən, Rusiyanın da həmişə öz maraqları olub: “Kreml münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa və bu vəziyyətdən hər iki tərəfi nəzarətdə saxlamaq üçün istifadə etməyə çalışıb. Rusiya indi də “sülhməramlılar” vasitəsilə həmin siyasəti davam etdirir. Ona görə də bizə bu tərəflərdən hər hansı biri ilə “işləmək” sərf etmir. Hər ikisi bizim üçün təhlükə mənbəyidir. Hazırda bunların arasında nüfuz davası gedir. Hələlik üstünlük Rusiyanın tərəfindədir, bölgəyə hərbi kontingentini yeritməklə təsir imkanlarını artırıb”.

A.Nağı bildirdi ki, hazırda ABŞ təşəbbüsü ələ keçirmək istəyir: “Avropa İttifaqının fəallaşması, son Brüssel görüşünün təşkili buna xidmət edir. Hesab edirəm ki, kiminlə işləmək taktikası artıq keçilmiş mərhələdir. Təbii ki, super dövlətlərin mövcudluğu, istəkləri nəzərə alınmalıdır”.

Amma QAT rəhbəri hesab edir ki, İkinci Qarabağ müharibəsi regionda yeni situasiya yaradıb: “Azərbaycan və Türkiyə tandemi yeni güc amili kimi ortaya çıxdı. 44 günlük müharibədə ABŞ və Rusiya bu yeni amillə hesablaşmalı oldu. Azərbaycanın siyasəti bu yeni situasiyanın, qüvvələr nisbətinin dayanıqlı olmasına yönəlməlidir. Biz Rusiya və ABŞ-ı ciddi şəkildə qıcıqlandırmadan müstəqil xəttimizi aparmalıyıq. Son Fərrux olayları da göstərdi ki, xəttimiz düzgündür. Beləliklə, kiminsə tərəfində olmaq, kiminləsə “işləmək” yox, güc amilimizi qabartmaqla işimizi görməliyik. “Qoca” dünya yalnız bu amillə hesablaşır. Biz də artıq bu reallığa uyğun siyasətimizi qurmağa başlamışıq. İlkin ciddi nəticəmiz var, davamı da olacaq”.

E.Paşasoy,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR