İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynadan çıxsa, sanksiyalar bitəcəkmi? - təhlil

771 21.04.2022 09:50 İqtisadiyyat A A

Rusiyaya qarşı dünyanın çoxsaylı ölkələri tərəfindən sanksiyaların tətbiq olunması prosesi davam edir. Hətta Rusiyanın enerjidaşıyıcılarından ən kəskin şəkildə asılı olan ölkələr belə bu ölkəyə ağır sanksiyalar tətbiq etməkdən çəkinmirlər.

Ukraynada hərbi əməliyyatların ilk həftələrində, hətta aprelin ilk ongünlüyünədək Rusiyanın sanksiyalardan ciddi bir zərər görmədiyi rəyi olsa da, artıq bu rəy getdikcə dağılmaqdadır. Əvvəla, sanksiya tətbiq edən tərəf - Qərb getdikcə daha açıq şəkildə Rusiya Ukraynadan tam məğlub ayrılana qədər Kiyevə hərtərəfli dəstəyini, Moskvaya isə hərtərəfli zərbələrini davam etdirəcəyini deyir. Hətta indiyədək heç bir ölkəyə hərbi yardım etməyən Yaponiya belə Ukraynaya hərbi dronlar verməyə başlayıb. Norveç, ABŞ, Böyük Britaniya, Almaniya, Kanada Ukraynaya ağır texnikaların - artilleriya, hava hücumundan müdafiə sistemləri, helikopterlər verirlər. Eyni zamanda məlum olur ki, Kiyev artıq Avropadakı dostlarından döyüş təyyarələri də alıb. Bütün bunların nəticəsində Rusiya Ukraynanın Donbas bölgəsində başlatdığı yeni irimiqyaslı hücum əməliyyatında iki gündür heç bir ciddi irəliləyiş əldə edə bilmir.

Sanksiyaların mənfi təsirləri isə artıq daha ciddi hiss edilməkdədir. Belə ki, aprelin 4-də dövlət istiqrazları üzrə ödənişini sanksiyalar üzündən icra edə bilməyən Rusiyanın mayın əvvəlində texniki defolt elan olunacağı ehtimalı sürətlə artır. Bunu Rusiya rəhbərliyi də görür və ölkənin defoltunun Avropa və Amerika bazarlarında ciddi təlatümlərə səbəb olacağını açıqlayır.

Rusiya iqtisadiyyatına sanksiyaların təsirlərini qiymətləndirmək üçün bir neçə fakta diqqət yetirmək kifayətdir. Belə ki, Rusiya Avtomobil İstehsalçıları Komitəsi bəyan edib ki, ölkədə minik avtomobillərinin satışı 2022-ci ildə ən yaxşı halda 50 faiz, pis halda isə daha çox azalacaq. Açıqlamaya görə, ən pozitiv ssenariyə əsasən ölkədə avtomobil satışı 800 min ədəd təşkil edə bilər ki, bu da 2021-ci ildəki satışın 50 faizi demək olar. Ən pozitiv variant isə sanksiyaların aradan qaldırılması və Rusiyada işi dayandıran xarici avtomobil istehsalçılarının ikinci rübün sonunadək istehsalı bərpa etməsini nəzərdə tutur ki, bunun qeyri-real olduğu heç kimə sirr deyil.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabuillina isə qeyd edir ki, sanksiyalar ilk öncə maliyyə sisteminə təsir edib, indi isə real sektorda təsirlər hiss olunmağa başlayıb. Baş bankirin sözlərinə görə, Rusiya iqtisadiyyatının sanksiya rejiminə uyğunlaşması radikal struktur dəyişikliyi və kəskin qiymət artımları ilə müşayiət olunacaq.

Hazırda sanksiyaların getdikcə çoxalacağı, yaxın vaxtlarda neft-qaz kimi strateji enerjidaşıyıcılarını, həm də Rusiyanın əsas gəlir mənbələrini də əhatə edəcəyi gözlənilir. Artıq Avropa İttifaqının yeni -  sayca 6-cı sanksiya paketinin hazırlandığı rəsmən təsdiqlənib. Bu paketə Rusiyadan neft alışının kəskin şəkildə məhdudlaşdırılmasının da daxil edildiyi bildirilir. Belə ki, Avropanın ilk mərhələdə neft alışını məhdudlaşdırması, ilin sonunadək isə tamamilə dayandırması gözlənilir.

Avropaya satdığı neftin və qazın pulunun mühüm hissəsini ala bilməyən Moskva isə qaza görə ödənişin rublla həyata keçirilməsi tələbi irəli sürüb. Cavabında Avropa ölkələri Avropa Komissiyasının vahid qərarına uyğun hərəkət edəcəklərini açıqlayıblar. "Bloomberg"in yazdığına görə, Avropa Komissiyası Rusiyanın bu tələbinə əməl olunmasının sanksiyaların pozulması demək olduğuna dair rəy hazırlayaraq üzv ölkələrə göndərib. Rəydə qeyd olunur ki, Avropa ölkələri qazın dəyərini rublla ödəməklə Rusiya Mərkəzi Bankı və digər banklara qarşı tətbiq edilən sanksiyaları pozmuş olacaq. Təklif olunan ödəniş mexanizmi Moskvaya qaz müqavilələrini istədiyi vaxt dayandırmaq, yaxud alıcını öhdəliklərdən azad etmək imkanı yaradacaq. Yaxın vaxtlarda Avropa Komissiyasının müvafiq rəyi əsasında Avropa Birliyinin yekun qərarı elan olunacaq. Qərarın rublla ödənişdən imtina olunacağı artıq heç bir tərəfdə şübhə doğurmur. Buna görə də Avropa ölkələri aktiv şəkildə Rusiyanın qaz nəqlini dayandırması variantına hazırlaşırlar.

Müharibə uzandıqca, Rusiyanın Qərbin sanksiyalarından yayınmasına dəstək verəcək əsas ölkə hesab olunan Çinlə bağlı gözləntilər dəyişir. Belə ki, Pekin nəinki Rusiyaya aktiv dəstək vermir, artıq öz ticarət əlaqələrini rusiyasızlığa uyğunlaşdırmağa belə başlayıb. Belə ki, Çin hökuməti Sian şəhərindən Avropaya yükdaşımalar üçün Rusiyadankənar ərazilərlə yeni dəmiryol marşrutunu işə salıb. Bu marşrutla qatarlar Siandan Xəzər dənizi və Qara dənizdən keçməklə Almaniyanın Manheym şəhərinə çatacaq.

Sian şəhər gömrük idarəsinin saytında yerləşdirilən məlumata görə, 316 ton ümumi çəkidə olan 42 konteynerdən ibarət ilk qatar artıq aprelin 13-dən Siandan yola salınıb. Qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiyadan keçməklə son təyinat nöqtəsinə çatacaq. Bu marşrutun uzunluğu 11,3 min kilometr təşkil edəcək.

Çinin “Sinxua” agentliyinə danışan “Xi’an Free Trade Port Construction and Operation Co” şirkətinin rəhbəri Yuan Syaotsziyanın dediyinə görə, indiyədək Çinlə Avropa arasında az istifadə olunan bu olla daşımaların artırılması həm Çin, həm də digər ölkələrin şirkətləri üçün yeni bazarlar açır.

Göründüyü kimi, dünyanın ikinci nəhəng iqtisadiyyatına malik Çin də Qərb dünyasına qarşı getməyi deyil, reallıqla hesablaşmağı üstün tutur. Belə şəraitdə sanksiyaların Rusiyaya mənfi təsirlərinin iqtisadiyyatı dağıdıcı həddə çatması üçün çox az zamanın qaldığı açıq görünür. Bu baxımdan, Rusiyanın Ukraynadan çəkilməklə sanksiyaların aradan qaldırması ehtimalı nə qədərdir? Rusiya prezidenti Vladimir Putin sanksiyaların  ləğvi şərtilə hərbi qüvvələrini Ukraynadan geri çəkə bilərmi?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Sualları cavablandıran politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Rusiya prezidenti işğalçılıq planından geri çəkilmək niyyətində olmadığını dəfələrlə açıqlayıb: “Hətta iddia edir ki, sanksiyaların Rusiyaya ciddi təsiri yoxdur. Halbuki bu təsirlər var, getdikcə daha da güclənir. Bir neçə aydan sonra bu təsirlər pik həddə çatacaq. Artıq Rusiya prezidentinin yaxın ətrafı, hökumətin yüksək vəzifəli şəxsləri bunu anlayırlar. Amma prezident hələ ki reallığı qəbul etmək istəmir. Bunu o zaman qəbul edəcək ki, Rusiyaya dəstək verməsi gözlənilən sanksiyalara qoşulmayan iki böyük dövlət - Çin və Hindistan Moskvaya qarşı fəaliyyətlərə başlasınlar. Bu ölkələr Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmasalar da, iqtisadi əlaqələri məhdudlaşdırmağa başlayıblar: Hindistanın böyük şirkətləri Rusiya neftinin alışını dayandırır, Çinin böyük bankları sanksiya altına düşən Rusiya bankları ilə əməkdaşlıqdan imtina edir, eyni zamanda Pekinin yaxın 1-2 ay üçün Rusiya neftinin alışını azaldacağı məlum olub. Lakin bunlar Rusiyanın alternativlərin olmadığını görməsi üçün yetərli deyil”.

Politoloq hesab edir ki, Rusiya yalnız o halda geri addım atacaq ki, öz məhsullarını sata biləcəyi bazar tapmasın, özünə zəruri olan məhsulları heç kimdən ala bilməsin.

Kremldən “Azərbaycana toxunmaq olmaz” mesajı: Rusiya Zəngəzur dəhlizinin də  önünü açdı

Elçin Xalidbəyli

Politoloq, “Yeni Müsavat” qəzetinin yazarı Elçin Xalidbəylinin fikrincə, ABŞ və Qərb xüsusi plan əsasında Rusiyanı Ukraynada “savaş bataqlığı”na salıb: “Əsas hədəf də Rusiyanın yaxın bir neçə il ərzində zəiflədilib, Kremlin qala divarları içərisinə sıxışdırılmış adi dövlətə çevrilməsinə nail olmaqdır. Bu hədəfə çatılmasında isə Ukrayna savaşının davam etdirilməsindən daha çox hazırda Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar önəmli faktor rolunu oynayır.

Ona görə də ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyaları yaxın vaxtlarda ləğv edəcəyi o qədər də inandırıcı görünmür. Hətta Rusiya Ukraynaya qarşı müharibəni dayandırsa belə, böyük ehtimalla, ABŞ və Qərb Kremldən əl çəkməyəcək, sanksiyaları da qüvvədə saxlayacaq.

Əslində Kreml rəsmiləri artıq bu məsələ ətrafında “siyasi bazarlığa” hazır olduqlarının mesajını verməyə başlayıblar. Onlar təklif edirlər ki, sülh danışıqlarında anlaşma olacağı təqdirdə, Rusiyaya qarşı sanksiyalar ləğv olunmalıdır. Bu isə o deməkdir ki, Kreml bu savaşın Rusiya üçün böyük fəlakətin başlanğıcına çevrilməkdə olduğunu anlayır. Ona görə də Ukrayna savaşından “qürurlu sülh sazişi” ilə çıxmağın yollarını axtarır. Halbuki ABŞ və Qərb Rusiyaya belə bir imkan vermək niyyətində olmadığını qətiyyən gizlətmir".

E.Xalidbəyli deyir ki, Ukrayna savaşının ilk mərhələsində Rusiyanın ağır məğlubiyyətindən sonra rəsmi Kiyev də öz ritorikasını dəyişməyə başlayıb: "Rusiya qoşunları paytaxt Kiyevin ətrafında olarkən, Ukrayna prezidenti Volodimir Zelenski Kreml sahibi Vladimir Putinlə görüşüb, anlaşmağa hazır olduğunu tez-tez vurğulayırdı. Ancaq Rusiya Kiyev ətrafından geri çəkildikdən və Buça qətliamı ilə bağlı faktlar açıqlandıqdan sonra prezident V.Zelenski artıq mövqeyini dəyişməyə başlayıb, Ukraynanın ərazilərinin güzəşt edilməyəcəyini vurğulayır. Eyni zamanda o, Ukrayna cəmiyyətinin Rusiya ilə sülh danışıqlarına qarşı olduğunu da bəyan etməyə başlayıb. Bu baxımdan, sülh danışıqları artıq arxa plana keçirilib.

ABŞ və Qərb Rusiyanı savaş meydanında məğlub etməkdə qərarlıdır. NATO ölkələri arasında bu barədə prinsipial anlaşma da mövcuddur. Yəni Rusiya Ukrayna ərazilərindən tamamilə çəkilsə belə, ABŞ və Qərbin Kremli rahat buraxacağı qətiyyən inandırıcı görünmür. Üstəlik, indi rəsmi Kiyevin də əsas hədəfi Rusiyanı savaş meydanında məğlub etmək, Ukraynanın bütün ərazilərini, o cümlədən də Krim yarımadasına və Donbas bölgəsinə nəzarəti yenidən bərpa etməkdən ibarətdir. Böyük ehtimalla, Kremlə qarşı beynəlxalq sanksiyalar hətta savaş sona çatdıqdan sonra da davam edə bilər. Savaşın yekun nəticəsinin isə Kremlin məğlubiyyəti, Rusiyanın Ukraynanın beynəlxalq hüquqla tanınmış ərazilərini tamamilə tərk etməsi ilə yekunlaşa biləcəyi qətiyyən istisna deyil".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR