İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi qorxunc mərhələyə keçir - NATO qoşun göndərə bilər

872 10.06.2023 10:10 Gündəm A A

Ukrayna ordusunun əks-hücum əməliyyatından ehtiyatlanan Rusiya daha böyük müharibə cinayətlərinə əl atmağa başlayıb. Bir neçə gün öncə Kaxovka SES-in partladılması, görünür, bunun yalnız başlanğıcıdır. Belə ki, Rusiyanın birinci kanalı “Rossiya 1"də Kiyev Su Elektrik Stansiyasının dağıdılmağına çağırışlar edilib.

Musavat.com xəbər verir ki, Xerson vilayətinin su altında qalmasından sonra Kiyevdə də bu fəlakəti həyata keçirmək üçün Rusiya dövlət kanalları açıq şəkildə təbliğat aparırlar. Rus ekspertlər Ukraynanın paytaxtında yerləşən SES-in bəndinin dağıdılmasını tələb ediblər. “Orada gözəl bir su anbarı var, Kiyevdən bir qədər yüksəkdə yerləşir. Həmin SES-də dörd və ya daha çox kilometr kub su var. Mən bu barədə düşünməyi təklif edirəm” - onlardan biri deyib.

Maraqlı məqam isə ondadır ki, televiziyada yayımlanan verilişlərin birində Ukraynanın azad edilmiş ərazilərində insanların dinc həyata qayıtması pislənib, verilişə çağırılan qonaqlar bu məsələdən hiddət duyduqlarını bildiriblər.

Rusiya Ukraynanı durdurmaq üçün, yəqin ki, nüvə silahına əl atmayacaq, çünki bunun bədəli daha ağır olar. Amma Kiyev SES-i partlatmağa gedərmi? Kiyev səması tam qorunurmu? Necə ki, 44 günlük müharibə zamanı Azərbaycan Mingəçevir SES-i qoruya bilmişdi.  

Onu da qeyd edək ki, son günlər Rusiyanın işğalı altında olan və Avropanın ən böyük AES-i sayılan Zaparojye AES ilə bağlı da narahatedici xəbərlər gəlməkdədir.

NATO-nun keçmiş baş katibi Rasmussen isə Ukraynaya kömək üçün alyans qoşunlarının göndərilməsinin mümkün olduğunu deyib. Onun fikrincə,  NATO qoşunları Ukraynadakı münaqişədə birbaşa iştirak edə bilər.

Rasmussenə görə, NATO-ya üzv dövlətlər, o cümlədən ABŞ Vilnüs sammitində Kiyevə “real təhlükəsizlik zəmanəti” verməsə, alyans ölkələri Ukraynaya qoşun göndərmək istəyə bilər. Keçmiş baş katib həmçinin vurğulayıb ki, Kiyev “Vilnüsdə heç nə əldə etməsə”, Baltikyanı ölkələr və Polşa yardım üçün Ukraynaya qoşun göndərmək üzrə “istəklilər koalisiyası” qura bilər.

Bəs o halda NATO-Rusiya hərbi toqquşması baş verməzmi?

Ermənistanı Rusiya əvəzinə niyə Hindistan silahlandırır - İlginc səbəblər

Alp Arslan İmamqulu: “Ukraynada baş verə biləcək hər hansı uğursuzluq gələcəkdə onlara da təhlükə yarada bilər”

Hərbi ekspert Alp Arslan İmamqulu Kiyev SES-in vurulmasının olduqca çətin olduğunu bildirdi: “Ukrayna savaşı Qərblə Rusiya arasında gedən bir savaş kimi qiymətləndirilə bilər. Bu gün Qərb dedikdə biz əsas olaraq, NATO-nu təşkil edən bir sıra ölkələri nəzərdə tuturuq. Dolayısı ilə Ukrayna ərazisində gedən müharibələrə bir şəkildə müdaxilə edən, gərəkli dəstək verən Qərb dövlətləri, eyni zamanda, NATO düşünülə bilər. Bu o deməkdir ki, mövcud vəziyyətdə NATO-Rusiya, yaxud da başqa adla desək, Qərb-Rusiya arasındakı müharibə artıq başlamış vəziyyətdədir. Rusiyanın hazırkı vəziyyətdə müharibə sahəsinin gücləndirilməsi üçün, müharibə sahəsindəki uğursuzluqlarının üstünü ört-basdır etmək məqsədilə bir sıra sivil obyektlərə zərbələr endirəcəyi ehtimal edilə bilər. Hansı ki, bildiyiniz kimi, sivil binaların havadan bombardiman edilməsi, son olaraq, su elektrik stansiyalarından birinin sıradan çıxarılması üçün vurulması bu istiqamətdə qiymətləndirilə bilər.

Qaldı ki, Kiyev Su Elektrik Stansiyasına Rusiyanın gələcəkdə müdaxilə edə biləcəyinə, bu ehtimal olsa da, deyərdim ki, bu bir o qədər çətindir. Çünki su elektrik stansiyalarının tikilişi, quruluşu struktur olaraq baxılsa, onlar normal obyektlərin sıradan çıxarılmasından çox çətindir. Bu cür stansiyaların sıradan çıxarılması üçün tonlarca partlayıcı maddə daşımaq lazımdır ki, bu şəkildə zərər verilə bilsin. Havadan zərbə endirməklə bu cür stansiyaları sıradan çıxarmaq mümkünsüz görünür. Bir də nəzərə alaq ki, Ukrayna səmaları hava hücumundan müdafiə baxımından kifayət qədər qorunaqlıdır. Ümumi olaraq, döyüşlərin gedişatına baxılsa, Rusiya tam olaraq bataqlığa saplanmış vəziyyətdədir. NATO-nun aşkar şəkildə müdaxilə edəcəyi nəzərdə tutulsa da, yaxın gələcəkdə bu mümkün görünmür. Çünki açıq şəkildə NATO-nun Rusiya ilə savaşa girməsi asan deyil. Amma dolayısı ilə NATO-nun bir sıra ölkələri gərəkli dəstəyi verməkdədir, xüsusilə, Baltikyanı dövlətlər ciddi dəstək nümayiş etdirirlər. Onlar daha çox Ukraynanın qalibiyyətində maraqlıdırlar. Çünki yaxşı fərqindədirlər ki, Ukraynada baş verə biləcək hər hansı bir uğursuzluq gələcəkdə onlara da təhlükə yarada bilər".

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov: “Putin hakimiyyətinin Rusiyanı fəlakətə apardığı artıq göz qabağındadır”

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov məğlub Rusiyanın hər şeyi edə biləcəyinin anonsunu verdi: “Ukraynanın əks-hücum əməliyyatlarının qarşısını almaq üçün Rusiya ən çirkin əmələ əl atdı. Hansı ki, bu, bəşəriyyətdə qəbul olunmayan bir hadisədir. Su elektrik stansiyasını partlatdı və nəticədə 80-dən çox yaşayış məntəqəsi su altında qaldı. Bu da böyük fəlakətdir. Böyük bir cinayətə növbəti dəfə yol verdilər. Rusiya bu cinayəti gözünü qırpmadan etdi. Baxmayaraq ki, onlar Krımda su təchizatını dayandırmaq üçün Ukrayna tərəfin bu addımı atdığını deyirlər. Amma bu heç də belə deyil.

Bilirsiniz ki, Ukrayna qüvvələri əks-hücum üçün ciddi şəkildə hazırlıq keçir. Rusiyanın özü artıq bilir ki, məğlub olub. Bu əks əməliyyatlarda məğlub olması və işğal etdiyi ərazilərdən çıxarılması an məsələsinə dönüb. Ona görə də bu çirkin əmələ əl atdı. Tarix boyu belə olub. Müharibəni uduzan tərəf belə cinayətlərə gedir. Rusiyanın alman faşizmindən heç bir fərqi yoxdur. Faşistlər, bilirsiniz ki, zamanında Polşanın böyük şəhərlərini minalamışdılar - o ərazilərdən çıxan zaman. İndi də Rusiya analoji addım atdı. Bu, Amerika başda olmaqla Qərb, NATO ölkələrinə bir mesaj idi ki, əgər mən su elektrik stansiyasını partladıramsa, demək, atom elektrik stansiyasını da partlatmağa qadirəm.

Məlumdur ki, Xersonda AES-ə rus qoşunları nəzarət edir. Hətta onların tankları AES-in bloklarına tuşlanıb. Ruslar şantajla oranı əldə saxlayırlar. Əgər sabah hər hansı əməliyyat keçirilsə, ruslar çox ağır bir fəlakət törədə bilərlər. SES-in partladılması əslində buna da bir siqnal idi. Amma unutmayaq ki, artıq Rusiya ordusunun dünyanın ikinci ordusu anlayışından çıxdığı görünür. İndi bilinmir, ikincimi, yaxud əllincimi ordudur. Çünki bu ordu tam iflasa uğradı. Aydın oldu ki, rus ordusu heç nəyə qadir deyil, heç bir döyüş qabiliyyəti də yoxdur. Bu istiqamətdə SES-i vurmaqla Ukrayna tərəfin uğurlarının qarşısını almaq və ələ keçirdiyi əraziləri qorumaq niyyətindədir. Başqa məqsəd də görünmür. Bununla həm də Ukraynaya böyük miqdarda ziyan vurmaq istəyirlər.

Rusiya mətbuatında bunu Ukrayna tərəfin özünün etməsi barədə yazılanlara gəlincə, bilirsiniz ki, ora Rusiyanın nəzarəti altında olan yerdir. İndi necə ola bilər ki, Ukrayna tərəfi bunu edə bilsin. Çünki həmin SES-i güclü minalarla partladıblar. Amma Kiyevdəki SES-lərin partladılması ehtimalına gəlincə deyə bilərəm ki, bu olduqca çətindir, hətta deyərdim ki, mümkünsüz görünür. Çünki ora Amerika, NATO tərəfindən çox güclü şəkildə qorunacaq. Bundan sonra da müdafiə sistemini daha da gücləndirəcəklər. Amma ruslardan hər şeyi gözləmək olar. Qərb dünyası da bunu bilməmiş deyil. Kiyevdə yerləşən SES-i qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemlərinin gətirilməsi məqsədilə artıq danışıqların aparıldığı bildirilir.

Amerika, NATO-nun belə faciələrin baş verməməsi üçün qoşun yeridəcəyi barədə də danışıqların getdiyi qeyd olunur. Amma Rusiyanın durmadan zəiflədiyini də deyə bilərik. Düşünürəm ki, həmin qüvvələri ruslar tam zəifləyəndən sonra Ukraynaya yeridəcəklər. Xerson Rusiyanın bir neçə vilayətinə yaxındır. Bu hadisə də Rusiyanın özünə böyük zərbə vura bilər. Belarusa da zərbə dəyə bilər. Putin hakimiyyətinin Rusiyanı fəlakətə apardığı artıq göz qabağındadır. Zatulin də çıxışında Putini çəkinmədən ittiham etdi. Bu addımın səhv olduğunu dedi. Bunu dövlətçi olan bir şəxs deyir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR