İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçtərəfli sənəddə aradan “çıxır” - bəs Putinin imzası...

1358 21.04.2023 10:20 Siyasət A A

 

10 noyabr bəyanatının bütün müddəalarının icrasına görə Moskva da məsuliyyət daşıyır və sözügedən sənədi vasitəçi kimi yox, zəmanətçi dövlət kimi imzalayıb

“Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə üçtərəfli bəyanatlar vəziyyətin tənzimlənməsi üçün yeganə real bazadır, icrası zəruridir”. TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərlə söhbət zamanı deyib. "Biz tərəflərin gərginliyin azaldılmasına səbəb ola biləcək və üçtərəfli razılaşmaların icrası istiqamətində irəliləyişə imkan yaradacaq istənilən addımlarını müsbət qarşılamağa hazırıq", - Peskov deyib. Onun sözlərinə görə, Rusiya bütün müddəaların icrası istiqamətində irəliləyişi alternativsiz və hamı üçün zəruri hesab edir.

Qeyd edək ki, Qarabağda baş verən təxribatların və bütövlükdə Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğunun məsuliyyəti Ermənistanla yanaşı, həm də Rusiya sülhməramlı kontingentinin üzərinə düşür. Çünki Rusiyanın sülhməramlı hərbi kontingentinin Azərbaycan ərazisində mövcudluğunun yeganə hüquqi əsası 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndidir. Sözügedən bəyanatın 4-cü bəndində qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bu isə o deməkdir ki, noyabrın 10-da sonuncu Rusiya sülhməramlısı Azərbaycan torpağına ayaq basanda ərazilərimizə bir erməni silahlısı belə qalmamalıydı. Amma faktlar bunun əksini təsdiqləyir və torpaqlarımızdakı qanunsuz erməni hərbi birləşmələri hərbçilərimizin, mülki vətəndaşlarımızın həyatına təhdid yaratmaqda davam edirlər. 

Ekspertlərə görə, 10 noyabr bəyanatının nə preambula hissəsində, nə də ayrı-ayrı bəndlərində Rusiyanın, sadəcə, vasitəçi olduğunu vurğulayan bircə söz belə yer almayıb. Rusiyanın iştirakçı olduğunu təsdiqləyən ifadələrin sayı isə yetərincədir. Peskov tərəflərin öhdəliklərin icrası ilə bağlı məsuliyyətdən  danışarkən  unutmamalıdır ki, 10 noyabr sənədində prezident Putinin də  imzası var və bu imza bəyanatın bütün müddəalarının icrasında rəsmi Moskvanın məsuliyyət daşıdığını ifadə edir. Bəs o halda niyə Rusiya öz məsuliyyəti və öhdəlikləri haqda danışmır, onu icra etmir, sanki sənəddə rolunu yalnız vasitəçi səviyyəsinə endirir?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

Deputat Azər Badamov deyir ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının konkret vəzifələri var: “Bu vəzifələr 10 noyabr 2020-ci ildə dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatda açıq şəkildə ifadə olunub. Rusiya sülhməramlıları 10 noyabr bəyannaməsinə əsasən Qarabağda  müvəqqəti yerləşdirilib və 10 noyabr  üçtərəfli bəyanatının icrasına zəmanətlidir. Amma Rusiya sülhməramlıları öz üzərinə düşən vəzifələri icra etmir və ancaq ermənilərə dayaq dayanmaqla kifayətlənirlər. Çünki müvafiq bəyanatın 4-cü bəndinə əsasən, Rusiya sülhməramlılarının əraziyə yerləşdirilməsi ilə paralel olaraq Ermənistan silahlıları ərazilərimizi tərk etməli idilər. Amma təəssüf ki, bu tələb bu gün də icra olunmamış qalır və Ermənistanın silahlıları sülhməramlıların nəzarət zonasında qalmaqdadır. Təəssüf ki, bəyanatın 6-cı və 9-cu bəndləri də icra olunmamış qalmaqdadır. Razılıqa əsasən, Naxçıvana maneəsiz keçid təmin olunmalı və Rusiya sərhəd xidməti tərəfindən bu keçiddə təhlükəsizlik təmin edilməliydi. Təəssüf ki, bu da baş verməyib. Rusiya neytral mövqe sərgiləməli və tərəfkeşlik etmədən dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatın icrasını təmin etməlidir. Amma reallıqda təəssüf ki, bunun əksini görürük. Rusiya sülhməramlıları Ermənistana dayaq dayanır və Qarabağda qalmış erməni hərbi tör-töküntülərinin yenidən silahlanmasına şərait yaradır. Ona görə də, Azərbaycanın ekofəalları və ictimai fəallar Qarabağda qanunsuz talana son qoydurmaq və separatçıların yenidən öz çirkin niyyətlərini həyata keçirmək niyyətlərinin reallaşdırılmasının qarşısını almaq məqsədilə Laçın-Xankəndi yolunda aksiyanı davam etdirirlər. Aksiyanın davam etdiyi müddətdə erməni özbaşınalıqlarının qarşısı alınıb, Qarabağa silah-sursat və canlı qüvvəsini daşıyan yollarda hərəkətlər qadağan olunub. Yuxarıda qeyd etdiyim kimi, Qarabağda yaşayan ermənilərin yeganə təminatçısı Azərbaycan dövlətidir. Ermənilər separatçı meyllərdən uzaqlaşaraq bayrağımız altına nə qədər tez keçərlərsə, onların təhlükəsizliyi də bir o qədər etibarlı təmin olunar və separatçıların girovluğundan azad olunaraq insan kimi yaşaya biləcəklər”.

Bu adamı hansı əsaslarla ciddiyə almalıyam? - Elçin Mirzəbəyli yazır

 Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli şimal qonşumuzun 10 noyabr bəyanatını zəmanətçi kimi imzaladığını bildirdi: “10 noyabr 2020-ci il bəyanatının müddəalarını ayrı-ayrılıqda, kontekstdən çıxarılaraq şərh edilməsi, olduqca qeyri-ciddi, məsuliyyətsiz yanaşmadır. İstənilən dövlətlərarası sənəd tam şəkildə dəyərləndirilir və sənədi imzalayan tərəflər konkret öhdəliklərdən başqa, həm də bütövlükdə imzaladıqları sənədin həyata keçirilməsinə görə məsuliyyət daşıyırlar. Əgər Rusiya yalnız adının keçdiyi sənədə müddəalara görə məsuliyyət daşıdığını iddia edirsə, o zaman bu ölkə ilə adının keçdiyi müddəaların yer aldığı ayrıca ikitərəfli, yaxud üçtərəfli sənəd imzalanmalıdır. Nümunə gətirim: Sənədin 7-ci bəndində qeyd olunur ki, "Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır". Amma məlum olduğu kimi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 10 noyabr bəyanatını imzalamayıb. O zaman belə anlaşılır ki, 7-ci bənd, ümumiyyətlə “hava”dan asılı qalıb. Yiyəsi, sahibi yoxdur. Yaxud 5-ci bəndə diqqət yetirək. 5-ci bənddə qeyd olunur ki, “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”. Göründüyü kimi, bu maddədə də Rusiyanın adı çəkilmir. O zaman Rusiya hansı əsaslarla Türkiyə ilə birlikdə birgə monitorinq mərkəzi yaradıb? Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı sözügedən ölkələrin arasında imzalanmış razılaşmada nəyə əsasən 10 noyabr 2020-ci il bəyanatına istinad olunur? Axı 10 noyabr 2020-ci il bəyanatının 5-ci bəndində nə Rusiyanın, nə də Türkiyənin adı çəkilmir. Bu qəbildən olan nümunələrin sayını sonsuzadək uzatmaq olar. Həmçinin əgər Rusiya 10 noyabr bəyanatının yalnız ölkənin adının çəkildiyi, konkret öhdəliyinin vurğulandığı bəndlərinə görə məsuliyyət daşıyacaqdısa, o zaman bununla bağlı bəyanatda xüsusi qeyd olmalıydı. Məlum olduğu kimi, belə bir qeyd də yoxdur. Bu baxımdan, yaxşı olar ki, Mariya Zaxarova rəisi Lavrovla birlikdə “Müqavilələr hüququ haqqında Vyana Konvensiyasını və 10 noyabr bəyanatını yaxşı-yaxşı oxusunlar. Hər halda, hələlik adıçəkilən şəxslərin gözlərinə və beyinlərinə sanksiya tətbiq olunmayıb. Rusiya 10 noyabr bəyanatının bütün müddəalarının icrasına görə məsuliyyət daşıyır və sözügedən sənədi vasitəçi kimi yox, zəmanətçi dövlət kimi imzalayıb”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR