Ermənistanın Avropa İttifaqına daxil olması Rusiya ilə ticarət dövriyyəsinin azalmasına gətirəcək, çünki bu, İrəvanın Avrasiya İttifaqından çıxması istiqamətində bir addım olacaq.
Musavat.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O bildirib ki, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı bir-birinə uyğun gəlmir: “Hər iki birlik gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Bu iki ittifaqın nə vaxtsa yaxınlaşacağını təsəvvür etmək mümkün deyil. Ona görə də Ermənistan Respublikasında baxılan “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsi bu ölkəni seçim qarşısında qoyur. Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri artacaq, digər tərəfdən isə Ermənistan mallarının ixracı 70-80 faiz azalacaq”.
Baş nazirin müavininin sözlərinə görə, sadə insanlar gəlirlərini, iş yerlərini itirəcək və ən vacib şeylər üçün daha çox pul ödəyəcəklər. Bunun müqabilində çox güman ki, onlar Aİ-yə vizasız rejim alacaqlar, Ermənistan isə əhalini itirəcək.
Rusiya Hökuməti yanında Maliyyə Universitetinin professoru Aleksandr Safonov bildirir ki, Ermənistan Rusiya üçün paralel idxal kanalı kimi hələ də vacibdir, lakin yeganə kanal deyil: “Əgər aktiv ticarət əlaqələri dayandırılsa, Rusiya üçün logistikanı yenidən konfiqurasiya etmək çətin olmayacaq. Məsələn, Gürcüstan vasitəsilə. Ona görə də ruslar heç nə itirməyəcək və nəticədə Rusiyada qiymətlər qalxmayacaq. Erməni konyakı, tərəvəzi və pendirinin olmaması Rusiyada heç hiss olunmayacaq. Çünki bizim bazarda erməni mallarının payı cüzidir”.
Ekspert əlavə edib ki, Rusiya Ermənistan üçün ən yaxın satış bazarıdır. Bundan əlavə, Avropa İttifaqı hazırda yaşıl iqtisadiyyata diqqət yetirir - onlar hətta öz fermerləri üçün də subsidiyaları kəsirlər: “Üstəlik, alkoqol idxalında ciddi kvotaları var. Hətta bu baxımdan Ermənistan üçün köhnə tərəfdaşlarla - Rusiya, Türkiyə və İranla ticarət etmək daha sərfəlidir”.
MDBMİ-nin Qafqaz Problemləri və Regional Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Nikolay Silayev hesab edir ki, Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə ticarət məhdudiyyətləri ilə bağlı tələblərə əməl etməli olacaq: “Avropa İttifaqı “kim bizimlə deyilsə, bizə qarşıdır” prinsipi ilə mövcuddur. Aİ üzvlüyünə yalnız namizəd olan, lakin Rusiyaya qarşı Avropanın iqtisadi məhdudiyyətlərinə qoşulması tələb olunan Gürcüstana baxın. Yəni Ermənistan nə vaxtsa sözdən-işə keçib Aİ-yə daxil olarsa, ondan Rusiya ilə iqtisadi əlaqələri kəsmək tələb olunacaq”.
Musavat.com