Ermənistan baş naziri Nikol Paşinyan 11 yanvar tarixində İcevanda keçirilən iclasda ölkəsinin inkişafı ilə bağlı əsas prioritetləri açıqlayıb. O, özünün prioritet sahələri olaraq sülh prosesini, rəqəmsallaşmanı və korrupsiyaya qarşı mübarizəni göstərib.
Musavat.com bildirir ki, Paşinyan çıxışında “Real Ermənistan” konsepsiyasını geniş izah edib və bu ideologiyanın ölkənin bütün sahələrində tətbiq olunmasının vacibliyini vurğulayıb.
Nikol Paşinyan “Real Ermənistan” ideologiyasını mədəniyyət, iqtisadiyyat, sosial siyasət və xarici siyasət daxil olmaqla, bütün sahələrə şamil etməyi təklif edir. Onun sözlərinə görə, bu ideologiya yalnız bir siyasi anlayış deyil, eyni zamanda, sistemli bir yanaşma olaraq hər sahədə tətbiq edilməlidir:
“Biz iqtisadi siyasətin, sosial siyasətin və xarici siyasətin Real Ermənistanı nədir sualını verməliyik. Müdafiə sahəsində artıq bu ideologiyanın əlamətləri görünür, amma bu yanaşmanı hər sahədə tətbiq etməliyik”.
Paşinyan həmçinin qeyd edib ki, yeni qəbul edilən yoxsulluğun qiymətləndirilməsi siyasəti və Ermənistanın xarici siyasəti də bu ideologiyanın bir hissəsidir. O, “Real Ermənistan” ideologiyasını gələcəkdə daha sistemli bir siyasi konsepsiyaya çevirmək niyyətində olduqlarını bildirib.
Musavat.com