Türkiyənin XİN rəhbəri Hakan Fidan Ərəb Dövlətləri Liqasına üzv olan Səudiyyə Ərəbistanı, Suriya, Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin iştirakı ilə Ər-Riyadda keçirilən iclasa qatılıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hakan Fidan iclasda Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibaninin də iştirak etməsini "tarixi və dönüş anı" olaraq xarakterizə edib.
O vurğulayıb ki, bölgə ölkələri olaraq Suriyadakı hadisələrin düzgün istiqamətə yönləndirilməsi böyük məsuliyyət tələb edir. Hakan Fidan qeyd edib ki, Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyi görülən bütün səylərin əsas prinsipləri olaraq qalmağa davam edir. O əlavə edib ki, Suriyadakı normallaşma prosesi hər keçən gün güclənir.
Hakan Fidan bildirib ki, səylərin daha təsirli olması üçün koordinasiya mexanizmi və ya komitələr yaradıla bilər.
"Yeni rəhbərliyin İŞİD-lə təsirli mübarizə aparmaq qabiliyyətini gücləndirmək üçün birlikdə çalışa bilərik. Türkiyə olaraq Suriya xalqının qarşısındakı çətin yolu asanlaşdırmaq üçün üzərimizə düşəni etməyə hazırıq", - deyə H.Fidan deyib.
Musavat.com