İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İranla İraqa hərbi müdaxiləsi qaçılmazdır - SENSASİON DETALLAR

444 12.01.2025 17:04 Siyasət A A

ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Parisdə keçirilən İran müxaliflərinin konfransına qatılıb. O, toplantıda çıxış edərək bildirib ki, dünya dövlətləri yenidən İrana qarşı “maksimum təzyiq” siyasətinə qayıtmalıdır.

“Bu təzyiq yalnız kinetik deyil, yalnız hərbi güc deyil, həm də iqtisadi və diplomatik olmalıdır”, - Kelloq deyib.

O vurğulayıb ki, “İranı yaxşılığa doğru dəyişdirmək” üçün bir fürsət var, amma bu fürsət əbədi qalmaya bilər.

Maraqlıdır ki, ABŞ İrana qarşı hərbi müdaxilə planlaşdırdığı gizlətmədiyi bir zamanda İran prezidenti Məsud Pezişkiyan Moksvaya səfərə hazırlaşır. SEPAH-a bağlı “Tasnim” agentliyinin məlumatına görə, dünən İranın Moskvadakı səfiri Kazim Cəlali Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Tərəflər İran prezidentinin 17 yanvar 2025-ci il tarixində Moskvaya səfəri zamanı həyata keçiriləcək proqramın detallarını müzakirə ediblər. Pezişkiyanın rusiyalı həmkarı və digər rəsmilərlə planlaşdırılan görüşündə regional məsələləri masaya yatıracağı gözlənilir.

Görünən budur ki, İran ABŞ-ın yaxınlaşan təhdidlərinə qarşı Rusiyadan dəstək almaq niyyətindədir.

Bəs, Rusiya ona bu dəstəyi verəcəkmi?

OGUZ.jpeg (277 KB)

Siyasi şərhçi Heydər Oğuzun Musavat.com-a verdiyi açıqlamaya görə, “hazırda öz başının hayına qalan” Moskva nəinki İranı, hətta ən yaxın həqiqi müttəfiqini belə ABŞ-a qarşı dəstəkləmək qüdrətində deyil:

“Xüsusilə İran Rusiya üçün heç bir zaman birdəfəlik istifadəyə yararlı vasitədən başqa bir şey olmayıb və indi də elədir. Bunun ən bariz nümunəsini Tehran son Suriya hadisələri zamanı gördü. 2016-cı ildən keçən ilin sonlarına qədər Suriyanın hava sahəsini öz nəzarəti altında tutan Rusiya İsrail təyyarələrinin bu ölkədəki İrana bağlı qüvvələri bombardıman etməsinə yaşıl işıq yandırdı. Ən sonda isə Bəşər Əsədin mətbuat katibi Kamel Sakr “Əl Ərəbiyyə” telekanalına etiraflarına inansaq, HTŞ çevrilişi zamanı İran təyyarələrinin Xmeymim aviabazasına enməsinə izn vermədi. Bununla da, Bəşər Əsədlə yanaşı, İranın da milli maraqlarını Ərdoğanın və digər regional güclərin “molodes, Putin” sözünə satmaqdan belə çəkinmədi. Bu qədər “acı” təcrübələrdən sonra Rusiyanın İranı öz himayəsinə alacağına inanmaq sadəlövhlükdən başqa bir şey deyil. Nə yazıq ki, olmayacaq dualara “amin” deməkdən beyni korlanmış molla rejimi acı təcrübələrdən hələ də nəticə çıxara bilmir, boş xülyalarının arxasınca sürünür”.

Trampın Ukrayna üzrə xüsusi səfiri Kit Kelloqun İran barədə səsləndirdiyi fikirlərin yeni olmadığını vurğulayan siyasi şərhçi bənzər iddiaların bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns tərəfindən də dilə gətirildiyini xatırladıb:

“Məlum olduğu kimi, bölgədə baş verən son dəyikliklərin İranın gücsüzləşməsi ilə nəticələndiyinə diqqət çəkən Börns son 6-7 ayda İranın strateji mövqeyi xeyli zədələndiyini bildirmişdi. Onun fikrincə, İranın İsrailə 2 uğursuz raket hücumu, habelə, Tehranın ən mühüm proksi qrupu olan Hizbullahın İsrail tərəfindən məhv edilməsi, Qəzza zolağında HƏMAS-ın gücünün kəskin şəkildə azalması və nəhayət, Bəşər Əsədin süqutuna İran rejimini strateji baxımdan olduqca zəif mövqeyə salıb. Beləliklə də İranın yenidən nüvə proqramı ilə bağlı ciddi danışıqlara getməkdən başqa çarəsi qalmayıb”.

ABŞ MKİ-nin rəhbərinin fikirləri ilə razılaşan Heydər Oğuz deyib ki, xüsusilə Suriya məğlubiyyətindən sonra İranın təhlükəsizlik və müdafiə strategiyası tamamilə çöküb:

“Bu zamanadək İran öz təhlükəsizlik strategiyasını Yaxın Şərqdə saxladığı proksi qüvvələrin hesabına qurmuşdu. İranın bu strategiyası “şiə hilalı” adlanırdı. Mərkəzi İraqdan başlayan bu ayparanın bir ucu şimalda Livana və Fələstinə, cənubda isə Yəmənə qədər uzanırdı. 2023-cü ilin oktyabrda böyük ehtimalla İranın təşviqi ilə HƏMAS tərəfindən başladılan “Əqsa fırtınası” əməliyyatını fürsət bilən İsrail əvvəl Fələstinə, sonra isə Livan Hizbullahına saldırdı. Ağır bombardman nəticəsində həm HƏMAS, həm də Hizbullah böyük ölçüdə çökdürüldü. İran üçün ən ağır məğlubiyyət isə Suriyada yaşandı. Putinin təbirilə desək, minlərlə İrana bağlı əsgərin faktiki olaraq 350 HTŞ silahlısının önündən qaçması təkcə Suriyanın itirilməsi ilə nəticələnmədi. Həm də “şiə hilalı”nın logistik zəngiri qırıldı, İranın faktiki olaraq Livana və Fələstinə yolu bağlandı. Tehranın bundan sonra “şiə hilalı”nı yenidən bərpa etməsi imkansız hala gəldi. Bununla da onun proksi qüvvələri üzərindən öz təhlükəsizliyini qorumaq ehtimalı da ortadan qalxdı”.

TEHRAN SON.jpg (63 KB)

Ölkələrin təhlükəsizlik səviyyəsinin 4 səviyyədən ibarət olduğunu bildirən H.Oğuz bu səviyyələri belə sıralayıb:

“Təhlükəsizliyin ən mükəmməl səviyyəsi tam stabillik və ya 0 təhlükəsizlik durumudur. İran faktiki olaraq “şiə hilalı” strategiyası ilə öz təhlükəsizliyi bu mükəmməl səviyyəyə çatdırmışdı. Digər səviyyələr isə bunlardır: risklər, təhdidlər və müharibə. Təhlükəsizlik zolağının Suriya həlqəsinin qopması ilə İran hazırda ciddi risklər qarşısındadır. ABŞ isə bu durumla da razılaşmaq istəmir. Onun növbəti hədəfi İraqdakı Həşdi-Şabi qruplaşmasını çökdürməkdir. İraqın baş naziri Məhəmməd Şiə əs-Sudaninin müşavirlərindən olan İbrahim Sumaydai də bir müddət əvvəl mətbuat açıqlamasında bu faktı etiraf edərək deyib: “ABŞ bizdən Həşdi-Şabinin ləğvini tələb edir, əks təqdirdə güc tətbiqilə öz istəyinin həyata keçirə bilər”. Məlumatlara görə, Suriyadakı məlum çevrilişdən sonra İraqa səfər edən ABŞ dövlət katibi Antoni Blinken rəsmi Bağdad qarşısında Həşdi-Şabini buraxıb, əsgərlərini İraq ordusunun içərisində əritməyi tələb edib. İraq bu tələbi yerinə yetirməsə, onu ağır sanksiyalar və daha sonra ABŞ-ın hərbi müdaxiləsi gözləyir. Üstəlik, ABŞ-a qarşı dirəniş İraqın bir neçə yerə bölünməsinə və müxtəlif bölgələr arasında vətəndaş müharibəsinə girməsinə yol aça bilər. Hər iki ehtimalda İran ya İraqdakı proksilərini, ya da İraqın özünü itirməklə razılaşmalı olacaq. Bu zaman isə onun üçün təhlükəsizliyin 3-cü səviyyəsi – təhdid mərhələsi başlayacaq. 3-cü səviyyə müharibəsizlik dövrünün son mərhələsidir. Bu mərhələdən sonra müharibə İranın öz sərhədlərinin içərisinə sıçraya bilər”.

Bununla belə, İraqın “Həşdi-Şabi” qüvvələrini ləğv etməsinin də asan olmayacağını düşünən siyasi şərhçi bu prosesdə Bağdadın qarşısında bir neçə əngəlin dayandığına inanır:

“Məsələ burasındadır ki, Həşdi-Şabi İranın ən böyük proksi qüvvələrindən biridir. İddialara görə, onun 240 min döyüşçüsü var. Hər il bu ordunun saxlanılmasına 2.9 milyard dollar xərcləyən İraq Həşdi-Şabiçilərin İranda yetişdirilməsi və təlimi ilə də razılaşmaq məcburiyyətində idi. Ən pisi isə odur ki, 2016-cı ildə İraqlı siyasi və dini xadim Müqtəda əs-Sədrin və ayətullah Seyid Əli Sistaninin adamlarının tərk etdiyi Həşdi Şabi o gündən etibarən tamamilə İranın əlinə keçib. Bir növ, SEPAH-ın İraqdakı uzantısına çevrilib. Bu da İraq qarşısında böyük bir əngəllərdən biridir. Digər bir əngəl isə hərbi struktur kimi yaranan Həşdi-Şabinin getdikcə siyasiləşməsidir. İraq parlamentində 10-larla deputatı olan Həşdi-Şabi hökumətin formalaşmasında da böyük rol oynayır. İndiki baş nazirin belə Həşdi-Şabinin xeyir-duası ilə o posta gətirildiyi bildirilir. Bütün bunlar isə istər-istəməz İraqı ABŞ-ın növbəti hədəfi kimi ortaya çıxmasına şərait yaradır”.

Son zamanlar Yəmən husilərinin də İsrail və ABŞ tərəfindən hədəfə alındığını bildirən Heydər Oğuz yeni ABŞ prezidenti Donald Trampın hakimiyyəti təhvil alandan sonra növbəti hədəflərin “Həşdi-Şabi” və husilər olacağına inanır:

“Beləliklə, regionda tamamilə təklənən İranın tədricən teokratik hakimiyyətdən imtinası da istisna edilmir. Əks təqdirdə ağır sanksiyalarla və hərbi müdaxilələrlə üz-üzə qalan İran həyati təhlükələrlə imtahana çəkiləcək”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR