İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qazının ikinci böyük alıcısı da alternativ mənbələrə üz tutur

1507 12.04.2022 08:00 İqtisadiyyat A A

İtaliya bu il ərzində Rusiyadan qaz alışını 15 milyard kubmetr azaldacaq

Avropa ölkələrinin Rusiya qazından asılılığı azaltmaq istiqamətində fəaliyyətləri getdikcə artır. Rusiya qazının qoca qitədə ən böyük alıcısı olan Almaniya ilin sonunadək bu ölkədən aldığı qaz həcmlərini ikiqat azaltmaq qərarındadır. Ölkədə inşa olunan iki maye qaz terminalı payızda artıq fəaliyyətə başlayacaq. Onların qazla təchizatı üçün Qətərlə müvafiq müqavilə də imzalanıb.

Avropada Rusiya qazının ikinci böyük alıcısı olan İtaliya da son bir ayda digər mənbələrdən qaz almaq üçün fəaliyyətlərini kəskin aktivləşdirib. Aprelin 11-də İtaliyanın xarici işlər naziri Luici Di Mayo təbii qaz tədarükü ilə bağlı saziş imzalamaq üçün baş nazir Mario Draqi ilə Əlcəzairə səfər edib. O, Əlcəzair prezidenti Əbdülməcid Təbbunla görüşüb. Səfər çərçivəsində Əlcəzairdən İtaliyaya qaz nəqlini 9 milyard kubmetr artırmağı nəzərdə tutan müqavilə imzalanıb. İki ölkə arasında münasibətlərin inkişafında İltaliyanın ENİ şirkəti ilə Əlcəzair Dövlət Enerji Şirkəti - "Sonatrach"ın rolunun böyük olduğu bildirilir. Son həftələrdə bu iki şirkətin rəhbərliyi dəfələrlə görüşərək qaz hasilatının və İtaliyaya nəqlin artırılması ilə bağlı müzakirələr aparıblar. Dünən imzalanan müqaviləyə əsasən Əlcəzairdən İtaliyaya gündəlik qaz nəqli 60 milyon kubmetrdən 110 milyon kubmetrə çatdırılacaq.

İtalya: 'Rus gazını ikame etmek için en az 3 yıl gerekiyor' - BBC News  Türkçe

Aprelin 17-də olacaq Pasxa bayramından sonra İtaliya baş nazirinin Anqola və Mozambikə səfərləri nəzərdə tutulur. İtaliya mətbuatının yazdığına görə, bu iki ölkədən İtaliyaya qaz nəqlinin 5 milyard kubmetr artırılması barədə razılaşma əldə olunub.

Keçən il İtaliya Rusiyadan qaz idxalını 20,3 faiz artırıb. Rusiya qazı bu ölkənin mavi yanacağa olan tələbatının 40 faizini qarşılayır. Bu, illik 29 milyard kubmetr qaz deməkdir.

İtaliyanın ekoloji modernləşmə və transformasiya naziri Roberto Gingolaninin yerli TV-lərə dediyinə görə, ölkə yaxın 2,5 il ərzində Rusiyadan qaz alışından tamamilə imtina edəcək. Nazir qeyd edib ki, ən qısa müddətdə Rusiyadan alınan qazın 15-16 milyard kubmetrini başqa mənbələr hesabına əvəzləyə biləcəklər.

Baş nazirlə birlikdə Əlcəzairə gedən Gingolani oradan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə Avropa Birliyinin enerjidaşıyıcıları ilə təchizatının diversifikasiyası məsələsini müzakirə etmək üçün Brüsselə yollanacaq. Xarici işlər naziri Luici Di Mayo isə ENİ-nin prezidenti ilə birlikdə daha bir iri qaz satıcısı olan Qətərə gedəcəklər.

Rusya gazı keserse Avrupa'nın enerji alternatifleri ne olabilir? - BBC News  Türkçe

İtaliya həmçinin Konqo, Mozambiklə də qaz alışını artırmaq imkanlarını müəyyənləşdirmək üçün aktiv danışıqlara başlayıb.

Bir neçə gün əvvəl Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar Rusiyanın maye qaz istehsalını artırmaq planlarının üstündən xətt çəkib. Rusiya mənbələrinin yazdığına görə, Avropanın maye qaz istehsalı üçün zəruri olan avadanlıqların ölkəyə satışını qadağan etməsi nəticəsində mövcud istehsal qurğularına texniki qulluq da yaxın aylarda mümkünsüz olacaq və istehsal kəskin azalacaq. Rusiya maye qazının böyük alıcılarından olan Yaponiyada hökumət artıq idxalçı şirkətlərə Rusiyadan idxalda yarana biləcək problemləri nəzərə alaraq alış mənbələrini diversifikasiya etmələrini tövsiyə edib.

Maraqlıdır ki, Rusiya mətbuatı Afrika və ərəb dövlətlərini az qala Rusiyanı satmaqda ittiham edirlər. Ölkənin ən böyük nəşrlərində Avropaya neft-qaz satışını artırmaq qərarına görə Əlcəzair, Mozambik, Anqola, Konqo, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin haqqında sərt tənqidi materiallar dərc olunmaqdadır. Rusiyalı ekspertlər bu ölkələrin Moskvaya dəstək olaraq Avropanın satış həcmlərini artırmaq təkliflərini qəbul etməyəcəklərinə dair gözləntilərinin boşa çıxdığını etiraf edirlər. Bəzi ekspertlər ölkə rəhbərliyini Əlcəzairə silah və buğda satmamağa çağırırlar. Halbuki Əlcəzair son illərdə silah alışında ağırlığı ABŞ və Fransaya keçirib. Buğdaya gəlincə, son 5 ildə ölkə Rusiyadan yalnız 2021-ci ildə buğda alıb.

Rusiyalı ekspertlər həmçinin Rusiya rəhbərliyini İtaliya XİN başçısının Bakıya səfərinə sərt reaksiya verməməkdə suçlayırlar. Onların fikrincə, Di Mayonun Azərbaycanda səsləndirdiyi “Rusiyanın enerji asılılığından qurtulmaq lazımdır” fikri Rusiyaya qarşı açıq demarşdır.

Bundan əlavə, Rusiya analitik mərkəzlərində Birləşmiş Ərəb Əmirliklərinin Milli İnkişaf Fondunun ölkələrinə investisiyaları dayandırmaq barədə martda qəbul etdiyi qərarı xəyanət kimi dəyərləndirirlər. BƏƏ-nin gündəlik neft hasilatını 5 milyon barelə qaldırmaq qərarını təndiq edən ekspertlər bildirirlər ki, yaxın vaxtlarda ərəb və Afrika ölkələri Rusiyaya qarşı sanksiyalara da qoşula bilərlər və Mockvanın bunun qarşılığında onlara qarşı hər hansı təsirli addımlar atmaq imkanı faktiki olaraq mövcud deyil.

Qeyd edək ki, aprelin 1-də İtaliyanın XİN başçısı Luici Di Mayo Bakıya gəlib. Səfər çərçivəsində italiyalı naziri Prezident İlham Əliyev qəbul edib. Prezident Azərbaycanın İtaliyanın neft təchizatında birinci yeri tutduğunu vurğulayıb: “Enerji əməkdaşlığında yeni imkanlar var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır”.

Doğal gazda dev hamle! Türkiye'den geçiyor, Avrupa için tek alternatif

Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşən Luici Di Maio Azərbaycan qazını İtaliyaya çatdıran TransAdriatik Boru Kəmərinin ötürücülük gücünün artırılmasına başlanmasının vacib olduğunu qeyd edib. Hazırda kəmərin ötürücülük gücü ildə 10 milyard kubmetrdir. Qısa gücləndirmə prosesi ilə onu 11 milyard kubmetrə çatdırmaq olar. Kəmərin layihədə nəzərdə tutulan maksimum gücə - 20 milyard kubmetrə çatdırılması isə ən yaxşı halda 2 ilə mümkündür. İtaliya, Türkiyə, həmçinin TAP-la qaz alacaq Bolqarıstan, Yunanıstan rəsmilərinin son həftələrdəki açıqlamaları göstərir ki, tezliklə Cənub Qaz Dəhlizinin hər iki seqmentində - TANAP və TAP-da genişləndirmə işlərinə başlanması üçün ciddi addımlar atılacaq. Əgər CDQ-nin ilkin mərhələsinin maliyyələşməsi əsasən Azərbaycan dövlətinin vəsaiti, dövlət zəmanəti ilə alınan kreditlər hesabına həyata keçirilmişdisə, ikinci mərhələdə bu proses daha çox Avropa ölkələrinin vəsaitləri əsasında reallaşacaq.

Azərbaycanın Avropaya qaz həcmlərini artırmaq imkanları hələlik məhdud hesab olunur. “Şahdəniz” yatağında hasilatın tədricən artırılması nəzərdə tutulur. Lakin Azərbaycan İran üzərindən Türkmənistandan aldığı qazı daxili istehlaka yönəltməklə ixrac həcmlərini artırmaq imkanındadır. Bundan əlavə, SOCAR 2019-cu ildə Rusiyanın “Qazprom” şirkəti ilə də qaz alqı-satqısına dair müqavilə imzalayıb. Müqavilə əsasında daxili istehlakın təmin olunması üçün qaz almaq imkanı qalır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR