İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qarabağdan qoşununu çıxara bilər - güclü “silah”ı artıq Qafqazdadır

2619 05.05.2023 10:59 Siyasət A A

Politoloqlara görə, Rusiya Cənubi Qafqaz regionunda hərbi mövcudluğunu artıq iqtisadi mövcudluqla əvəz edə bilib, amma bu iddia ilə razılaşmayanlar da var

ABŞ və onun müttəfiqləri hesab edir ki, əgər Azərbaycan-Ermənistan münaqişəsi həllini tapsa, Rusiyanın bölgədəki hərbi mövcudluğu sual altında qalacaq. Lakin bəzi politoloqlara görə, Rusiya Cənubi Qafqaz regionunda hərbi mövcudluğunu artıq iqtisadi mövcudluqla əvəz edə bilib.

Belə ki, son bir il ərzində Rusiyanın regionda iqtisadi mövcudluğu iki dəfə artıb. Bunun özü Rusiya üçün bir üstünlükdür. Yəni Rusiya regionda hərbi mövcudluğunu iqtisadi mövcudluqla əvəz edə bilər. Rusiya-Azərbaycan əlaqələrinin inkişaf tempi yüksəkdir. İki qonşu ölkə arasında müxtəlif sferalar üzrə əməkdaşlıq getdikcə daha da genişlənir. 2022-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsində də artım müşahidə edilir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 264 milyon 444 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz çoxdur. Ötən ilin yekunlarına görə, Rusiya Azərbaycana mal tədarükünə görə bütün ölkələr arasında birinci yerdə, həmçinin Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr arasında yeddinci yerdədir. Azərbaycanda Rusiyanın iştirakı ilə 900-dən çox birgə müəssisə fəaliyyət göstərir ki, onların 300-ü 100 faiz Rusiya kapitalı ilə işləyir. Rusiya əvvəlki kimi Ermənistanın da aparıcı ticarət tərəfdaşı olaraq qalır. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində onlar artıq əvvəlki ilin göstəricilərini 1 milyard dollar üstələyərək 3,8 milyard dollarlıq ticarət dövriyyəsinə çatıblar. Eyni zamanda ötən il Ermənistan iqtisadiyyatına qoyulan xarici investisiyaların 40 faizini, yəni ümumi həcminin təxminən 2 milyard dolları Rusiyanın payına düşür. Son aylar turizm sahəsində Rusiya-Ermənistan əməkdaşlığı fəal inkişaf edir. Çətin geosiyasi vəziyyətə baxmayaraq, 2022-ci ilin sonuna Rusiya-Gürcüstan ticarəti təxminən 60% artaraq 2,3 milyard dollar təşkil edib. Rusiyanın 70-dən çox regionu müxtəlif dərəcədə Gürcüstanla ticarət-iqtisadi əlaqələri dəstəkləyir. Rusiyanın Gürcüstana ixracına gəlincə, neft birinci yerdə olub. Ötən il Rusiya hələ də Gürcüstanın ticarət tərəfdaşları arasında ikinci yerdə olub. Beləliklə, Rusiya regionda iqtisadi bağlarını gücləndirib ki, bu əlbəttə ki, ordu deyil, amma regiona ciddi təsir imkanlarının qalması anlamına gəlir. Vaşinqtonun hesab almadığı bu faktorlar regionun gələcəyinə nə vəd edir?

Azər Badamov: Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər  bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb

Azər Badamov

Deputat Azər Badamov  hesab edir ki, ABŞ Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmağa töhfə verməklə Rusiyanın Cənubi Qafqazda varlığını aradan qaldırmaq istəyir: “Təbii ki, Rusiyanın hərbi varlığı Ermənistandadır. Belə ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası yerləşir və sərhədləri də rus sərhəd xidməti tərəfindən qorunur. Bütün bunları nəzərə alaraq Rusiyanın Ermənistandan çıxarılmasının uzun və çətin proses olduğunu hesab edirəm. Bununla yanaşı, Cənubi Qafqaz ölkələri Rusiya ilə iqtisadi sahədə möhkəm bağlanıb. Azərbaycan Rusiya ilə iqtisadi sahədə əməkdaşlığı genişləndirir. Bunu qarşılıqlı sərmayələrin qoyuluşunda və ticarət dövriyyəsindəki artımlarda da müşahidə etmək olar. O cümlədən Gürcüstan və Ermənistanla da Rusiyanın iqtisadi bağlantıları günü-gündən möhkəmlənməkdədir. Bu o deməkdir ki, iqtisadi bağların möhkəmlənməsi  Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın genişlənməsinə və siyasi əməkdaşlığın  davam etməsinə töhfə verir. Təbii ki, müharibələr əbədi ola bilməz. Ona görə də regionumuzun gələcəyi Cənubi Qafqaz ölkələrinin Rusiya ilə sıx əməkdaşlığı üzərində davam edəcək. Məhz iqtisadi əməkdaşlığın davamlı olması regiona sülhün və sabitliyin uzunmüddətli olmasına töhfə verəcəkdir”.

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, beynəlxalq münasibətlər sistemində yumşaq güc, iqtisadi təsir tutarğaları amili əhəmiyyət kəsb etsə də, həlledici deyil: “Bu mövzuda klassik güc amili - hərbi-siyasi mövcudluq hələ də öz ənənəvi yerini qoruyub saxlayır. Əgər belə olmasaydı, dünyada müharibələr baş verməzdi və bu müharibələrdə qlobal güc mərkəzləri, böyük iqtisadi gücə malik olan dövlətlər iştirakçıya çevrilməzdi. Bu baxımdan da Rusiyanın iqtisadi mövcudluq məsələsində üstün mövqeyə malik olduğunu və Vaşinqtonun bütün bu məqamları hesablamadığını düşünmürəm. Rusiyanın, Ermənistan istisna olmaqla, Cənubi Qafqazın digər ölkələrinə iqtisadi mövcudluq və ticari əlaqələr üzərindən ciddi təsir göstərməsi mümkün deyil. Məlum olduğu kimi, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən bir çox sahələr - qazpaylayıcı və elektrik şəbəkəsi, dəmir yolları və digər strateji istiqamətlər Rusiyanın dövlət şirkətlərinin nəzarətindədir. Daha dəqiq desək, bu sahələrin sahibi Rusiyadır. Amma buna baxmayaraq, Rusiya Ermənistandakı hərbi iştirakından imtina etmir. Deməli, sərt güc (hard power) hələ də yumşaq güc "soft power" faktoru qarşısında öz effektivliyini itirməyib və bəlkə daha çox effektivdir. Azərbaycan və Gürcüstana gəldikdə isə bu ölkələrin Rusiya ilə iqtisadi münasibətləri, əsasən ticarət dövriyyəsi üzərində qurulub. Rusiya şirkətlərinin, xüsusilə də Azərbaycanın strateji sahələrində nəinki həlledici, heç ciddi iştirakçı statusları da yoxdur. Doğrudur, Rusiya bizim üçün böyük bazardır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın gəlirlərinin əhəmiyyətli hissəsi enerji sektorundan əldə edilir. Bununla yanaşı, Azərbaycan Rusiya ilə münasibətlərini hər zaman sabit müstəvidə saxlayır və bu ölkə ilə qarşılıqlı maraqlar və faydalılıq prinsipləri üzərindən əməkdaşlıq edir. Qeyd edim ki, vaxtilə, yəni SSRİ-nin süqutundan sonra Rusiyanın postsovet respublikalarına təsir imkanları daha çox idi. SSRİ-də mövcud olan planlı iqtisadiyyat respublikalar arasında asılılıq yaratmışdı. Bu asılılıq piramidasının başında isə Rusiya dayanırdı. Amma indi, xüsusilə də Azərbaycan müstəqil iqtisadiyyata sahibdir və Rusiyadan heç bir iqtisadi asılılığı yoxdur. Bu baxımdan, ABŞ-ın hansısa məqamları nəzərə almadığını düşünməyi doğru hesab etmirəm".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR