Rusiya 2026-cı ilin may ayında həm neft ixracının həcmi, həm də neft satışından əldə olunan gəlirlər üzrə son dörd ilin ən yüksək göstəricilərinə nail olub.
Musavat.com xarici agetnliklərə istinadən xəbər verir ki, ilin əvvəlindən etibarən Rusiyanın gündəlik orta xam neft ixracı 3,46 milyon barel təşkil edib. Bu, 2025-ci ilin göstəricisindən təxminən 120 min barel çoxdur və eyni zamanda 2022–2024-cü illərin orta göstəricilərini üstələyir.
Bloomberg agentliyinin məlumatına görə, ixracın artmasında Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr mühüm rol oynayıb. Emal imkanlarının məhdudlaşması fonunda Rusiya şirkətləri xam nefti xarici bazarlara daha çox yönləndirməyə başlayıblar.
Hazırda tankerlərdə daşınan Rusiya neftinin həcmi 124 milyon barelə çatıb. Müşahidələr göstərir ki, bu neftin böyük hissəsi artıq alıcılara doğru yoldadır və dənizdə gözləmə rejimində deyil.
Rusiyanın əsas alıcılarından biri olan Hindistan da alışları artırıb. Məlumata görə, may ayında Hindistanın Rusiya xam neftinin idxalı fevral ayı ilə müqayisədə 63 faiz yüksəlib. Bloomberg bunu ABŞ-ın Rusiya neftinə tətbiq etdiyi məhdudiyyətlərin qismən yumşalması ilə əlaqələndirir.
Yaxın Şərqdəki müharibə və qlobal bazarda neft qiymətlərinin yüksəlməsi də Moskvanın gəlirlərinə ciddi təsir göstərib. Əgər 2026-cı ilin əvvəlində Rusiya neft satışından həftəlik təxminən 1–1,2 milyard dollar gəlir əldə edirdisə, may ayında bu göstərici 2–2,5 milyard dollara yüksəlib.
Bloomberg-in hesablamalarına görə, bu, Ukraynada genişmiqyaslı müharibənin başlanmasından bəri qeydə alınmış ən yüksək gəlir göstəricisidir.
Musavat.com






