İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda, Borçalıda… tətil planları – oğlu əsgərlikdən qayıdan parlamentar kimdir?

5318 12.07.2026 14:53 Ölkə A A

Sessiyanın yekunlarını dəyərləndirən deputatlardan maraqlı açıqlamalar…

Milli Məclisin yaz sessiyasından sonra deputatların müraciəti əsasında çağırılan növbədənkənar sessiya da öz işini başa çatdırmaq üzrədir. Spiker Sahibə Qafarova ötən iclasda növbəti plenar iclasın iyulun 13-də keçiriləcəyini bildirib. Aldığımız məlumata görə, 14 iyulda Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək və deputatlar tətilə yollanacaqlar.

Musavat.com bir qrup deputatdan yaz və növbədənkənar sessiyanın yekunları ilə bağlı fikirlərini soruşub, eyni zamanda tətili ölkə xaricində, yoxsa Azərbaycanda keçirəcəkləri ilə maraqlanıb. Sorğumuzda iştirak edən bəzi deputatlar tətil planlarını açıqlamasalar da, sessiya ilə əlaqədar fikirlərini bölüşüblər.

22438400c0dcd86d862e26c8221cc372.jpg (235 KB)

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, parlamentin yaz sessiyası və növbədənkənar sessiya çox yüksək səviyyədə öz işini görüb:  “Çox sayda qanunlar qəbul olundu, xeyli ictimai dinləmələr keçirildi. Müxtəlif məsələlərə həsr olunan tədbirlərdə parlamentin iştirakı nəzərə çarpdı. Xüsusilə də parlamentin sədrinin xarici ölkələrə səfərləri və burada olan beynəlxalq tədbirlərdə parlamenti təmsil etməsi, ayrı-ayrı millət vəkillərinin fəaliyyəti çox təqdirəlayiq oldu və əsas o mənada parlament diplomatiyasının təsir gücünün artdığını daha çox gördük. Eyni zamanda çox sayda vətəndaşların qəbulu ilə bağlı və bu prosedurların müəyyən dərəcədə axsamadan davam etməsi də onu göstərdi ki, cəmiyyətlə parlamentin təmasları kifayət qədər güclüdür”.

F.Mustafa sessiya dövründə çox maraqlı diskussiyaların olduğunu da vurğulayıb: “Hökumətin hesabatı, istərsə ayrı-ayrı qurumların gender bərabərliyi, insan alveri ilə bağlı məlumatların dinlənilməsi çox maraqlı müzakirələrə səbəb oldu və parlament üzvləri mediada və ayrı-ayrı tədbirlərdə çox ciddi şəkildə öz funksiyalarını yerinə yetirdilər və bütün ictimai-siyasi proseslərdə aktiv yer aldılar”.

ad483954-c6b5-3e8b-933f-5f24d4a3e08d_1200.jpg (175 KB)

Deputat Rizvan Nəbiyev Milli Məclisin növbədənkənar sessiyasını kifayət qədər məhsuldar hesab etdiyini bildirib: “Bu sessiyada müxtəlif istiqamətlər üzrə mühüm qanunvericilik təşəbbüsləri həyata keçirildi və ölkənin inkişaf prioritetlərinə uyğun hüquqi baza daha da təkmilləşdirildi. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş hədəf və prioritetlərin icrasının hüquqi, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu çərçivədə 30-a yaxın qanun və məcəlləyə dəyişiklik edildi, kraudfandinq haqqında yeni qanun qəbul olundu. Bu yeniliklər innovasiya ekosisteminin inkişafı, rəqəmsal iqtisadiyyatın genişlənməsi və yeni maliyyələşmə mexanizmlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, Milli Məclisdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai dinləmənin  keçirilməsi də aktual çağırışlara parlament səviyyəsində verilən önəmin göstəricisidir. Süni intellektin imkanlarından səmərəli istifadə ilə yanaşı, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması müasir dövrün əsas prioritetlərindən biridir”.

R.Nəbiyev qeyd edib ki, iki və çoxtərəfli formatda parlament diplomatiyası baxımından da sessiya əlamətdar oldu: “İştirakçısı olduğum iki tədbiri qeyd etmək istərdim. İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının sessiyası Bakıda uğurla keçirildi və təşkilata sədrliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq nüfuzunun və parlament diplomatiyasının gücləndiyini bir daha nümayiş etdirdi. Zimbabve Respublikasının parlament sədri ilə Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsində görüş keçirildi. Paralel olaraq ictimai fəaliyyətləri də qeyd etmək olar, TV müsahibələr, analitik yazılar, müxtəlif mövzularda tədbirlərdə iştirak,  maarifləndirici görüşlər, vətəndaş qəbulları və s. Təbii ki, fəaliyyətlər çox genişdir, mən iştirak etdiyim bəzi fəaliyyətləri qısaca qeyd etdim”.

9KeK96Tq28JeOQYjmZtaZXVpyAerchTpJr2L2XmB_1200.jpg (154 KB)

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Musavat.com-a bildirib ki, Milli Məclisin növbədənkənar sessiyasının iyunun 1-dən iyulun 14-dək uzadılması təsadüfi qərar deyildi: “Bu, ölkəmizdə həyata keçirilən strateji inkişaf kursunun və dövlət başçısı tərəfindən irəli sürülmüş mühüm qanunvericilik təşəbbüslərinin vaxtında təmin olunması zərurətindən irəli gəlirdi.

Bu dövrdə parlament kifayət qədər gərgin, intensiv və məhsuldar fəaliyyət göstərdi. Sosial-iqtisadi inkişafın müxtəlif istiqamətlərini əhatə edən, dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyan qanun layihələri müzakirə olunaraq qəbul edildi. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üçün də sessiya xüsusi iş yükü ilə yadda qaldı. Komitədə çoxsaylı qanun layihələri geniş müzakirə edildi. Növbədənkənar sessiyanın mühüm hadisələrindən biri 2025-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi və müvafiq qanun layihəsinin qəbul edilməsi oldu. Büdcənin icrasının parlamentdə hərtərəfli müzakirəsi dövlət maliyyəsinin şəffaflığı və hesabatlılığı baxımından mühüm əhəmiyyət daşıyır”.

A.Əmiraslanov xüsusi vurğulayıb ki, sessiyanın əsas istiqamətlərindən biri də rəqəmsal inkişaf və innovativ iqtisadiyyat sahəsində Prezident tərəfindən irəli sürülmüş strateji qanunvericilik paketinin müzakirəsi oldu: “Bu qanun layihələri ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovasiya ekosisteminin inkişafı və yeni iqtisadi modelin formalaşdırılması üçün mühüm hüquqi baza yaradır. Parlament də bu strateji təşəbbüslərin qanunvericilik təminatına öz töhfəsini verdi. Digər mühüm istiqamət isə kənd təsərrüfatı sahəsində yeni inkişaf mərhələsini hədəfləyən qanunvericilik təşəbbüsləri idi. Aqrar sektor ölkənin ərzaq təhlükəsizliyi, regionların inkişafı və məşğulluq baxımından strateji əhəmiyyət daşıyır. Bu baxımdan həmin qanun layihələrinin müzakirəsi də xüsusi önəm kəsb edirdi”.

Növbədənkənar sessiyanın həm də geniş ictimai dinləmələrlə yadda qaldığını söyləyən komitə sədri həmçinin bildirib: “Rəqəmsal iqtisadiyyat, innovasiya və aqrar inkişaf kimi prioritet istiqamətlər üzrə keçirilən ictimai dinləmələr parlamentin cəmiyyət, ekspertlər və aidiyyəti qurumlarla açıq dialoqunu göstərdi. Bu cür müzakirələr qəbul olunan qərarların keyfiyyətini yüksəltməklə yanaşı, onların ictimaiyyətə çatdırılması və maarifləndirilməsi baxımından da mühüm rol oynayır. Ümumiyyətlə, ölkəmizdə vahid dövlət siyasəti həyata keçirilir. İcra hakimiyyəti tərəfindən irəli sürülən strateji təşəbbüslər parlamentdə geniş müzakirə olunur, qanunvericilik baxımından təmin edilir və ictimai müzakirələr vasitəsilə cəmiyyətə çatdırılır. Bu baxımdan qanunverici və icra hakimiyyəti qollarının fəaliyyəti bir-birini tamamlayaraq ölkənin sosial-iqtisadi inkişaf hədəflərinə xidmət edir.

Hesab edirəm ki, Milli Məclisin növbədənkənar sessiyası qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyi, qanunvericilik fəaliyyətinin yüksək intensivliklə həyata keçirildiyi və ölkənin strateji inkişaf gündəliyinə mühüm töhfələr verildiyi məhsuldar bir sessiya kimi yadda qaldı”. 

Yay tətili ilə bağlı planlara gəldikdə, A.Əmiraslanov deyib: “Yay dövrünü ilk növbədə ata-baba yurdum olan Borçalı mahalında keçirməyi planlaşdırıram. Doğma el-obanı ziyarət etmək, yaxınlarla görüşmək mənəvi ehtiyacdır. Eyni zamanda, gərgin iş qrafikindən sonra müəyyən qədər fiziki və zehni olaraq  bərpa olunmağa da ehtiyac olacaq. Bununla belə, mənim üçün parlamentin tətil dövrü fəaliyyətdən tamamilə uzaqlaşmaq anlamına gəlmir. Uzun illər dövlət qulluğunda çalışmış məmur kimi uzunmüddətli istirahət rejiminə öyrəşməmişəm.

Son aylarda gərgin parlament fəaliyyəti səbəbindən seçicilərlə əvvəlki qədər sıx görüşmək imkanımız olmayıb. Ona görə də yay dövründə seçicilərimizlə görüşlər keçirməyi planlaşdırıram. Bir sözlə, yay ayları həm qısa müddətli istirahət, həm də yeni parlament sessiyasına hazırlıq, seçicilərlə təmasların genişləndirilməsi və gələcək qanunvericilik fəaliyyətinə daha yaxşı hazırlaşmaq baxımından səmərəli bir dövr olacaq”.

AZAY.jpg (88 KB)

Deputat Azay Quliyev isə əvvəlcə xatırlatdı ki, növbədənkənar sessiya hələ davam edir: “Gələn həftə daha iki iclasımız olacaq. Bütövlükdə, sessiya çox məhsuldar keçir, gündəlikdə olan məsələlərin siyahısı, qəbul olunan qanun və qərarlara baxsaq, bu fikir öz təsdiqini tapar”.

O ki qaldı yay tətilinə, Azay Quliyev bildirdi ki, tətili Azərbaycanda keçirəcək: “Hansı bölgəyə gedəcəyimiz barədə isə hələ ki, yekun qərar verməmişik. Ancaq qərar üçün seçimlərimiz var”.

de692fee-a376-3083-8dae-4b8649f4c457_1200.jpg (155 KB)

Deputat Novruzəli Aslanov növbədənkənar sessiyanın işini və fəaliyyətini çox yüksək səviyyədə qiymətləndirdiyini bildirib: “Özünüz də iclaslarda iştirak edirsiniz və görürsünüz ki, parlamentdə çox mühüm məsələlər qəbul olunur. Hesab edirəm ki, növbədənkənar sessiya çox səmərəli oldu və gələcəkdə bizim cəmiyyətimizə qəbul olunan qanunlar çox yaxşı şəkildə sirayət edəcək və ictimaiyyətimizə müsbət təsir edəcək”.

O ki qaldı istirahətə, Novruzəli Aslanov qeyd edib ki, o, tətil zamanı ölkədən kənara çıxmır: “Çalışıram elə ölkədə qalım. Bu dəfə də seçici qəbullarımı davam etdirəcəyəm. Həftədə bir dəfə sistemli şəkildə İsmayıllıda qəbullar keçirirəm. İstirahət zamanı da bu davam edəcək”.

Deputat bir xoş xəbəri də oxucularımızla bölüşüb:  “İnşallah, bu ay mənim oğlum əsgərlikdən qayıdacaq və təbii ki, onun qayıtmasına xeyli vaxt həsr edəcəyəm ki, bu da mənim istirahətimin bir hissəsi olacaq”.

382285be-843b-3dc5-b235-d7ec4fe3c725_1200.jpg (175 KB)

Deputat Zaur Şükürov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclisin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir: “Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2026-cı il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiya dövründə Milli Məclis ümumilikdə 6 - sonuncu iclasları da nəzərə alsaq - iclas keçirilib və gündəliklərdə olan 85 məsələ - qarşıdakı iclaslarda da müzakirələr davam etdiriləcək - müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Bu müddət ərzində “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Gömrük tarifi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, Əmək Məcəlləsində, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” “Yaşıllıqların mühafizəsi haqqında”, Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yol hərəkəti haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında”, “Psixiatriya yardımı haqqında”, “Ümumi təhsil haqqında”, Azərbaycan Respublikasının Qanun və Məcəllələrində dəyişiklik edilməsi barədə qərarlar qəbul edilib”.

Z.Şükürov digər vacib məsələdən də bəhs edib: “Diqqətçəkən məqam ondan ibarətdir ki, mayın 25-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının iyunun 29-da keçirilən ilk iclasından sonra kənd təsərrüfatı və rəqəmsal inkişafla bağlı yeni və mühüm qanun layihələri - “Kraudfandinq haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanun layihələri müzakirəyə çıxarılaraq qəbul edildi.

Qeyd olunanlarla yanaşı, növbədənkənar sessiya dövründə “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya, “Metrik Konvensiya”ya, “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında, “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında”, “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanunlar qəbul edilib”.

Deputat vurğulayıb ki, Milli Məclisin beynəlxalq fəaliyyəti də aktiv şəkildə davam etdirilib: “Belə ki, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək üçün iyunun 1-də Serbiya Respublikasına, iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərlər edib, iyulun 9-da Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransda, iyulun 10-da WSIS Forum 2026 çərçivəsində Parlamentlərarası İttifaq, Birlik Parlament Assosiasiyası və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə təşkil olunan, Beynəlxalq Telekommunikasiya İttifaqının ev sahibliyi etdiyi “Rəqəmsal İdarəetmə üzrə Parlament Dialoqu” mövzusunda keçirilən yüksək səviyyəli dialoqda iştirak və çıxış edib, həmçinin bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri və Bakıda akkreditə olunmuş səfirləri ilə görüşləri baş tutub. İyunun 22-dən 25-dək Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının  20-ci sessiyası keçirilib. Sessiyada iştirak etmək məqsədilə İƏT üzv dövlətlərin parlament sədrləri və yüksək vəzifəli rəsmiləri, deputatları ölkəmizə səfər ediblər. 5-9 iyul tarixlərdə Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olmuş, spiker Sahibə Qafarova ilə, həmçinin digər rəsmilərlə görüşləri baş tutub. Həmçinin, Milli Məclisiin deputatları həm ölkə daxilində, həm də xaricdə ikitərəfli və çoxtərəfli formatlarda müxtəlif tədbir və görüşlərdə iştirak edib.

Qeyd etdiyim kimi, Milli Məclis növbədənkənar sessiya dövründə də, əvvəlki aylarda olduğu kimi, istər qanunvericilik sahəsində, istərsə də beynəlxalq müstəvidə aktiv fəaliyyətini davam etdirib”.

Z.Şükürov tətil planlarından da bəhs edib: “Məzuniyyət dövründə ölkə daxilində olacam və mümkündür ki, Qarabağa, həmçinin digər bölgələrimizə qısamüddətli səfər edim.

Təmsil etdiyim 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi üzrə seçicilərin müraciətləri də məzuniyyət dövründə diqqətdə saxlanılacaq. Bununla yanaşı, mümkün olduğu qədər mətbuat və TV-lərlə əməkdaşlıq davam etdiriləcək”.

Elşad Paşasoy,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR