Azərbaycanda avtomobil mühərrik yağlarının qiymətində son aylar artım müşahidə olunur. Bu vəziyyət sürücülərin narazılığına səbəb olub. Onların sözlərinə görə, əvvəllər 82 manata satılan Alpine RSL 5W-40 mühərrik yağı hazırda 95 manata təklif edilir. Digər markalarda da oxşar bahalaşma qeydə alınır.
Bazar iştirakçılarının sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri Yaxın Şərqdə artan geosiyasi gərginlikdir. Xüsusilə dünya neft daşımalarının böyük hissəsinin həyata keçirildiyi Hörmüz boğazı ətrafında yaranan risklər logistika və nəqliyyat xərclərini artırıb. Bu da mühərrik yağları da daxil olmaqla neft məhsullarından istehsal olunan malların maya dəyərinə təsir göstərir.
Mühərrik yağlarının istehsalında istifadə olunan baza yağları və bir sıra kimyəvi əlavələr xaricdən idxal olunur. Daşınma xərclərinin artması, sığorta risklərinin yüksəlməsi və təchizat zəncirində yaranan qeyri-müəyyənlik son nəticədə məhsulların pərakəndə satış qiymətlərində özünü göstərir.
Sürücülər isə deyirlər ki, mühərrik yağları ilə yanaşı, digər avtomobil ehtiyat hissələri və sərf materiallarının da bahalaşması avtomobilə texniki qulluq xərclərini xeyli artırıb.
Şahanə Rəhimli
Musavat.com






