Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp bu ay yenidən Qrenlandiyanın ABŞ tərəfindən əldə edilməsi ideyasını önə çıxarıb və bu məsələ hazırda gündəmin mərkəzində durur. Tramp bu mövzunu təkrar vurğulayaraq “Qrenlandiya ABŞ‑ın milli təhlükəsizliyi üçün həyati əhəmiyyətlidir” deyib və mümkün olan bütün variantları istisna etmədiyini bildirib. Diplomatik yollarla yanaşı, lazım gələrsə başqa yolları da nəzərdən keçirmək fikrində olduğunu açıq şəkildə söyləyib. Bu da hərbi yola belə əl atıla biləcəyi barədə ehtimalları durmadan artırır.
Politoloq Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-a verdiyi açıqlamada burada bir sıra səbəblərin olmasından söz açıb: "Məlum olduğu kimi, ABŞ uzun müddətdir ki, Qrenlandiya ilə bağlı iddialar irəli sürür. Əgər bunun bir səbəbi Qrenlandiyanın təbii ehtiyatlarıdırsa, ikincisi Çin və Rusiyanın ərazidə artan nüfuzudur. Bu, Vaşinqtonu narahat edir. Ona görə də ABŞ Qrenlandiya üzərindəki təsir imkanlarını artırmağa çalışır.
Uzun illərdir ki, Qrenlandiya Danimarkanın tərkibindədir və Danimarka tərəfindən idarə olunur. İndi ABŞ-nin Qrenlandiyaya iddiası nəinki Danimarkanın, həm də bütövlükdə Avropanın narazılığına səbəb olur. Bu narazılıqlar haqlıdır. Çünki ABŞ açıq- aydın beynəlxalq hüquqa hörmətsizlik edir.
Rəsmi Vaşinqtonun Qrenlandiyaya hərbi müdaxiləsi praktik baxımdan mümkündür. Amma belə bir addım Avropanı da hərəkətə gətirə bilər. Bu isə behnəlxalq təhlükəsizlik arxitekturasına ciddi təhdidin yaranması ilə nəticələnə bilər. ABŞ-nin Qrenlandiyaya mümkün hərbi müdaxiləsi o deməkdir ki, Vaşinqton bu riski gözə alır. Zənnimcə, ABŞ hərbi müdaxilə barədə qərar vermək üçün tələsməyəcək. Bundan əvvəl Vaşinqton daha çox yumşaq güc vasitələri, o cümlədən iqtisadi təsirlərini artırmaqla Qrenlandiyada möhkəmlənməyə çalışacaq.
Onu da deyək ki, Qrenlandiyada baş verənlər beynəlxalq geosiyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, Vaşinqton Pekin və Moskva ilə ikitərəfli təmaslarda bu məsələ barədə də müzakirələr aparır. İstisna deyil ki, ABŞ Qrenlandiya ilə məqsədlərinə çatmaq üçün Rusiya və Çinlə diplomatik ticarətə üstünlük verəcək".
Cavanşir Abbaslı
Musavat.com






