İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Avropanın almadığı kömürü hara sata bilər?

1189 13.04.2022 22:13 İqtisadiyyat A A

Avropa İttifaqının Rusiyada kömür idxalını dayandırmasından sonra bu ölkədən kömürün ixrac marşrutunun dəyişməsi gözlənilir. Rusiyalı ekspertlərin hesablamalarına görə, Rusiya Avropanın birbaşa almadığı kömürü ya Türkiyə üzərindən dolayı yolla qoca qitəyə satmağa çalışacaq, ya da yeni bazarlar tapmaq məcburiyyətində qalacaq.

Birinci variantda alqı-satqı Türkiyə treyderləri üzərindən reallaşacaq ki, bu da Rusiya istehsalçı şirkətlərinin gəlirini xeyli azaldacaq. İkinci variantda Rusiya kömürü Hindistan, Türkiyə, yaxud Çinə satmağa çalışacaq. 2021-ci ildə Çin 300 milyon ton kömür idxal edib və Rusiya kömürünü almaqda maraqlı ola bilər. Lakin quru yolla – dəmiryolu vasitəsilə bu ölkəyə kömür ixracını artırmaq mümkün deyil. Buna görə də Rusiya bu məhsulu Şimal-Qərb, yaxud Qara dəniz limanlarından dəniz yolu ilə Çinə göndərməli olacaq. Bu halda isə ekspertlərin hesablamalarına əsasən daşıma xərci 6,5-7 dəfə, çatdırılma müddət isə 3-4 dəfə artacaq.

Avropa Birliyinin qadağası ən çox Rusiyanın Kemerovo, Xakasiya və Novosibirsk daşıyıcılarına zərər vuracaq. Xüsusilə Qərb istiqamətində 45 milyon tonluq yük itiriləcək. Cənub istiqamətində isə 6 milyon tondan yuxarı yük azalacaq. Qadağa qüvvəyə minərsə, avqust-dekabr aylarında Rusiya istehsalçılarının Avropaya ixracı 30 milyon ton azala bilər ki, bu da 3,1 milyard dollar deməkdir. Bu zaman ən çox enerji kömürü satanlar zərər çəkəcəklər, çünki Avropaya ixracın 95 faizini belə kömür təşkil edir. Cəmi 5 faizi kömür koksudur.

2021-ci ildə Rusiya Avropa Birliyinə 50 milyon ton kömür ixrac edib. Ötən il qitənin kömür istehsalı 316 milyon tonu enerji kömürü olmaqla, 329 milyon ton təşkil edib. İl ərzində bu məhsulun istehlakı isə 380 milyon tonu enerji kömürü olmaqla 435 milyon tona olub. Yəni 106 milyon ton idxal qeydə alınıb. Rusiyanın keçən ilki kömür istehsalı isə 432 milyon ton təşkil edib ki, bunun da 17,6 milyard dollar dəyərlə 211 milyon tonu ixrac edilib.

Ötən il dünyada kömür istehsalı 7,9 milyard ton təşkil edib. Ən iri istehsalçı və istehlakçı Çindir – 4,1 milyard ton istehsal, 313 milyon ton idxal. Sonrakı yerlərdə Hindistan, ABŞ, İndoneziya və Avstraliya gəlir.

Rusiyada Avropadan çıxarılacaq kömür həcmlərinin satışı üçün yeni bazar kimi əsas ümid Hindistanadır. Hazırda bu ölkə ilə aktiv danışıqlara başlanıb. 2021-ci ilin oktyabrında Rusiya Hindistanla kömür koksunun bu ölkəyə ixracının 5 dəfə artırılaraq 40 milyon tona çatdırılmasını nəzərdə tutan memorandum imzalayıb.

Çinə gəldikdə, bu ölkə özü istehsalı sürətlə artırır. Verilən məlumatlara əsasən Çinlə Rusiya arasında kömür alışının 100 milyon tona çatdırılması barədə müqavilə hazırlanır. Lakin bu həcmə nail olunması xeyli çətin görünür. Artıq bu ilin 3 ayında Çin Rusiyadan kömür alışını 24,2 faiz azaldıb – 51,81 milyon ton. Çinin gömrük qurumunun məlumatına görə, dəyər ifadəsində Rusiyadan idxal 69,7 faiz artaraq 8,17 milyard dollar təşkil edib.
Son aylarda logistika baxımından daha əlverişli olduğuna görə, Çin İndoneziyadan alışlarını artırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR