İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Avropanı “zəif” həlqəsindən vurur: Aİ-nin cavabı nə olacaq?

1011 28.04.2022 09:10 İqtisadiyyat A A

Polşa “Qazprom”a qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırır

Rusiyanın “Qazprom” şirkəti Polşa və Bolqarıstana qaz ixracını dayandırdığını təsdiqləyən açıqlama ilə çıxış edib. “Qazpromeksport”un bununla bağlı yaydığı açıqlamada qeyd olunur ki, artıq “Bulqarqaz” və PGNiG şirkətləri xəbərdar olunub. Bu addımın səbəbini Rusiya tərəfi Polşa və Bolqarıstanın qazın dəyərini rublla ödəməkdən imtina etmələri ilə əsaslandırıb: onlar ödəniş üçün müəyyən olunan 26 aprel tarixində iş gününün sonunadək aprel ayı üzrə ödənişi reallaşdırmayıblar.

Rusiyanın iki Şərqi Avropa ölkəsinin qaz təchizatını dayandırması xəbəri Avropanın qaz bazarında qiymətlərin 21 faiz artaraq min kubmetr üçün 1300 dollardan yuxarıya qalxmasına səbəb olub.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən 2021-ci ildə Polşaya qaz ixracı əvvəlki illə müqayisədə 9,4 faiz artaraq 10,58 milyard kubmetr təşkil edib. Bolqarıstana isə 2020-ci ildəkindən iki dəfə çox - 3,15 milyard kubmetr qaz satılıb. Polşa qaz istehlakının 50 faizini, Bolqarıstan isə 70 faizini Rusiya qazı ilə təmin edirdi. Hər iki ölkənin “Qazprom”la uzunmüddətli müqaviləsinin vaxtı bu ilin dekabrında bitirdi və hər iki ölkə yeni müqavilə bağlamayacağını keçən ildən bəyan etmişdi. Yəni faktiki olaraq, Rusiya Polşa və Bolqarıstanı 7 ay qabaqlamaqla müqaviləni birtərəfli qaydada pozmuş olur. Polşa məhz bu məqamdan faydalanaraq, “Qazprom”u Beynəlxalq Arbitraja verəcəyini açıqlayıb.

Maraqlıdır ki, Varşavanın Rusiya qazı olmadan təchizatı təmin etmək imkanları yetərincədir. Belə ki, Polşanın Norveçdən ildə 10 milyard kubmetr qaz alacağı “Baltic Pipe” kəməri sentyabrda işə salınacaq. Bundan əlavə, Polşanın 5 milyard kubmetr gücündə maye qaz terminalı var. 2023-cü ilin sonunda başa çatacaq genişləndirmə nəticəsində terminalın gücü 8,3 milyard kubmetrə qədər artırılacaq. Polşa eyni zamanda Qdansk körfəzində 6 milyard kubmetrlik gücü olan üzən maye qaz terminalının yaradılması layihəsinə start verib. Polyaklar maye qaz terminalı potensialı yüksək olan Litvaya qaz kəməri də çəkirlər ki, onun da bu yay istismara verilməsi planlaşdırılır. Buna baxmayaraq, Polşanın məhkəmə yolu ilə Rusiyadan irihəcmli təzminat almaq fürsətini əldən verməyəcəyi gözlənilir.

Bolqarıstanın baş naziri Kiril Petkov hökumətin iclasında Rusiyanın qaz nəqlini dayandırmasını şantaj adlandırıb: ““Qazprom”un qaz nəqlini dayandırması mövcud müqavilənin kobudcasına pozulması və qazın dəyərinin üçüncü şəxslər vasitəsilə rublla ödənməsinə məcbur edilmə üçün şantajdır. Hansı ki, bu ödəmə təchizata və bolqar pullarına heç bir təminat vermir. Biz bu formada reketçiliyə dözməyəcəyik. Bolqarıstan “Qazprom”la müqavilədə nəzərdə tutulan bütün öhdəliklərə, o cümlədən tranzit öhdəliyinə tam olaraq əməl edir. Bu baxımdan, birtərəfli hərəkətlər yolverilməzdir".

Bolqarıstanın baş naziri həmçinin qeyd edib ki, ölkəsi rublla ödənişdən imtina edərkən bu variantı gözə alaraq hazırlıq görübmüş. Onun sözlərinə görə, hökumət zəruri hazırlığı həyata keçirib, alternativ mənbələrdən qaz təchizatı imkanları yaradılıb və Bolqarıstan əhalisinin qaz təchizatında hər hansı fasilə olmayacaq.

Şahdəniz” konsorsiumu Türkiyəyə kommersiya məqsədli qaz nəqlinin  başlandığını elan edib (VİDEO)

Bolqarıstan bu yaydan etibarən Azərbaycan qazını əldə edə biləcək. Bu ölkənin Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TAP kəməri ilə ötürülən qazı əldə etməsi üçün zəruri olan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece - Bulgaria, IGB) tikintisi başa çatmaq üzrədir. “Bulqarqaz” şirkətinin “Şahdəniz” konsorsiumu ilə bağladığı müqaviləyə əsasən Bolqarıstan bu interkonnektorla ildə 1 milyard kubmetr qaz alışına dair müqavilə imzalayıb. Kəmərin 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, Bolqarıstan tərəfinin səthi yanaşması üzündən bu, baş tutmayıb. Ötən ilin payızında “Bulqarqaz” şirkətinin bütün rəhbərliyi istefaya göndərilib, yeni rəhbərliyə İGB-ni ən qısa müddətdə tamamlamaq tapşırılıb. Bu ilin martında Kirill Petkovun verdiyi açıqlamaya əsasən qaz kəməri iyunun sonunda hazır olacaq və sentyabr ayında istismara veriləcək.

IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında tam başa çatacağı gözlənilir. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Kiril Petkov Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə telefon danışığı zamanı “Qazprom”un Bolqarıstanla olan müqaviləni birtərəfli qaydada pozmasının Sofiyanın deyil, Avropa Birliyinin problemi olduğunu, cavabın da Birlik tərəfindən veriləcəyini qeyd edib.

Ursula fon der Lyayen də Rusiyanın addımına sərt reaksiya verib: ““Qazprom”un Avropa Birliyi istehlakçılarının qaz təchizatını birtərəfli qaydada dayandırmasına dair bəyanatı Rusiyanın növbəti dəfə qazdan şantaj aləti kimi istifadə etməsidir. Bu, əsaslandırılmayıb və qəbuledilməzdir. Bu, bir daha Rusiyanın etibarlı qaz təchizatçısı olmadığını ortaya qoyur".

Ursula fon der Lyayen: “Əsas məqsəd Rusiya hakimiyyətinin gəlirlərini  azaltmaqdır” » 7news.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər  və müsahibələrin tək ünvanı

Ursula fon der Lyayen

Xanım Lyayenin sözlərinə görə, Avropa bu ssenariyə hazırdır: “Biz bu ssenariyə hazırıq. Biz bütün üzv dövlətlərlə sıx əlaqədəyik. Biz alternativ təchizatı təmin etmək, Avropa Birliyinin anbarlarının lazımi səviyyədə doldurulması üzərində işləyirik”.

Komissiya rəhbəri bildirib ki, üzv dövlətlər gözlənilməz situasiyalar üçün xüsusi plan hazırlayıblar: “Qaz təchizatı üzrə əlaqələndirmə qrupu müzakirələrə başlayıb. Biz Avropa Birliyinin koordinasiyalı cavabını hazırlayırıq. Həmçinin beynəlxalq tərəfdaşlarla alternativ təchizatı təmin etmək üçün işi davam etdirəcəyik. Mən Avropa və dünya liderləri ilə Avropada enerji təhlükəsizliyinin təmin olunması üçün işləməyə davam edəcəm. Avropalılar tam arxayın olsunlar: biz belə təzyiqlə üzləşən üzv dövlətlərin yanındayıq”.

Onu da qeyd edək ki, Avropa sürətlə qaz anbarlarını doldurmaqla məşğuldur. Martın 19-dan başlayan depolama nəticəsində artıq qitənin anbarları 32 faizə qədər dolub.

Bu ilin əvvəlindən “Qazprom” uzaq xaric adlandırdığı Avropaya qaz nəqlini 26 faiz azaldıb. Dörd ay yarımda bu ölkələrə qaz satışı 44,6 milyard kubmetr təşkil edib. Lakin qazın qiymətlərinin  yüksək olması nəticəsində şirkətin gəlirləri iki dəfəyə yaxın artıb.

Qazprom" bu il qaz ixracını kəskin azaldıb

Rusiyanın TASS agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Avropa Birliyi Polşa və Bolqarıstana çatmayan qaz həcmlərini təmin etmək üçün rublla ödəniş etməyə razılaşan ölkələr üzərindən Rusiyadan qaz alışını xeyli artırmaq qərarına gəlib. Müvəqqəti xarakterli bu addımla yanaşı, Avropa Birliyi yaxın aylarda, yaxud illərdə Rusiyadan qaz alışını minimuma endirmək barədə qərar qəbul edib.

“Bloomberg”in yaydığı məlumata görə, Avropanın azı 10 şirkəti Rusiyanın rubl tələbini qəbul edərək artıq “Qazprombank”da hesab açıblar. Bu şirkətlərin 4-ü artıq rublla ilk ödənişi icra edib.

Rublla ödənişdə problem görməyən şirkətlərdən biri də Almaniyanın “Uniper” konsernidir. Şirkət Rusiyaya qazın pulunu rublla ödəməyə hazırlaşır və bunu Rusiyaya qarşı tətbiq olunan sanksiyaların pozulması kimi qiymətləndirmir. Şirkətin maliyyə direktoru Tiyin Tuemalanın investorlara verdiyi məlumata görə, onlar Almaniya hökuməti ilə danışıqlar aparır, eyni zamanda Avropa Komissiyasının yekun qərarını gözləyir: “Ola bilsin, hadisələrin gedişi mayın sonunda olacaq növbəti ödənişin rublla həyata keçirilməsinə gətirib çıxaracaq”.  Qeyd edək ki, “Uniper” “Şimal Axını-2" qaz kəmərinin iflasından 2 milyard avro itirib.

Onu da qeyd edək ki, Rusiyanın rublla ödəniş tələbini qəbul etməyən ölkələrə nəqli dayandırması prosesinin davam edəcəyi gözlənilir. Mayın əvvəlində daha bir neçə ölkəyə nəqlin dayandırılacağı gözlənilir - “Qazprom” qoyduğu müddət həmin vaxt bitir.

Bu ölkələrdən ən yaxşı vəziyyətdə olanlardan biri Gürcüstandır. Bu ölkənin qaz təminatında Rusiyanın payı cəmi 6 faizdir, onu asanlıqla Azərbaycan qazı ilə əvəz edə bilər. Bundan əlavə, Rusiya qazından cəmi 10 faiz asılı olan Rumıniya, 11 faizlə Niderland da çətinlik çəkməyəcək. Qaz təminatının 24 faizini Rusiya hesabına həyata keçirən Fransa artıq bu ölkədən qaz nəqlinin dayanmasından heç nə itirməyəcəyini elan edib.

Dövlət səviyyəsində rublla ödənişdən imtina edən Sloveniya Rusiya qazından 40 faiz, artıq Rusiyadan qaz alışını dayandıran Litva 41 faiz, Yunanıstan 51 faiz, Avstriya 64 faiz, cəmi 3 həftəlik qaz ehtiyatı qalan Çexiya 66 faiz, Xorvatiya 68 faiz, Slovakiya 70 faiz, Estoniya 79 faiz asılıdır. Estoniya Litva ilə birlikdə artıq Rusiya qazından imtina etdiyini açıqlayıb - Klaypedo limanındakı maye qaz terminalından qaz almağı planlaşdırır. Onlarla eyni addımı atan Litvanın qaz təminatında Rusiyanın payı 93 faizdir. Baltikyanı ölkələrin hamısı maye qaz idxalına ümid edirlər. Asılılığı 94 faiz təşkil edən Finlandiya hələlik heç bir mövqe bildirməyib.

Azərbaycan Avropanın qaz təminatında ən etibarlı tərəfdaşdır - TƏHLİL

Bosniya və Hersoqovina, Şimali Makedoniya və Moldova tamamilə Rusiya qazından asılıdılar.

Beləliklə, Rusiya qaz nəqlini dayandırmaq üçün ilkin mərhələdə ondan daha çox asılı olan, Avropanın nisbətən zəif dövlətlərini seçib. Avropa Birliyi ilk mərhələdən Moskvaya layiqli cavab verməsə, növbəti mərhələdə digər ölkələrin də qazdan məhrum ediləcəyi gözləniləndir. Bu baxımdan, Avropanın Polşanın təklifini qəbul edərək, dərhal Rusiyaya qarşı məhkəmə iddiaları qaldırması və atdığı addıma görə cəzaları nəzərdə tutan qərarın əldə olunması çox vacibdir. Belə qərarlar Rusiyanı növbəti addımlardan çəkinməyə məcbur edəcək. Avropa Birliyi vahid mövqe qoya bilməsə və  cavab ayrı-ayrı ölkələr tərəfindən verilsə, Moskva faktiki olaraq istəyinə çatacaq.

Hazırkı şəraitdə Avropanın Rusiyaya ikinci təsirli addım bu ölkədən neft alışını tamamilə dayandırmaq ola bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR