İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya 10 günə həlledici hücuma keçəcək - Qərb Ukraynanın arxasından çəkilir? - Sensasion iddialar

1576 11.02.2023 11:13 Siyasət A A

Rusiyanın Ukraynaya hərbi təcavüzü bir ilə yaxınlaşır. Amma dağıdıcı müharibənin sonu ilə bağlı hələ ki, yekdil fikir yoxdur. Sözsüz ki, məsələdə ABŞ-ın mövqeyi böyük ölçüdə həlledici olacaq. ABŞ isə...     

“Bloomberg”in məqaləsində deyilir ki, Amerika prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin “qəzəbinə” səbəb olmamaq üçün ABŞ hərbçilərini Ukraynadakı döyüş bölgəsinə göndərməkdən imtina edir.

“The Washington Post” isə Gallup sorğusuna istinadən yazıb ki, ABŞ Konqresində respublikaçıların təxminən yarısı müharibəni dayandırmaq üçün Ukraynanın bir hissəsinin Rusiyaya verilməsinin tərəfdarıdır. Yazıda deyilir: “Ən diqqəti çəkən məqam respublikaçıların münaqişəni dayandırmaq üçün Ukraynanın bir hissəsini Rusiyaya vermək istəyinin artmasıdır. Respublikaçıların 41%-i bununla razılaşıb”.

Məqalədə qeyd edildiyi kimi, respublikaçıların yarıdan çoxu hesab edir ki, Vaşinqton Kiyev üçün “həddən artıq çox şey” edir və Ukraynaya silah tədarükünün əleyhinədir. “Biz Ukrayna ordusunu maliyyələşdirməyi dayandırmalıyıq və nöqtə” - konqresmenlər nəşrə bildiriblər.

Öz növbəsində Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç iddia edib ki, müharibə ukraynalıların gözlədiyi kimi bitməyə, Ukrayna bütün ərazilərini qaytarmaya bilər.

“Qərb belə bir ssenariyə hazırdır. Bu müharibədən çıxış yolu üç ay əvvəl, Xerson əməliyyatının uğurundan sonra bizə göründüyü kimi olmaya bilər. Ona görə yox ki, məkrli amerikalılar silah vermirlər və ya gecikdirirlər. Uğur əldə etmək üçün NATO silahları ilə mükəmməl təlim keçmiş 400 min əsgər lazımdır ki, rusları darmadağın edib əraziləri azad edək. Bizdə bu imkan var? Yox. Gələn il olacaq? Olmayacaq. Təlim-məşq bazası çatmayacaq... Biz cəmiyyət olaraq belə nəticəyə hazır deyilik. Ən xoşagəlməz hal odur ki, Qərbdə də eyni cür düşünürlər və biz tamamilə onlardan asılıyıq. Qərb nə etməlidir? İki Koreyanın ssenarisi - zəmanətlərlə Cənubi Koreya qurmaq”, - deyə, Arestoviç bildirib.

“Ukrayna Rusiya ilə müharibədə məğlub olacaq”.

Bunu isə ABŞ Silahlı Qüvvələrinin veteranı Noktis Dreyven iddia edib.

“Rusiya Ukraynanı işğal edəcək, şübhə etməyin, bununla da məsələ bitəcək. Amma Qərb bunu belə qoymayacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiyanın qələbəsindən sonra Qərb Moskva və Vaşinqton müharibəsinə köklənmiş təbliğatın eskalasiyasını gözləyir. Qeyd edib ki, bu ssenari kütləvi qırğına gətirib çıxaracaq.

Bütün bu neqativ dolu proqnozlar və yazılar nə demək? ABŞ Ukraynanı yarıyoldamı qoyur, arxasındanmı çəkilir? Qərbin nüfuzu bununla darmadağın olmazmı? Bundan sonra onlara hansı ölkə, kim güvənər? Başqa yandan, bu, Ukraynadan çox, kollektiv Qərbin, ABŞ-ın məğlubiyyəti anlamına gələcək. Qərb 2014-cü ildəki səhvini (Krımla bağlı) təkrarlamağamı hazırlaşır? Bəlkə bu bir informasiya savaşıdır? O zaman Qərbdə Rusiyanın xeyrinə müharibə təbliğatı aparan hansı çevrələrdir?

Hərçənd V.Zelenskinin Britaniya və Fransaya son səfəri və səfər zamanı Avropanın 3 aparıcı dövlətinin (Britaniya, Fransa və Alaniya) liderləri ilə görüşü göstərdi ki, Qərb hər halda Kiyevə zəruri dəstəyini əsirgəməyəcək və Rusiyanın klassik anlamda qalib gəlməsinə imkan verməyəcək. Bayden isə bir daha bildirib ki, “ABŞ Ukraynanı nə qədər lazımdır, o qədər dəstəkləyəcək”.

Bəllidir ki, ABŞ Ukraynaya kömək edən əsas dövlətdir. Müharibənin bitməsi naminə Ukraynanın müəyyən ərazisinin Rusiyaya verilməsi elə Putinin qələbəsi demək olardı. O zaman bunca itki və dağıntılara niyə gedilirdi? Ukraynadan yeni ərazi qoparan Rusiya bir müddət sonra heç şübhəsiz, Qazaxıstanın ruslar yaşayan ərazilərini ilhaq etmək istəyəcək. Ondan sonra başqa bir postsovet ölkəsinə növbə çatacaq. Qərbdə sözsüz ki, bütün bunları bilməmiş deyillər.

Əlavə edək ki, “Foreign Policy” nəşri Rusiyanın 10 günə (24 fevraladək) 300 min nəfərlik qüvvə ilə genişmiqyaslı və həlledici hücuma başlayacağını yazıb.

Putin CİA-nin qorxunc "Rusiya planı"na eyham vurdu: Avropa Parlamenti "34  yeni dövləti" anons etdi

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyilənlərlə razılaşmır: “Rusiya-Ukrayna müharibəsinin yaxın müddətdə rusların qələbəsi ilə bitəcəyi fikirlərinə inanmıram. Döyüşlər daha kəskin fazaya keçə də bilər, əlavə ərazilər əldə edilə də bilər və s. Amma bu hələ o demək deyil ki, Rusiyanın qələbəsi baş tutacaq. Qələbənin baş tutması üçün ilk növbədə Ukrayna dövləti və xalqı bununla razılaşmalıdır və bu, hüququ çərçivəyə salınmalıdır. Digər variantlarda müharibə davam edəcək. Ümumiyyətlə, bu müharibənin bitməsi Rusiyanın geri addım atmasından asılıdır ki, rəsmi Moskva buna hələ hazır deyil. Hazır deyilsə, deməli müharibə davam edəcək. Amma nəzərə alınmalıdır ki, qışın ortasında müharibə aparmaq imkanları çox aşağı düşür. Yazda isə əriyən qarın bataqlıqlar yaratması ondan da əlverişsiz şərait yaradır ki, bu da problemdir. Odur ki, hesab edirəm ki, müharibənin daha qızğın dövrü yaydan payıza qədər ola bilər ki, onda da yenə Ukraynanın məğlubiyyəti qəbul edəcəyi ilə bağlı perspektivə inanmıram. Hətta əksinə ola bilər. Bu müddət ərzində Rusiyanın nüvə silahı xaric bütün hərbi potensialına müqavimət göstərən Ukrayna hətta əvvəlki mövqelərini hissə-hissə qaytara da bilər. Bütün bunlar reallıqdır. Amma digər reallıq Qərbin və Amerikanın Ukraynaya dəstəyinin artıb-azalacağı ilə bağlı yarana bilər. Bəziləri deyir ki, ABŞ Ukraynanın arxasından çəkilməklə Ukraynanın böyük bir hissəsinin Rusiya tərəfindən ilhaq ediləcəyinə göz yumacaq, əvəzində hansısa bazarlıqlar olacaq. Bu fikirlərə ümumiyyətlə inanmıram. ABŞ-da ayrı-ayrı siyasətçilərin, konqresmenlərin müharibənin dayandırılmasında marağı ola bilər. Lakin onların fikirləri bir şey həll etmir.

ABŞ Nümayəndələr Palatası ermənipərəst layihəni rədd etdi

Elşən Mustafayev

Baxın, ABŞ-ın Ukraynaya hər sahədə kömək olmasına demokratların demək olar ki, hamısı, respublikaçıların da yarısından çoxu dəstək olurlar. Yerdə qalanların fikirləri bir şey dəyişməyəcək. Ümumiyyətlə, bu müharibədə Ukraynaya ən güclü dəstək verən ABŞ və Böyük Britaniyadır və onların bu dəstəklərini geri çəkəcəkləri ilə bağlı heç işartı belə yoxdur. Əslində bir çox Avropa ölkələri müharibənin bu gün dayanmasında, Rusiya ilə iqtisadi əlaqələrin yenidən bərpa olunmasında çox maraqlıdır. Məhz ABŞ-ın tutduğu mövqe onların maraqlarının həyata keçməsinə imkan vermir. O səbəbdən istər sanksiyalar məsələsində, istərsə də, silah göndərilməsində ABŞ-ın təkliflərinə razılaşmağa məcburdurlar. Onların fikirlərinin dəyişəcəyi isə indiki məqamda inandırıcı deyil Hazırda Ukraynaya yeni silah tədarükünün edildiyi bir vaxtda belə fikirlərin müzakirəyə çıxarılması bu müharibədən milyardlar itirən bir çox qüvvələrin marağındadır. Belə fikirlər Ukrayna ordusu rəhbərliyinin, zabit və əsgər heyətinin döyüş ruhuna mənfi təsir etmək məqsədilə yayılır. Eyni zamanda, Ukrayna daxilində belə fikirlərin əksinə olan daha pozitiv notlara söykənən təbliğat gedir və insanlarda ümid və inamı artırır. Hesab edirəm ki, Zelenskinin müharibə başlayandan bəri ilk dəfə olaraq Qərbə səfər etməsi, Avropanın 3 böyük dövlətinin Almaniya, Fransa, Böyük Britaniyanın hökumət və dövlət başçıları ilə görüşməsi böyük hadisə kimi qəbul edilməlidir. Britaniyanın qeyri-rəsmi ABŞ-ı təmsil etdiyini nəzərə alsaq, deyə bilərəm ki, bu səfər Ukraynanın müharibəni yeni fazaya, xüsusilə, hücum fazasına keçirməklə bağlı fikir mübadilələrinin aparılmasına xidmət edir. Rusiya rəsmilərinin bu səfərdən çox narahat olması da göz qabağındadır. Onlar artıq əmindirlər ki, bu günlərdə Ukraynaya uzaq məsafələri hədəfləyə bilən raketlərin, hava hücumundan müdafiə sistemlərinin və digər texnikaların verilməsi reallaşa bilər. Bu səbəbdən neçə gündür, xüsusilə, Böyük Britaniyanı hədəfə alıblar.

Düşünürəm ki, Rusiyanın Ukrayna üzərində tezliklə qələbə çalması perspektivini söyləyənlər yanılırlar. Eyni zamanda, ABŞ və Qərbin Ukraynanın arxasından çəkiləcəyi, yaxud onu qurban verəcəyi ilə bağlı deyilənlərə də inanmıram. Çünki Qərb və ABŞ bu addımı atsa, postsovet respublikalarının hamısı onu etibarsız tərəfdaş kimi qəbul edəcək və Rusiya ilə əlaqələrini daha da inkişaf etdirməyə məcbur qalacaq. Yəni Qərb və ABŞ regionda nüfuzu olmayan bir güc halına düşəcək. Digər tərəfdən, bu müharibədə hamının öz marağı olduğu gün kimi aydındır. Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək, ABŞ Rusiyanı zəiflətməklə geri çəkilməyə məcbur edib Avropada yalnız özünün güc mərkəzi olmasını təsdiq etmək istəyir. Avropa isə güclünün yanında olmağa məcburdur.

Bu gün artıq məlumdur ki, rəsmi Moskvanın dediyi kimi, Avropa soyuqdan donmadı, Rusiya qazının böyük bir həcmindən imtina etsə də, alternativ mənbələrdən onun yerini doldurmağa çalışdı. Belə görünür ki, bunun öhdəsindən gələ bilirlər. Bir azdan qaza ehtiyac azalandan sonra daha rahat olacaq və növbəti qış üçün isə Rusiya qazından tam imtina olunacaq. Yəni proseslərin başında gedən ABŞ bir ilöncədən fərqli olaraq özü üçün daha əlverişli şaraiti yaradıbsa, Qərbi demək olar bütünlüklə öz ətrafında birləşdirə bilibsə və ən əsası Rusiyanı bu müddət ərzində ciddi şəkildə zəiflədibsə nədən geri çəkilsin?"

Türkiyənin Qarabağdakı “gözü” - Monitorinq Mərkəzinin 2 ili: ümid  doğruldumu...

Rövşən Məhərrəmov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov da fərqli fikirdə deyil: “Son zamanlar Rusiyanın təbliğat maşını çox yüksək səviyyədə işə düşüb. Demək olar ki, bu təbliğat maşını həm Rusiyanın özündə, həm də ölkədən kənarda öz işini görür və bəzi çaşdırıcı məlumatlar yaymaqla məşğuldur. Bir sıra Ukrayna ekspertlərinə qulaq asıram. İzlədiyim zaman məlum olur ki, Ukrayna heç də zəifləmir. Bilirsiniz ki, hazırda Ukraynanın üç hərbi korpusu formalaşır. Bu korpusun hər biri 20 minə yaxın şəxsi heyətə malikdir. Bunun sayı bəlkə də daha çoxdur. Bu korpuslar həm də NATO standartlarına tam uyğun şəkildə formalaşdırılır. Onların hazırlıq səviyyəsi rus ordusunun hazırlıq səviyyəsindən qat-qat yüksəkdir. Baxmayaraq ki, ruslarda kifayət qədər silah-sursat, texnika var. Amma Ukrayna öz ərazisində müharibə aparır və məğlub olmaq niyyəti də yoxdur. Bəzi mətbu orqanlarda belə xəbərlər yayılır ki, guya ruslar qalib gələcək. Təbii ki, bu daha çox Rusiyada fəaliyyət göstərən, bir də Ukraynanın daxilində ruspərəstlərin təsiri altında olan mətbuat orqanlarında işıqlandırılır. Hətta Ukraynanın tam şəkildə ilhaq ediləcəyi də deyilir. Bu isə heç bir halda doğru ola bilməz. Britaniya hökuməti hər zaman olduğu kimi, indi də hər addımbaşı Ukraynaya dəstək olur. Ukrayna kimi Avropanın ən böyük ölkəsini itirmək istəmirlər. Bəllidir ki, Ukraynanı ən çox silahlarla təmin edən ölkə Amerikadır. Almaniya, Fransa və Avropanın bəzi ölkələri də Ukraynanı son zamanlar silahlarla təmin edirlər. Tək Rusiya deyil, Ukrayna da əks hücuma hazırlaşır. Qarşıda böyük müharibə gözlənilir. Bir iki variant irəli sürülüb. Medvedevin dili ilə Koreya variantı Rusiya tərəfindən ortalığa atılıb - Cənubi və Şimalı Koreya. Hətta Medvedev bildirdi ki, orada məsələ fərqlidir, Krım, ilhaq edilmiş Donetsk və Luqansk Rusiya qanunları ilə rus əraziləridir. Bununla da Ukrayna tərəfi barışmaq fikrində deyil. Verilən açıqlamalarda bu tam şəkildə özünü ifadə edir. Son günlər isə döyüşlərin intensivliyi artıb. Bu döyüşlər zamanı Rusiya ordusu da xeyli itkilər verir. Son vaxtlar Amerika, İngiltərə və NATO-nun digər dövlətlərindən xeyli sayda Ukrayna tərəfi silah-sursatla təmin olunsa da, onun hələ çox hissəsindən istifadə etmirlər. Çünki onlar da hazırlıq səviyyəsini qaldırırlar. Rusiya mif məlumatlarla nəsə əldə etmək istəyir. Bu həm də insanları arasında ruh yüksəkliyini artırmaq məqsədi daşıyır. Rusiya daxilindəki problemlər də durmadan artmaqdadır. İnsanların narazılığı artır. Xeyli sayda ölülər və yaralılar var, hər iki tərəfdə. İstənilən halda Amerika başda olmaqla Avropa ölkələri heç bir halda Ukrayna tərəfinin məğlub olmasına imkan verməzlər. Rusiya sadəcə öz imperiya təfəkkürü ilə bəzi ölkələrə hədə-qorxu gəlmək istəyir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR