İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus turistlər Bakını, yoxsa İrəvanı seçəcəklər?

1096 16.03.2022 08:10 Gündəm A A

Şimal qonşumuzun əhalisinin Ermənistana  üstünlük verməsi səbəbsiz deyil

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü bu ölkədə aviadaşımalarla yanaşı, turizm sahəsini də çökdürüb. Rusiya turoperatorlarının son günlər xarici ölkələrə turlar bronlaması on dəfələrlə azalıb. Turizm şirkətlərindən bildiriblər ki, indi əsasən yaxın xarici ölkələrə turlar bron edirlər. Bu, qondarma Abxaziya, Ermənistan və Türkiyədir.

Ruslar hazırda turizm səfərlərini düşünmək halında olmasalar da, şimal qonşumuzun əhalisinin Ermənistana üz tutması qəribədir. İqtisadi cəhətdən geridə qalan ölkənin turizminin inkişafı haqda danışmaq absurd kimi görünür. Bəs müharibə bitəndən sonra Azərbaycanın Rusiyadan gələ biləcək turistləri qarşılamaq potensialı varmı? Buna hazırlaşmaq lazımdırmı?

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzündən, hətta pandemiyadan da öncə rus turistlər ən azı Azərbaycanın və Avropa turizm bazarının önəmli seqmentlərindən biri olub: “2019-cu ildə müxtəlif rəqəmlər səsləndirilirdi, amma ən azı 30 milyona yaxın rus turisti müxtəlif ölkələrdə turist səfərlərində olmuşdu. Doğrudur, ən çox üz tutduqları ölkələr sırasında Türkiyə və Misir önə çıxırdı. Lakin pandemiyadan öncəki dövrdə Avropa ölkələrinə 9 milyona yaxın rus turist gedirdi.

Təbii ki, Rusiyada iqtisadi vəziyyət getdikcə çətinləşdikcə və iqtisadi problemlər artdıqca, dolanışıq ağırlaşdıqca, rublun da dəyərini bura əlavə etsək, insanların prioritetləri dəyişir. Yəni istirahət, səfər, turizm üçün ayırdıqları vəsaiti daha çox ərzağa və gündəlik tələbat məhsullarına yönəltməyə məcbur qalır. Bu anlamda təbiidir ki, Rusiyadan dünyaya turizm axını kəskin şəkildə azalacaq. Bura təyyarə və reyslərin olmaması və yaxud uçuş çətinlikləri də əlavə edilib. Hətta uçuş çətinlikləri olmasaydı belə, sosial-iqtisadi vəziyyətin ağırlaşması rusiyalıların davranışlarına təsir göstərəcəkdi".

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » YeniSözçü qəzeti

Natiq Cəfərli

Ekspert qeyd edib ki, indidən müharibədən sonrakı dövrü təsəvvür etmək çox çətindir: “Çünki düşünmürəm ki, hətta Rusiya-Ukrayna arasında atəşkəs imzalanıb, müəyyən müqavilələr bağlansa belə, bu həmən sanksiyaların aradan qaldırılmasına, Rusiyadakı iqtisadi vəziyyətin düzəlməsinə səbəb olacaq. Yəni bunu düşünmürəm, əvvəlki vəziyyəti almaq üçün illər lazım gələcək. Bu baxımdan, Azərbaycanın turizm bazarı seqment və hədəf olaraq bəlkə də bir qədər dəyişdirilməlidir. Təkcə Rusiya və postsovet turizminə və yaxud ərəb yarımadasına deyil, daha çox Avropa və Asiya, Çin, Yaponiya turistlərinə açılmalıdır. Bunun üçün isə həmin ölkələr ilə birinci növbədə vizaların tamamilə ləğv edilməsi, vizasız gediş-gəlişin təmin olunması üçün şəraitin yaradılması, uçuşların ucuzlaşdırılması məsələsidir ki, bu da Azərbaycana AZAL-ın inhisarçılığına son qoya biləcək xarici şirkətlərin birbaşa buraxılması ilə bağlıdır. Yəni bu addımlar atılsa,  Azərbaycanın turizm bazarında müəyyən inkişafa nail olmaq olar”.

Natiq Cəfərli Rusiya əhalisinin Ermənistana üz tutmasına da münasibət bildirib: “Rusiya turistlərinin İrəvana getməsinin səbəbləri var. Ermənistan Gömrük İttifaqına üzvü olduğuna görə Rusiyanın daxili bank kartları oradakı banklarda işləyir. Bildiyiniz kimi, hazırda xarici ölkələrdə Rusiyanın buraxdığı ”Viza" və “Master kart”ları işləmir.

Beləliklə, rus kartları ilə Ermənistanda banklarda pul çıxartmaq və yaxud pul köçürmək mümkündür. Daha bir məsələ, orada mənzil və hotellərin qiymətləri də bir qədər ucuzdur. Ona görə də rus turistlər daha çox Ermənistana üz tutmağa çalışır".

Müzəffər Ağakərimov: "Hər şey daxil”dir sistemi ləğv olunsa, uğurlu addım  olmaz"

Müzəffər Ağakərimov 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə qeyd etdi ki, Rusiya turistləri hər zaman Azərbaycana maraq göstəriblər və indi də göstərəcəklər: “Təbii ki, dünyada baş verən hadisələrlə əlaqədar Rusiya turistləri Azərbaycana gələ bilər. Ölkəmizin də artıq turistləri qarşılamaq, onlara xidmət göstərmək təcrübəsi var. Yəni bura həm Bakı, Abşeron yarımadası, həm də bölgələrimiz daxildir. Ona görə də rus turistlərinin Azərbaycana gəlməsi daha məqsədəuyğundur. Lakin çox sadə şəkildə deyə bilmərik ki, Rusiya turistləri Avropaya getmədiyi üçün məhz Azərbaycana gələcəklər.  Əlbəttə ki, rus turistləri Avropaya gedə bilməyəcəksə, Şərqə gedəcək, eləcə də Türkiyəyə üz tutacaqlar. Bundan əlavə, Rusiya turistlərinin artıq  iqtisadi problemləri var, belə ki, rus rublu xeyli aşağı düşüb, dolların məzənnəsi qalxıb. Bütün bunları nəzərə almaq lazımdır.  İndidən birbaşa dəqiq proqnoz vermək çətindir. Bu proqnozu biz ancaq Rusiya-Ukrayna arasında müharibə bitdikdən sonra deyə bilərik. İndi isə hələlik bilmirik ki, vəziyyət necə olacaq. Buna  baxmayaraq, Azərbaycan hər zaman turistləri qəbul etmək üçün hazır olmalıdır. Onu da qeyd edim ki, biz hər bir vəziyyətdə çevik hərəkət etməyi bacarırıq. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləndə biz xeyli sayda turistləri qəbul etdik, Olimpiya mərkəzi də açdıq və sairə. İndi də biznesmenlər, iş adamları görsələr ki, rus turistlər yenidən gəlir, onlar yeni hotellərin inşasına start verəcək. Hətta elə obyektlər var ki, onlar hotelə çevriləcək. Bildiyiniz kimi, indi bir çox obyektlər əvvəllər biznes mərkəzi olub, sonradan hotelə çevrilib. Yəni turist qəbul etməkdə problem yoxdur”.

Xalidə GƏRAY,
“Yeni Müsavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR