İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus aşiqəsinin “georgi lenti”

2431 07.05.2022 16:41 Yazarlar A A

 

Günümüzü yenə rus sevdalılarının dəftər-kitaba sığmayan sevgi nümayişi ilə açdıq. Zaman-zaman az qala “Putinə də qurban olum, onun ordusuna da” deyən “politoloq”ları, siyasətçiləri görürük ekranlardan. Amma bu dəfə vəziyyət başqadır. Bakıdakı 164 nömrəli orta məktəbdə SSRİ-nin təbliğatı gedib. Bununla bağlı araşdırmaçı jurnalist Samir Feyruzov məlumat yayıb.

Jurnalist qeyd edib: “Foto bu gün (dünən-red) 164 nömrəli orta məktəbdə çəkilib. 9 may Qələbə gününün bu şəkildə qeyd olunmasına nə ehtiyac var!? Hazırda Rusiya mediası Kremlin sifarişi ilə II Dünya Müharibəsindəki qələbəni mənsimsəyir, xüsusilə azərbaycanlıların rolunu heçə endirir. Müharibədə 300 min azərbaycanlı həlak olub. Gec-tez Rusiya Azərbaycana da təcavüz etməyə çalışacaq. Biz indidən bu təcavüzə ideoloji zəmin hazırlayırıq!? Belə bir məqamda övladlarımızın başına rus beretkası, yaxasına Qələbə bantı vurmaq nə deməkdir!? Hələ arxalarındakı SSRİ bayraqlarını demirəm. Hazırda işğalçı Rusiya ordusu Ukraynaya bu "Qələbə bantları" ilə daxil olur.
Araşdırsınlar görək, 164 saylı məktəb rus beretkalarını, bantları necə hazırlatdırıb, yaxud SSRİ simvollarını haradan alıb...”

WhatsApp Image 2022-05-07 at 17.06.20.jpeg (28 KB)

Jurnalistin yazdığının nöqtə-vergülünə qədər qatılır, altına da imzamı qoyuram. Sadəcə məni heyrətləndirən nədir? Yerli kanalları boş verin, bütün dünya mətbuatı, yer-göy bağırır ki, Rusiya işğalçıdır, 9 mayda bu işğalçılığını parad formasında bir daha elan edəcək. 72 gündür ki, Ukraynanın daşını daş üstündə qoymur rus ordusu, girdikləri yerlərdə, Xersonda, Mariopolda insan qətlləri ilə yanaşı, rus əsgərlərinin uşaq-qadınlara təcavüz, evləri qəsb etmə hekayələri göz yaşları ilə nəql edilir. Müharibədə öldürülən ukraynalı uşaqların sayı 300-ə çatır… Rusların 80 faizi bütün bu vəhşətlərə baxmayaraq, Putini dəstəkləyir… Yenə sayım? Sayım… Rus sülhməramlılarının gözü qabağında Qarabağda erməni səngər qazır. Mötəbər BMT tribunasından rus rəsmiləri Azərbaycanı nüvə silahı hazırlamaqda ittiham edir, Rusiya Dumasının deputatları ard-arda Azərbaycanı təhdid edir. Biri deyir, Bakını partladarıq, o biri deyir, xəritədən silərik… Yeri gəlmişkən, son bir ayda ölkədə baş verən yanğın, partlayış hadisələrini də heç kim xəfifə almasın. Hələ bu harasıdır? Paşinyan sülh sazişi imzalamaq istəyir, Putin Moksvaya çağırıb, qulağını burur ki, “olmaz, tələsmə”. Üstəgəl, Azərbaycana da barmaq silkələyir ki, başımızın qarışıq olduğu bir vaxtda Fərruxda etdiklərinizi unutmamışıq, bunu xatırladacağıq.

Qəzet oxumursuz, sayt izləmirsiz, televizora baxmırsız, xanımlar və cənablar? Qürurunuza, milli heysiyyatınıza toxunmur bütün baş verənlər? Bu ölkədə Təhsil Nazirliyi varsa, niyə bu direktorla bağlı bir açıqlama verilmir? Nədi, Emin Əmrullayev vaxtilə məktəblərdəki rüşvətə “bizim vaxtımızda da vardı” deyib haqq qazandırdığı kimi, indi bu direktorun Rusiya sevdasına da “sevgi müqəddəsdi, toxunulmazdı, bizim vaxtımızda da 9 may tədbiri vardı” deyib don geyindirəcək? Nədir bizim bu məktəb direktorlarından çəkdiyimiz? Təhsil vermirsiz, tərbiyə vermirsiz. İşiniz-gücünüz pul yığımı, fond pulu, bayram pulu, uşaqları individual məşğələlərə cəlb etmə dərdi…. Bir tərəfdən də aldığınız tapşırıq əsasında rus sevdalısı yetişdirir, kiçicik beyinləri bu formada yuyursuz?

Heç kim bizə “9 may bizim də bayramımızdır, bizim də babalarımız Böyük Vətən Müharibəsində həlak olub” nağılını danışmasın. Rusiya o bayramı nəinki özününküləşdirib, həmçinin onu Ukraynanın işğalı ilə bağlı yeni bir status da qazandırıb. Üstəgəl, tədbirdə uşaqların yaxalarına Rusiyanın işğal simvolu sayılan “Georgi lenti”ni asmağa məcbur edilməsi də diqqətdən qaçmasın. Bunun adı dövlətə xəyanət deyil, nədir? Mənə bu direktorun verəcəyi açıqlama çox maraqlıdır. Öz aləmlərində balans yaratdıqlarını iddia edəcəklər? Gələcəkdə Rusiyaya “bizim ölkəmizdə də sizi sevənlər çoxdur” demək üçün bəhanə? Uşaq nağılı danışmağa gərək yoxdu. Arada tarix kitabı da oxuyun, ayıbdı axı…


Əli uşaq qanına batan, dünyanın “qatil” deyə bağırdığı Rusiya və onun hakimiyyətini ölkəmizdə bu qədər sevən varsa, sərhədlər açıqdır. Bir biletlik canları var – təyyarəyə minib gedə bilərlər. Amma o məsum, təmiz uşaq beyinlərini kirlətdikləri üçün cavab verəcəklər. Həm də ən qısa zamanda! Bu uşaqları savadsızlıq girdabına yuvarladıq, dinmədik. Özümüz pul töküb oxutduq uşaqlarımızı. Hədiyyə istədiz, verdik. Pul yığdız, səsimizi çıxarmadıq. Amma körpə beyinləri zibil yeşiyinə çevirmənizə icazə verməyəcəyik. O qədər asan deyil…

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR